İMANDAN EHSANA MUSA ƏFƏNDİ

İMANDAN EHSANA MUSA ƏFƏNDİ

     Möminin daima ilahi müşahidə altında olduğunu idrak etməsi və bu halın qəlbdə sabitləşməsi mənasına gələn ehsan duyğusu eyni zamanda hər hansı bir iş və davranışın ən mükəmməl ölçülər daxilində ifa edilməsidir.

     1999-cu ilin 16 iyulunda ilahi rəhmətə uğurladığımız Musa Əfəndi –quddisə sirruh- həzrətlərinin həyat tərzi və üslubu, bəşəri münasibətləri və davranışları baxımından da bir-birindən müstəsna bir nəzakət, zəriflik və lətafət misallarıyla dolu idi. Yəni onun həyatı xülasə olaraq “ehsan” üzrə idi.

     O dərəcədə idi ki, hətta zarafat edərkən də Allahın müşahidəsi altında olduğunu əsla unutmazdı və bu idrakını zədələməməyə çalışardı. Onun bu gözəl rəftarı hər zaman ətrafındakılara ehsan duyğusunu xatırladardı.

     O böyük şəxs “imandan ehsana” doğru olan üslub və möhtəvanı bütün əməllərində və sözlərində kamil surətdə reallaşdırmaq əzmində idi. Onun mütəvazi həyatı bu davranış zərafət və mükəmməlliyinin zəmanəmizdəki ən kamil nümunələrindən biri idi. O, söz və davranışları ilə daim işıq saçan və istilik verən bir günəş kimi ətrafına bu təlqinin feyz və bərəkətini yayardı.

     Yaxından və ya uzaqdan onunla az-çox münasibəti olan hər kəsə müstəsna bir feyz qaynağı olan o Haqq dostunun kainatdakı ilahi nizamın gərəyi olan ahəngin pozulmasından könlü bizar olardı. Görə bildiyi nöqsan və əskikliyi aradan qaldırmaq xüsusunda dərin bir diqqət və həssaslıqla hərəkət edərdi. Məsələn, divardakı bir lövhənin əyri dayanmasından və ya bir səccadənin təsadüfi sərilməsindən belə narahat olardı. Ya onu kiməsə düzəltdirər və ya şəxsən öz əlləriylə düzəldərdi. Bir məclisdə və ya söhbətdə otağının intizamsız olması, gələnlərin necəgəldi oturması və ya qapının ağzında yığışmaları onun diqqətindən uzaq qalmaz, zövqi-səlimini narahat edərdi.

     Haqq dostlarının davranışdakı mükəmməllik və zərifliyini bu ayeyi-kərimələr necə də gözəl izah edir:

     “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər”. (əl-Furqan, 63-64)

     Bu ayeyi-kərimələr və bunların ardından gələn digər ayələrdə Haqq-Təala əməlisaleh möminlərin xüsusiyyətlərini səkkiz sifətlə xülasə edir:

     1. Yer üzündə yerişləri və hərəkət tərzləri mülayimdir; təkəbbür və lovğalıqdan uzaq, təvazö və təmkin içindədir. Ətraflarındakılara qarşı mərhəmətli və dözümlü biri olaraq güvən və hüzur verərlər. (Bax. əl-Furqan, 63)

     2. Gecələri ibadətlə əhya edərlər. Yatıb-qalxmaları daima Allah üçün olar. (Bax. əl-Furqan, 64)

     3. Belə dua edərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!”. (Bax. əl-Furqan, 65)

     4. Xərclədikləri zaman nə israf, nə də xəsislik edərlər; ikisi arasında orta bir yol tutarlar. (Bax. əl-Furqan, 67)

     5. Allahdan başqa bir ilaha yalvarmazlar. Allahın haram etdiyi cana haqsız yerə qıymazlar və zina etməzlər. (Bax. əl-Furqan, 68)

     6. Yalan yerə şahidlik etməzlər; gərəksiz bir şeylə qarşılaşdıqda təmkinlə (oradan) keçib güdərlər. (Bax. əl-Furqan, 72)

     7. Özlərinə Rəblərinin ayələri xatırladıldığı vaxt, kor və kar, yəni duyğusuz və hissiyyatsız davranmazlar. (Bax. əl-Furqan, 73)

     8. Allaha: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” deyə dua edərək, ailə üzvlərinin və nəsillərinin dünya və axirətdə üz ağardacaq bir iman, irfan və əxlaq içində olmasını, bu yolda yetişmələrini tələb edərlər. Özləri üçün arzuları da təqvada ən öndə olmaqdan ibarətdir. (Bax. əl-Furqan, 74)

     Allah-Təala bu cür saleh insanların mükafatını belə xəbər verir:

     “Məhz belələri səbir etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.” (əl-Furqan, 75)

     Qəlb bəşəri və təsəvvüfi təmrinlərlərlə yanaşı Allahın lütf və kərəmiylə təsfiyə edilə-edilə, yolun sonunda elə bir hala çatar ki, sahibini surət olaraq insan saxamaqla birlikdə sirətən sanki mələk dərəcəsinə yüksəldər. Bu halda olanlardan bəziləri fəzadakı sonsuz ulduzlardan hər hansı biri kimi öz aləmlərində və ətrafa qarşı tam bir məhviyyət (gizlilik) içində yaşayarlar. Belələri tanına bilməz. Necə ki, hədisi-qüdsi olduğu rəvayət edilən bir hədisdə:

     “Vəlilərim qübbələrimin altındadır; onları Məndən başqa heç kim tanıya bilməz”. (Əbdürrəhman Cami, Nəfəxatul-Üns, s. 45) bəyanı da bu zümrə haqqındadır.

     Haqq dostlarının bəziləri isə öhdələrinə verilmiş irşad vəzifələri səbəbiylə -müəyyən ölçüdə- tanınar və öz zamanlarından gələcəyə doğru bir hidayət məşəli olaraq, bəşəri həyatda xidmətlərini davam etdirmək üçün davamlılıq sirindən nəsib alarlar. Hadisələrin pərdə arxasında olan sirr, hikmət və ilahi muradı qavrayarlar. Bundan ötrü hikmətə vaqif olmanın hüzur və sükunəti ilə yaşayarlar. Onlar təlaş və narahatlıq kimi bir çox bəşəri zəiflikdən qorunmuşlar.

     Onlar üçün artıq “əbəs” yoxdur. “Yaradılmışı xoş gör Yaradandan ötrü” düsturuyla başlayan mənəvi tərəqqidə hikmətə etibar ilə aləmin tamamını ibrət, məhəbbət və heyrət hissləriylə seyrə başlayarlar.

     Bütün bu ülvi hal və sifətləri ömrünün sonuna qədər həyatında seyr etdiyimiz Musa Əfəndinin davranışlarındakı nəzakət və zərafət mükəmməlliyinin bir təzahürü də gündəlik həyatın axışı içində Rəbbimizin hər məxluquna mərhəmət və məhəbbətlə nəzər etməsi idi. Onun mərhəməti o dərəcədə idi ki, ətrafındakı pişikləri, hətta bağçası üzərindən uçan göyərçinləri, ehsan və lütfləri ilə bu geniş mərhəmətindən nəsibləndirərdi.

     Mərhum Allah dostunun ruhuna bir Fatihə… 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz