QƏLƏM SURƏSİ

QƏLƏM SURƏSİ

Nun və ya Qələm surəsi Məkkədə Əlaq surəsindən sonra enən ikinci surədir. Surə, bu üç əsas mövzunu ələ alır:

a-Peyğəmbərlik və Məkkə kafirlərinin Hz. Muhammədin (s.ə.s) dəvəti mövzusunda yaymağa çalışdıqları şübhələr.

b-Allahın nemətlərinə qarşı nankorluğun nəticəsini açıqlamaq məqsədiylə qeyd edilən “Bağ sahibləri” nin hekayəsi.

c-Axirətin çətin və dəhşətli halları, Allahın müsəlman və kafirlər üçün hazırladığı şeylər.

Lakin bu mübarək surənin üzərində dayandığı əsas mövzu Hz. Muhammədin (s.ə.s) peyğəmbərliyinin sübutudur.

Bu mübarək surə Rəsulullahın (s.ə.s) qədrinin ucalığına, şərəfinə və müşriklərin Onun əleyhinə söylədiklərindən  uzaq olduğuna dair andla başlayır. Onun uca əxlaq və xüsusiyyətlərini izah edir: “Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən! Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (Qələm, 1-4)

Sonra surə kafirlərin, Rəsulullahın (s.ə.s.) dəvəti qarşısındakı vəziyyətlərini və Allahın onlar üçün hazırlamış olduğu hesab və cəzanı ələ alır: “Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər!) (Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana; Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya” (Qələm, 9-13) Təfsirçilər belə deyirlər: Bu ayələr Vəlid b. Muğirə haqqında enmişdir. Vəlid Qüreyşdən olmayıb onlar arasında bir əsli-nəsəbi bilinməyən biri idi. Daha əvvəl atası bilinmirdi, 18 il sonra bir nəfər onu övladlığa götürmüş və onun soyunu özünə bağlamışdı. Rəvayətə görə bu ayə nazil olduqda Vəlid gəlib anasına dedi: “Muhamməd məndən doqquz sifətlə bəhs etdi. Bunların hamısı məndə var, bilirəm. Ancaq doqquzuncusunu, yəni əsli bilinməyən olduğumu bilmirəm. Mənə doğrunu söyləməsən, boynunu qılıncla vuraram. Anası dedi: Atan iqtidarsız, qadınlarla yaxın ola bilməyən biri idi. Onun mal-dövləti  üçün narahat oldum və özümü bir çobana təslim etdim. Sən o çobanın oğlusan. Bu ayə enənə qədər bu həqiqət bilinmirdi.

Surənin sonundakı iki ayə 51 və 52-ci ayələr “nəzər, göz dəyməsi” haqqındadır. Məkkəli kafirlər Peyğəmbərimizi (s.ə.s) gözləri ilə öldürmək istəyirdilər. İbn Kəsir belə deyir: Bu ayədə nəzərin və təsirinin, Allahın izni ilə haqq olduğuna dəlil vardır. “Qədərin önünə keçəcək bir şey olsaydı, onu göz keçərdi" (Əhməd b. Hənbəl, Müsnəd 6/438; Müslim, Salam 42, Tirmizi, Tibb, 17,19.) hədisi də buna dəlildir. Rəvayətə görə bu ayələri oxuyana Allahın izni ilə göz dəyməz.

Uca Allah surəyə Peyğəmbərimizin (s.ə.s) ucalığını qeyd edərək başladığı kimi, Quranın ucalığını qeyd edərək, bitirmişdir ki, başlanğıc ilə sonluq ən gözəl giriş və ən gözəl nəticə ilə bir-birinə uyğun olsun.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz