TƏQVA ƏMANƏTİ
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Şübhəsiz bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onu Ruhuləmin (Cəbrayıl) endirdi. Qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə sənin qəlbinə (nazil etdi).” (Şüəra, 192-194)
İlahi əxlaqın qəlblərdə əks-səda doğuracaq dolğun təbiəti ilə əxlaqlanan və bu əxlaqın qəlblərdə yaşanması və kamilləşməsi naminə göndərilən Hz. Məhəmmədin (s.ə.s) aləmlərə ərz etmiş olduğu qulluq dərsləri əhli-beyt və səhabə toplumunda özünün ən zirvə nöqtəsində yaşanmış gerçək bir iman və irfan reallığına çevrilmişdir. “Sabah-axşam Rəbbinin adını an.” (İnsan, 25) buyuran Rəbbimizin əmrinə əmsalsız ibadəti ilə səs verən və “Rəbbinin adını an və bütün mənliyinlə Ona yönəl.” (Müzzəmmil, 8) əmri ilahisinin məzmununa bütün varlığını fəda edən Allah Rəsulunun Rəbbinə qulluğu hərarəti sönmək bilməyən bir çırağa çevrilərək qəlbləri bu gün də isitməkdə davam edir: “Ey iman edənlər! Allah və Rəsuluna itaət edin və (Quranı) eşitdiyiniz halda ondan üz çevirməyin.” (Ənfal, 20) ilahi kəlamının öhdəsində olan Adəm övladlarının mahiyyətində kamil bir iman şüuruna yüksəlməsi üçün bütün varlığı ilə çalışması və buna müvəffəq olması Peyğəmbər iradəsinin ilahi yardımla dəstəklənən qüvvətini bütün aləmlərə ərz edən bir göstərici olmuşdur. Yetişdirmiş olduğu şanlı səhabəsindən sadəcə birisinin, məsələn, Sad bin Muazın son anlarını ümmətinə anladan Allah Rəsulu qulluq libasına bürünmüş insanların Rəbbimizin nəzdində nə qədər qiymətli olduğunu yaddaşlara həkk etdirə bilmişdir: “Sad bin Muazın vəfatına görə Rəhmanın ərşi sarsıldı.”
Əsri-səadət nəslinin daşıdığı təqva ruhu bu şəkildə mükəmməl idi. Bu ruhun həqiqətinə nüfuz etmək, onu anlamaq və yaşamaq yalnız və yalnız onu yaşayanların ali həyat düsturlarını yaxından qavramaqla mümkündür. Mövlana Cəlaləddin Rumunin açıqlamaları səhabə toplumunun bizə ərmağan etdiyi təqva əmanətinin dəyərini anlamağa yönələn bir bəxtəvərlikdir. Özünə məxsus incə bir üslubda böyük həqiqətləri insan şüuruna diqqətlə nəqş edən Mövlana həzrətləri belə buyurur:
“Gəl, gəl, daha yaxın gəl. Bu yol kəsicilik nə zamana qədər sürüb gedəcək? Madam ki, sən mənsən, mən də sənəm, artıq bu mənlik, sənlik nədir? Biz Haqqın nuruyuq, aynasıyıq. Bu halda öz-özümüzlə, bir-birimizlə nə üçün çəkişib durmalıyıq? Bir aydınlıq başqa bir aydınlıqdan niyə belə qaçmalıdır? Biz hamımız, bütün insanlar tək bir vücud halında kamil bir insanın varlığında toplanmış kimiyik. Lakin nədən belə dəymədüşərik? Eyni vücudun bir üzvü olduğumuz halda nədən zənginlər kasıbları aşağı görürlər? Eyni vücudda olan sağ əl nə üçün özünün sol əlini aşağı görür? Hər ikisi madam ki, sənin əlindir, eyni bədəndə uğurlu nə demək, uğursuz nə deməkdir? Bizim hamımız, bütün insanlar həqiqətdə bir cövhərdir. Ağlımız da bir, başımız da. Fəqət müəyyən səbəblərəgörə biri iki olaraq görürük. Haydı, bu mənlikdən qurtul, hər kəslə anlaş, hər kəslə xoş keçin. Sən özlüyündə qaldıqca bir zərrəsən. Fəqət hər kəslə birləşdin, qaynaşdınsa, artıq bir dənizsən. Bütün insanlarda eyni ruh vardır. Fəqət bədənlər yüz minlərlədir. Dünyada çeşidli dillər, çeşidli lüğətlər var. Fəqət hamısının da anlamı birdir. Çeşidli qablara tökülən sular qabları qırılınca birləşir, bir axarlar. Tövhidin nə demək olduğunu anlayıb birliyinə nail olsan, könüldən sözü və mənasız düşüncələri söküb atarsan. Can məna gözü açıq olanlara xəbər göndərir, onlara gerçəkləri söylərlər.” (Divani Kəbir, VI, 3020)
Mövlana həzrətlərinin əsrlərlə süzülüb gələn qulluq həqiqətlərinin sözsüz incəliklərinə, xüsusən də insan müəmmasına, insan sirrinə qəlblərə təsir edəcək bir lətafətlə aydınlıq gətirməsi, səhabə nəslinin təqva qəhrəmanlıqlarını daha dərindən anlamağa şərait yaradır. Bunun təsdiqi olaraq Mövlana həzrətlərinin izlədiyimiz möhtəşəm ifadələrinin işığında Rəsulullahın və onun şahlı səhabəsinin təqva dərinliyini əhatəli şəkildə hiss etmək mümkündür: Rəvayətə görə bir gün Hz. Əbu Bəkr, Ömər, Osman, Əli, Fatimə və Aişə (Allah onlardan razı olsun) Allah Rəsulunun yanında ikən Rəsulullah şiddətlə ağlamağa başladı. Hz. Əbu Bəkr: “Atam-anam sənə fəda olsun, ya Rəsulallah, nə üçün ağlayırsan? -dedi. Rəulullah: Necə ağlamayım ki, ümmətimin önündə uzun bir yol var. Boyunlarında da ağır yük. Çətin bir məsafədə böyük-böyük günahları daşımaları da... -buyurdu. Hz. Əbu Bəkr: “-Narahat olma, ya Rəsulallah! Sabah qiyamətdə ümmətinin günahlarının yarısını alaram ki, günahları yüngülləşsin.” Digər bir rəvayətdə isə Rəsulullah Əbu Bəkrdən nəyi düşündüyünü soruşmuş, o isə belə cavab vermişdir: “Ya Rəsulallah! Düşünürəm ki, uca Allah bədənimi elə bir ölçüdə böyüdüb cəhənnəmə yerləşdirsin ki, bu hesabla Rəbbim heç bir mömini orada yandırmasın.” Hz. Əbu Bəkrin söylədiyi bu sözlərinin zahiri və batini dərinliyini Mövlana həzrətlərinin: “Qablara tökülən sular qablar qırıldıqdan sonra birləşir, birlikdə axarlar. Biz hamımız, bütün insanlar tək bir vücud halında kamil bir insanın vücudunda toplanmış kimiyik.” -deyə buyurduğu mənaları incələməklə daha gözəl anlamaq mümkündür. Ümmətin günahlarını varlığında öz günahı kimi dəyərləndirərək qiyamətə kimi gələcək sayı hesabı bilinməyən bir toplumun sevinci və kədəri ilə bütünləşmək yalnız və yalnız ümmətinin bağışlanması üçün Rəbbinə yalvaran və ümmətinin əfv edilməsi üçün duasını, şəfaətini axirət səhnədinə saxlayan Rəsulullahın Əbu Bəkrə, Ömərə, Osmana, Əliyə və neçə-neçə şanlı səhabəsinə və onların yolunu bu günümüzdə də davam etdirən Allah dostlarına yaraşan əxlaqıdır. Əslində bu davranışları ilə onlar bizə daşınması olduqca çətin və məsuliyyətli olan bir təqva həqiqətini əmanət etmişlər. Rəsulullahın Vida Xütbəsində səsləndirdiyi məqamlar təqva həqiqətini anlamağa yardım edəcək və onu insan şəxsiyyətinin ayrılmaz parçasına çevrilməsinə səbəb olacaq dəvəti özündə daşıyır: “Ey insanlar! Allah yanında ən qiymətli olanınız Ona qarşı ən çox təqva sahibi olanınızdır. Ərəbin ərəb olmayanlardan təqva ölçüsündən başqa bir üstünlüyü yoxdur.”
ŞƏRHLƏR