RAMAZAN VƏ ORUC

RAMAZAN VƏ ORUC

     Mübarək üç aylar, mübarək gecələr, Rəcəb, Şaban, rəqaib, merac, bəraət gecəsi deyərkən artıq Ramazan ayı da yaxınlaşmaq üzərədir. Artıq Ramazanın qoxusu daha yaxından hiss olunmaqda, hər birimiz oruc, təravih və on bir ayın sultanı olan Ramazani-Şərifə qovuşmağın həsrəti içərisində, qəlblərimiz zövq və həyəcanla döyünməkdədir. Ramazan ayı başdan-başa rəhmət, bərəkət və məğfirət ayıdır.

      Ramazan hidayət rəhbərimiz Qurani-Kərimin nazil olmağa başladığı fəzilətli bir aydır. Ramazan içində Qədir gecəsi kimi min aydan daha xeyirli bir gecənin olduğu aydır. Ramazan günahların əfv edildiyi, şeytanların zincirə vurulduğu mübarək bir aydır. Ramazan, səbr ayıdır, orucun tutulduğu, gecəsində də təravehlərin qılındığı ibadət, bərəkət və feyz ayıdır. İlahi rəhmətin aşıb-daşdığı bir aydır. Cənnət qapılarının açıldığı, cəhənnəm qapılarının da bağlandığı bir aydır. Ramazan ayı elə bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəm əzabından qurtulmaqdır.

     Bu və bunlardan başqa bir çox gözəlliyə sahib olan Ramazan ayının ən əhəmiyyətli xüsusiyyətlərindən biri də əlbəttə ki, oruc ibadətidir.

     Hicri təqvimin 2-ci, miladi 624-cü ildə müsəlmanlara fərz qılınan Oruc, lüğətdə; bir şeydən uzaq durmaq, bir şeyə qarşı özünü qorumaq deməkdir. Dini termin olaraq; oruc, tutmağa gücü və yaşı çatan kimsələrin niyyət edərək, dan yerinin ağarmasından etibarən günəş batana qədər orucu pozan şeylərdən (yeyib-içmə və cinsi əlaqədən) qorunmaq deməkdir.

     Hamıya məlumdur ki, oruc ibadətinin maddi və mənəvi bir çox hikmətləri və faydaları vardır.

     Oruc vücuda səhhət və sağlamlıq verir. On bir ay heç istirahət etmədən işləyən, yorulan insan bədəni, xüsusilə də mədə və həzm orqanları bu ayda istirahət edir. Bilindiyi kimi bəzi xəstəliklər normadan artıq, çox yeməkdən dolayı əmələ gəlməkdədir, az və ölçülü yemək isə sağlamlıq cəhətdən çox əhəmiyyətlidir. Buna görə də Əziz Peyğəmbərimiz (s.ə.s): “Oruc tutun ki, sağlam olasınız” -deyə buyurur.

     Oruc gündüzü və gecəsi ilə savabın bol olduğu bir aydır. Orucun fəzilət və savabı haqqında Peyğəmbərimizdən çoxlu hədisi-şərif gəlmişdir. Bunlardan bir neçəsi ilə tanış olaq: “Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari). “İnsanın hər əməlinə qat-qat savab verilir. Bir yaxşılıq on qatından yeddi yüz qatına qədər artır. Allah-Təala, “Amma oruc başqadır. O mənin üçündür. Mükafatını da mən verərəm. Oruclu yeməyini və şəhvətini mənim üçün tərk edir” buyurmuşdur.” (Buxari vəs.). “Oruclu üçün iki sevinc anı vardır: biri iftar etdiyi zamankı sevinci; digəri də orucunun savabıyla Rəbbinə qovuşduğu andır.” (Buxari). “Allah rizası üçün bir gün oruc tutan kimsəni Allah-Təala bu bir günlük oruc səbəbilə cəhənnəm atəşindən yetmiş il uzaq tutar.”

     Oxunan yazılardan və hədislərdən anlaşıldığı kimi oruc tutarkən çəkinməmiz gərəkən əsas şərt, yemə-içmə və şəhvət duyğularından uzaq durmaqdır. Oruc tutan bir insan, səhərdən axşama qədər boğazından keçəcək, orucun pozulmasına səbəb olacaq (yemək, içmək, siqaret çəkmək və.s kimi) hər davranışdan qorunmalıdır. Və qarşılığında qazanacağı savabı da xüsusi olaraq Allah-Təala verəcəkdir. Bu oruc borcumuzun yerinə gəlməsi üçün diqqət ediləcək xüsuslardır. Ancaq oruc tutarkən bundan başqa da diqqət etməmiz gərəkən çox əhəmiyyətli xüsuslar vardır. Oruc nəfsi tərbiyə və səbr məktəbidir. Peyğəmbərimiz: “Oruc səbrin yarısıdır” (Tirmizi) buyurur. İnsanı davamlı olaraq pisliyə və günaha çəkməyə çalışan nəfs, orucla sakitləşir və harama qarşı istəyi qırılır. Oruclu ikən diqqət edilməsi gərəkən və kamil bir oruc səviyyəsi qazandıran xüsuslardan biri, boğazımızdan keçənlərə diqqət etdiyimiz kimi, ağzımızdan çıxanlara da -yəni oruclu olarkən danışıqlarımıza da diqqət etməmiz gərəkməkdədir. Çünki yalnız mədəni ac buraxmaqla kamil bir oruc tutulmuş olmaz. Məqbul bir oruc, bədəndəki bütün üzvləri haram və şübhəlilərdən qoruyaraq nəfsi tərbiyə etməkdir.

     Tutacağımız oruclarımızın pozulmamasına necə diqqət edəcəyiksə, orucumuzun mənəvi tərəfinə, yəni savab və fəzilətini qoruya bilmək üçün də o qədər diqqətli və həssas yanaşmalıyıq. Yəni oruclu ikən ağzımıza bir şey girməməsinə necə diqqət ediləcəksə, ağzımızdan çıxan hər sözə də o qədər diqqət etməliyik. Hz. Peyğəmbərimiz bu barədə buyurur ki: “Oruc qalxandır. Heç biriniz oruc tutduğu gün pis (çirkin) söz danışmasın və başqası ilə savaşmasın (mübahisə etməsin). Əgər biri ona söyər və ya söz atarsa: `Mən orucluyam` desin.” Başqa bir hədisdə: “Kim yalan danışmağı və yalançılıqla iş görməyi tərk etməzsə, Allah o kimsənin yeyib-içməyi tərk etməsinə qiymət verməz.” (Buxari).

     Gördüyümüz kimi oruc tutarkən sadəcə ac qalmaq şərt deyil, həm də dilimizi və qəlbimizi də qorumalıyıq. Etdiyimiz hər ibadət Uca Rəbbimizə ərz olunduğu üçün bu ibadətimiz də üz ağımızla, saf və pak şəkildə Rəbbimizə ərz olunacaq bir ibadət olmalıdır. Oruc insanı Allaha yaxınlaşdıran bir ibadətdir. Qeybət, yalan, söyüş və ağızdan çıxa biləcək, insanı günaha batıracaq hər hansı çirkin, kobud bir söz, orucun feyzini və savabını, axirət qazancını itirəcək davranışlardır. Ona görə oruclu ağzımzı kirlətməmək lazımdır. Unutmayaq; söylənən hər söz qeydə alınır və qiyamətdə qarşımıza çıxacaqdır. Oruclu ikən hər hansı pis sözü danışan və ya başqalarının qeybətini edən birinin orucunun mənəvi olaraq pozulduğunu, yəni savabının getməsinə səbəb olduğunu Peyğəmbərimiz  (s.ə.s) xəbər verməkdədir. Ən azından bu ayda yaşantımıza və həyatımıza diqqət edək, dilimiz qəlblərə batan bir tikan deyil, rəhmət saçan bir dil olsun. Son olaraq oxuyacağım bu hədisi-şərifə də çox diqqət edək: “Elə oruc tutanlar vardır ki, orucundan ona quru bir aclıqdan başqa bir şey qalmaz! Gecələri neçə (təraveh və təhəccüd) namazı qılanlar vardır ki, namazlarından onlara qalan yalnız yuxusuzluqdur”. (İbni Macə)                           

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz