BİR AYƏ

BİR AYƏ

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə!..(əl-İsra, 23)

Uca Yaradan insanlara sonsuz sayda nemətlər vermişdir. Məxluqatın ən şərəflisi hesab edilən insanın dünyaya gəliş səbəbi olan “Ona ibadət etmək”lə bərabər bu nemətlərin şükrünü əda etməsi birinci vəzifəsidir. İnsana bəxş olunan nemətlər arasında elələri var ki, onlar olmadan da dünya işlərini müəyyən ölçüdə tənzim etmək mümkün olur. Yalnız eləsi də var ki, sadəcə maddi olaraq deyil, mənəvi olaraq var olduqlarının bilinməsi belə insana güc, qüvvət, mətanət və inam bəxş edir. Yuxarıda qeyd olunan ayə bizə bu həqiqəti çatdırır. Bu ayənin diqqət cəlb edici cəhəti odur ki, Uca Yaradan özünə ibadət etməyi və valideynə qarşı yaxşılıq etməyi bir məqamda qeyd etmişdir.

Allah özündən başqa bir ilaha ibadət edilməməsini Qurani-Kərimdə bir çox yerdə əmr edir. Təfsir alimləri belə deyirlər: Uca Allah ata-ananın övlad üzərindəki böyük haqlarını izah etmək üçün onlara yaxşılıq etməyi özünə ibadət etməklə eyni məqamda açıqladı. Çünkü ata-ana insanın varlığının və həyatının görünən səbəbidir. Valideynin uşağına yaxşılığı və qayğısı o dərəcədə çoxdur ki, övladının da eyni şəkildə onlara qayğı göstərməsini vacib olaraq görür. Xüsusilə də valideynlərdən biri və ya hər ikisi yaşlandığı zaman onlarla yaxşı rəftar edilməsini insana əmr buyurur. Ata-ana yaşlılıq zamanında daha zəif olduqları və haqq və vəzifələrini icra edərkən müəyyən çətinliklərə məruz qaldığına görə Allah “qocaldıqları zaman” ifadəsini xüsusilə işlətdi və onlara baxma, qayğı göstərmə məsuliyyətinin övladlarının boynunda olduğunu açıqca zikr etdi. Ata-anaya “uff” kəliməsi kimi bezginlik ifadə edən hər hansı bir tərzdə cavab verilməməsi tələb olunur. Ayədə keçən “uff” kəlməsi sıxıntı və darlıq ifadə edir. İbn Ərəbi belə izah edir: “Uff kəlməsi torpaq və kül tökülən yeri təmizləmək üçün üfürərkən meydana gələn səsi ifadə edir. Daha sonra ərəblər bu kəlmənin mənasını genişləndirdilər və xoşa gəlməyən hər məsələdə söylənən bir kəlmə kimi formalaşdı.” Bəlkə də bu kəlmə insandan tələb olunan bir şeyə qarşı mənfi cavab verilərkən istifadə edilən ən bəsit bir tərz ifadə etmişdir ki, Uca Allah onu belə qadağan edir. Burada bir məqama diqqət yetirmək lazımdır ki, fiqhi cəhətdən də övladın valideyninə biganə rəftar etməsi qadağan edilmiş və onlara “ehsan etmək” yəni xoş və gözəl davranmaq əmr olunmuşdur.

Sözün əsl mənasında ata-ana sevgisini hər bir müsəlman qəlbində yaşatmaqla birlikdə ən əsası odur ki, bu sevgini əməli ilə onlara göstərə bilsin. Bu bir vəzifə və haqdır. Allah ata-analarımıza və o cümlədən bir insan kimi yetişdirilməmizdə və formalaşmamızda böyük əməyi olan insanlara dünya və axirət səadəti bəxş etsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz