HACI ƏLLƏDİN DƏMİROV / BÜTÜN ŞEYLƏRİ YIĞSAN BİR HƏDİSƏ DƏYMƏZ
İrfan: Əvvəlcə özünüz haqda qısa məlumat verin zəhmət olmasa.
Hacı Ələddin: 1951-ci il may ayının 13-də dünyaya gəlmişəm. Dindar ailədə anadan olmuşam. 13 rəqəminin nəhs olduğunu deyirlər. Mənim üçün çox gözəl rəqəmdir. Çünki 1996-cı ildə aprel ayının 13-də 13 nömrəli avtobusla Həcc ziyarətinə getmişəm. Atam-anam çox dindar olublar. Mən atamı görməmişəm. Anamdan soruşardım ki, sən Quran oxumağı hardan öyrənmisən. Deyərdi ki, o vaxt, təxminən 1905-1907-ci illərdə türklər gələrdilər, kənddə ev kirayələyərdilər, bəzən çadır qurardılar və burada dini təbliğ edərdilər. Kişilər gündüzlər işdə-gücdə olduqları üçün onların kişiləri gecələr bizim kişilərə, qadınlar da gündüzlər qız uşaqlarına, qadınlara dərs deyərdilər. Anam da Quran oxumağı onlardan öyrənmişdi. Ölən günə qədər Yasin surəsini əzbər oxuyurdu.
İrfan: Yenidən uşaqlıq illərinə qayıtsanız nə edərdiniz?
Hacı Ələddin: Uşaqlıq dövrümdən ta dinə-imana gələnə qədərki günə qədər Allahdan qafil qaldığım günlərə yanaram, tövbə edərəm. Uşaqlıq və gənclik illərini yaşadığımız dövr elə bir dövr idi ki, demək olar ki, onda içki içməyən yox idi. Hətta yadımdadır, toyda bir dəfə təxminən 60-65 yaşlı bir ağsaqqala içki təklif etdilər. Ya iynə vurdururam dedi, ya da ki, isti sudan gəlmişəm dedi. Deməli, bunlar olmasaydı, ağsaqqal belə içkini sevə-sevə içəcəkdi. Yəni Allah qorxusu yox idi. O dövrün belə bəlaları məndən də yan keçməmişdi. İstər-istəməz bu bəlalar mənə də bulaşmışdı.
İrfan: Bəs necə oldu ki, o yaşayışı tərk edib ibadətə gəldiniz?
Hacı Ələddin: 1978-ci il idi. Yatdım, yuxumda gördüm ki, vəziyyətim yaxşı deyil, içkiliyəm, bir suyun qırağında yatmışam. Bir də gördüm ağsaqqal, nurani bir kişi gəldi. Görürəm ki, bulağın yanındayam, bulağın üstündə də dolça var, ancaq mənim taqətim yoxdur ki, durub su içəm. Dedim ay ağsaqqal, o sudan ver, bir az içim. Kişi də dolçanı bir xeyli yaxaladı, sonra doldurdu, mənə uzatdı və elə o anda mənə baxıb dedi ki, “sən içkilisən?” Dedim “hə”. Dedi ki, “yox, mən içkili adama su vermərəm! De ki, bundan sonra içməyəcəyəm, sənə su verim.” Mən də ona dedim ki, “ay rəhmətliyin oğlu, su ehsanlıqdı, verirsən ver, vermirsən vermə.” Bir də gördüm ki, kişi suyu yerə tökdü və dolçanı da bulağın üstünə qoyub getdi. O anda yuxudan ayıldım və dərhal öz-özümə “gəl-gəl” dedim.
Bir dəfə də 1989-cu ildə, cümə axşamı günü, dekabr ayının səhv etmirəmsə 21-i gecəsi idi. Yerimdə uzanmışdım, yatmamışdım, ancaq yarıyuxulu idim. Bir də gördüm ki, həmin ağsaqqal gəldi, dedi ki, “ay bala, adama nə qədər deyərlər, səni bir də bu evə gətirmərəm, qurtar bu işı.” Baxdım bu kişiyə, öz-özümə fikirləşdim ki, deməli, məni bura gətirilər, mən özbaşıma deyiləm, məni idarə edən varmış. Bir də gördüm ki, evin qapısı açıldı və örtüldü. Yerimdən qalxdım, dərhal qapıdan çölə çıxdım. Həyətdəkilərdən soruşdum ki, o kişini görmədiniz? Dedilər ki, nə kişi, hansı kişini deyirsən? Dedim, bu evdən çıxan kişini. Dedilər ki, səni qara basır, bu evdən heç kim çıxmayıb. Dedim ki, qara basırsa da, ancaq çox xeyirli qara basır. Həmin gündən içkinin nöqtəsini qoydum. Heç qırx gün keçmədi ki, namaza başladım.
Sonralar 1999-cu ildə əlimə bir jurnal keçdi, Altınoluk jurnalı. Açıb baxanda gördüm ki, 1978 və 1989-cu illərdə mənim yuxumda gördüyüm həımin o ağsaqqalın şəkli var o jurnalda. Bu şəxs, Musa Topbaş Əfəndi idi. Sonralar bu yuxumu Türkiyədən gələn bir elm adamına danışanda dedi ki, “desənə, onlar bizdən qabaq gəliblər buralara!”
İrfan: Ananızla bağlı hansı xatirələri danışmaq istəyərdiniz?
Hacı Ələddin: Atam 1957-ci ildə rəhmətə gedib. Anam 1994-cü ildə 102 yaşında vəfat edib. Mən anamla həm ana-bala olmuşam, həm qardaş-bacı. Anam xalça toxuyardı. Onu satıb dolanırdıq. Ölən günə qədər öz-özünü idarə edə bilirdi. Anam deyərdi ki, “bala adam nə qədər abırına-həyasına hörmət edərsə, Allah onu kiminsə əlinə verməz.” Mən indi çox sevinirəm ki, anamın sağlığında namaza başladım, namaz qılmağımı o gördü. Mən anamdan o qədər dua almışam ki... Anam nə deyirdisə, “baş üstə, anam” deyə cavab verirdim.
İrfan: Siz də xalça toxuya bilirsiniz?
Hacı Ələddin: Toxuyuram. Hələ o vaxt anamın toxuduğu xalçaların sxemlərini də mən çəkirdim. Orta məktəbdə oxuyanda 6 il məktəbin rəssamı olmuşam. 1969-cu ildə Şamaxıda 5 saylı orta məktəbi bitirmişəm. Uşaqlıqda ədəbiyyata böyük marağım olub. Məktəb illərində təxminən 600-ə yaxın şeiri əzbər bilirdim.
İndi düşünürəm ki, Allahın ayələri, Peyğəmbərin hədisləri olan yerdə 1000 bənd şeir boş şeydir. Bir Fatihə surəsini dərk etmək minlərlə şeirdən üstündür. Bütün şeirləri yığsan, Peyğəmbərimizin 1 dənə hədisinə dəyməz.
42 il sürücülük etmişəm. Bir müddət ticarətlə məşğul olmuşam. İnanın, ticarət mənim üçün böyük sınaq olub. Hər gün sanki şeytanın nəfəsini qulağımda hiss edirdim. Deyirdi ki, “bu nədir, sən hər kiloqramdan bir ədəd qəndi əskik çəksən, bir kisədə gör nə qədər qazanc əldə edərsən.” Mən də sanki onun acığına hər kiloqramda bir-iki qənd artıq atırdım. İndi də tikinti materiallarının satışı ilə məşğul oluram. Eyni zamanda arıçılıqla məşğulam. İki övladım var.
İrfan: Hacı, övlad tərbiyəsi ilə bağlı valideynlərə nələri tövsiyə edərdiniz?
Hacı Ələddin: Heç bir valideyn istəməz ki, övladı pis olsun. Mən o vaxt rayonda Quran kursu açılan kimi övladlarımın ikisini də göndərdim ora. Övlad tərbiyəsində valideynlərin üzərinə çox böyük yük düşür. Unutmayaq, heç olmaz ki, sən Allahdan nə isə istəyəsən, Allah onu sənə verməsin. Bu baxımdan hər bir valideyn övladının doğru yolda olması üçün ilk növbədə dua etməlidir. Bu gün mənim bu yolda olmağım heç şübhə yoxdur ki, anamın duasının bərəkəti ilədir. Şəxsən mən övladlarımın imanlı olmasını Allahdan istəmişəm, şükür Allaha bu gün övladlarım mənim istədiyim kimi doğru yoldadılar. Ailəmdən, gəlinlərimdən də çox razıyam. Bugünkü cavanlardan da çox razıyam. Bu gün məscidlərə gedirsən, baxırsan ki, məscid gənclərlə doludur. Bu, məni çox sevindirir. Bu günə qədər bir yaşlı adam “bizim gənclərə öyüd-nəsihət ver” deməyib. İnanın, cavan-cavan uşaqlar mənə deyirlər ki, hacı, dua elə, bizim də valideynlərimiz namaz qılsın, doğru yola gəlsinlər. Bu, gənclərin qəlbindəki Allah sevgisini, dinə bağlılığı göstərir. Mən də imanlı gənclərlə çox ünsiyyətdə olduğum üçün özümü çox gənc hiss edirəm.
İrfan: Cəmiyyətimizdə ən çox nədən narazısınız?
Hacı Ələddin: Xeyir-şər məclislərində həddindən artıq israfçılıqla qarşılaşırıq. Nə toy, nə də yas məclislərinin bu gün İslamla heç bir əlaqəsi yoxdur. Yas məclisləri, mağarlar gördükdə mən o yerlərə dini təbliğat, Quran məclisləri kimi baxıram. Ancaq təəssüflər olsun ki, bu gün o mağarlara siqaret tüstüsündən girmək olmur. Danışılanlara qulaq asmamaqla, oxunan Quranı dinləməməklə əksər insanlar yas məclislərində ədəbsizlik edirlər.
İrfan: Təşəkkür edirik!
Hacı Ələddin: Mən də xalqımızı maarifləndirdiyiniz üçün sizə təşəkkür edirəm!
ŞƏRHLƏR