AĞAC YAŞ İKƏN ƏYİLƏR
Heç birimiz mükəmməl deyilik, amma çox vaxt başqalarından, xüsusilə də uşaqlarımızdan mükəmməl olmalarını gözləyirik. Halbuki “yaxşı övlad yetişdirməyin birinci şərti yaxşı valideyn olmaqdır”. Burada uşaq tərbiyəsi ilə bağlı gözardı edilən bəzi həqiqətləri diqqətinizə çatdırmağa çalışacağıq.
Uşaqlar davamlı olaraq böyüyür və inkişaf edirlər. Öz uşağınız da olsa, sizdən fərqli bir şəxsiyyət sərgiləyərlər. Onu tanımağa və başa düşməyə çalışın.
Uşağınız həyatı təcrübə və sınaqla öyrənir. Ona ayaq uydurmaqda çətinlik çəkə bilərsiniz. Onları oyunda, dost-yoldaş seçimində və məşğuliyyətlərində sərbəst buraxın. Hər yerdə və hər zaman üstündə titrəməyin. Hələ balacadır deyib, ərköyün böyütməyin. O zaman uşağınız daim uşaq qalmaq istəyər. Davranışları uşaqca olar.
İstədiyi hər şeyi istənilən vaxt əldə edə bilməyəcəyini onlara öyrədin. Yerli-yersiz söz verməyin. Verdiyiniz sözü tuta bilməsəniz sizə olan etibarları zədələnər. Uşağınıza qarşı qətiyyətli və qərarlı olmaqdan çəkinməyin. Həddi aşdığını gördüyünüz zaman önünə sərhəd qoyun. Qoyduğunuz qayda-qanunların “ailə qanunu” olduğunu təlqin edin. Çünki tamamən sərbəst olduqda nə edəcəklərini bilməzlər. ona qarşı qərarsız olmayın. Çünki onlar sizin qərarsızlığınızdan istifadə edər və yanlış addımlar ata bilərlər.
Uşağınıza elə hey nəsihət verməyin. Onlar nəsihətinizdən çox davranışlarınızdan təsirlənirlər. səhv etməkdən qorxmayın, çünki uşaqlar bunları tez unudur. Bir-birinizə qarşı sevgi və hörməti qoruyun. Aradakı sevgi və hörmətin azaldığlnı görmələri onlara çox pis təsir edər və nəticə yaxşı olmaz.
Çox danlamayın və qışqırmayın. Çünki onlar yüksək səslə deyilənləri o qədər də eşitməzlər. Mülayim və qətiyyətli sözlər onlarda daya yaxşı nəticə doğurur. “Mən sənin yaşında ikən…” kimi sözlərə əsla qulaq asmazlar. Onları özünüzlə bir tutmayın, olduqları kimi qəbul edin. Xəta payı verin. Kiçik səhvlərini böyük bir cinayətmiş kimi başına qaxmayın.
Qorxudaraq, günahkar duyğusu aşılayaraq bezdirməyin. Dəcəlliklərinə görə onları pis əxlaqlı işaq kimi mühakimə etməyin. Səhv hərəkətlərini düzəldin. Cəza verməzdən əvvəl mütləq dediklərini dinləyin. Günahından böyük cəzalar verməyin.
Onu dinləyin. Çünki öyrənməyə ən münasib vaxtı sual verdiyi anlardır. İzahlarınız qısa və konkret olsun. Verdiyiniz cavablar düz olsun. Sual vermə həvəsini öldürməyin və ciddi cavablar verin. Onları qabiliyyətlərini aşan işlərə məcbur etməyin, bacara biləcəkləri işlərə istiqamətləndirin. Ona güvəndiyinizi büruzə verin, dəstəkləyin və əməyinə qiymət verin. Onu başqalarıyla müqayisə etməyin ki, ümidsizliyə düşməsin. Yaşından artıq kamillik gözləməyin.
Hər şeyi bir dəfəyə öyrətməyə çalışmayın. Öyrənməsi üçün vaxt verin. Dürüst olmadıqda çox da üstünə getməyin. Onu yalan danışmağa vadar etməyin. Sizi çox yorsa da təmkininizi pozmayın. Ona hirslənə bilərsiniz, amma əsla alçaltmayın. Yoxsa o da sizi başqalarının yanında çətin vəziyyətdə qoya bilər.
Uşağınıza qarşı haqsızlıq etdiyinizi öyrəndikdə bunu ona açıqlamaqdan çəkinməyin. Bu açıqlamalarınız sizi ona daha da yaxınlaşdırır. Bunu zəiflik kimi görməyin və sui-istifadə edəcəyindən qorxmayın.
Unutmayın ki, uşağınız sizi olduğunuzdan daha yaxşı görür. Özünüzü qüsursuz və əlçatmaz göstərməyə çalışmayın. Ondan nümunə olmasını gözləməyin, çünki o sizdən qüsursuz olmanızı gözləmir. Şəfqətli və anlayışlı olmağa çalışın.
Uşağınıza zorla yemək yedirməyə çalışmayın. Yemək yedirərkən rahat olun və alternativ olaraq sağlamlığa zərərsiz qidalar təqdim edin. O özü bunlar arasında seçimini edəcəkdir. Uşağınızın iştahını açın. Yediyindən əmin olduğunuz yemək çeşidlərini mütləq süfrəyə qoyun. Yemək vaxtından əvvəl çərəz kimi qidalarla iştahını küsdürməyin. Yemək vaxtı gəldikdə ac olmalıdır. Yeməklər görünüş etibarilə iştahaçan olmalıdır. Şirniyyatı (şokoladı, konfeti…) yemək qarşısında rüşvət kimi təklif etməyin. Belə etsəniz, şirniyyatın yeməkdən daha daldı olduğunu düşünməzlər. Yeməklər arasında seçim edə bilərlər. Hərəyə bir yemək bişirməyin, onun sevmədiyi yeməkləri yeniləri ilə qarışdırın. Çalışın ki, yemək saatları bütün ailə üzvlərinin məmnun qaldığı bir zamana düşsün.
Uşaqlar öz aralarında dalaşa bilərlər. Bir-biri ilə dalaşmalarının qarşısını ala bilməzsiniz, amma bunu minimum azaltmaq sizin əlinizdədir. Əsasən günün müəyyən saatlarında və müəyyən hallarda dalaşarlar. Nə üstündə dalaşdıqlarını öyrənmək üçün ailənizi diqqətlə müşahidə edin və problemləri həll etməyə çalışın. Uşaqlarınız dalaşdığı zaman hakimlik etməyin, “kim başladı” kimi suallarla mübahisənin içinə girməyin. Onlara mübahisələri bitirmə məsuliyyəti verin. Otaqdan çıxın, onların sizdən istifadə etməsinə izin verməyin. Lakin vəziyyətin həddən artıq böyüdüyünü gördükdə araya girin. Unutmayın ki, nə qədər hadisənin xaricində qalsanız, onlar öz aralarındakı anlaşılmazlıqları həll etmək məsələsində bir o qədər yaradıcı olacaqlar. Uşaqlara bir-birlərinə sevgilərini necə göstərəcəklərini öyrədin.
Bəzən uşaqlarınız şiddət və qəzəb duyğusuna qapıla bilərlər. Buna mane ola bilməzsiniz. Amma şiddət davranışlarına əngəl ola bilərsiniz. Bunun üçün ətrafdakılarla əlaqələrində şiddət hərəkətlərinə meyil etmələrini əngəlləyəcək qaydalar qoyun və bunları qətiyyətlə həyata keçirin. Şiddət duyğularını məhv etməyin, hisslərini sizə anlatmalarına fürsət verin. Bununla onları sakitləşdirməyə çalışın. Bu, gizli şiddət və nifrət hisslərinin inkişafını əngəlləyər.
ŞƏRHLƏR