BİDƏTLƏ MÜBARİZƏ

BİDƏTLƏ MÜBARİZƏ

 Sünnətin diqqətlə qorunmasını istəyən və Hicri 1000-ci ildə yaşayan İmam Rəbbani  d.1563 (H.971)  (rəh.ə) bidətlərə qarşı mübarizə etməyi dilə gətirərkən belə deyir: “ Ən bəxtiyar müsəlman  odur ki, İslamın və müsəlmanların qərib kimi olduğu bir vaxtda tərk edilmiş və unudulmuş sünnələrdən birini əhya edib, yayılmış bidətlərdən birini yox edib ortadan qaldırsın. İndi elə bir zamandır ki, Rəsulullah (s.ə.s)-in göndərilməsindən min il keçmiş, qiyamət əlamətləri bir-bir çıxmağa başlamışdır. Rəsulullahın (s.ə.s) Səadət Əsrindən uzaqlaşdıqca sünnələr pərdələnmiş, bidətlər yalan xəstəliyinin çoxalması ilə çoxalmışdır. İndi elə bir müsəlmanlığa ehtiyac var ki, sünnələri əhya etsin, bidət və xurafatları ortadan qaldırmağa səy göstərsin. Çünki bidət və xurafatların rəğbət görməsi dinin saflığına xələl gətirər. (Məktubat, 1, səh; 34-35)

Şatibi kimi bidəti-seyyiə (çirkin) və həsənə (xoş, gözəl) kimi sinifləndirməyə qarşı çıxan İmam Rəbbani bu fikrə etirazını bildirərək belə deyir: “Keçmiş alimlər bəlkə də bidətlərdə hər hansı bir gözəl tərəf görüblər ki, bəzi bidətləri seyyiə və həsənə formasında sinifləndiriblər. Fəqət mən fəqir, bu məsələdə onların fikirlərinə şərik deyiləm. Bidətlərdən heç birinə “həsənə” deyə bilmərəm. Bidətlərdə zülmət və qaranlıqdan başqa bir şey görmürəm. Çünki Rəsulullah (s.ə.s) “Bütün bidətlər zəlalətdir” buyurmuşdur. İslamın zəif və qərib olduğu bir zamanda nicat ancaq sünnəyə möhkəm yapışmaqda, fəlakət isə necə olursa-olsun bidət və xurafatlara uymaqdadır. Sonradan çıxan hər şey bidət və hər bidət zəlalətdirsə, necə olur ki, bir bidət gözəl olsun? Hədislərdə buyurulduğu kimi: “Sonrdan icad edilən hər bidət bir sünnəni ortadan qaldırmaqdadır.”  Bu da bəzi bidətlərlə məhdud deyildir. Hər biri çirkindir. Hassan ibni Sabitdən (r.a) belə bir hədis rəvayət edilmişdir; “Bir toplum dinlərində bir bidət icad edərsə, Allah-Təala sünnələrdən bir sünnəni çəkib çıxarar, onlardan uzaqlaşdırar və qiyamətə qədər geri verməz.” (Məktubat, 1, səh. 160)

Lakin İmam Rəbbani sünnənin üstünə kölgə salacaq hər-hansı bir bidətə icazə verməməklə birlikdə “Məktubatın” bəzi nüsxələrinin şərhində bidəti-həsənə ifadəsinin yerinə “gözəl adət“ mənasında “sünnəti-həsənə” ifadəsini işlətmişdir.

Rəsulullah (s.ə.s) bir hədisində belə buyurur: “ Kim İslamda gözəl bir yol (sünnəti-həsənə) açarsa, o şəxsə bunun savabı vardır. Həmin yoldan gedənlərin mükafatı qədər  mükafat da verilər və həmin şəxslərin savabından heç bir şey əskilməz. Kim də İslamda pis bir yol (sünnəti-seyyiə) açarsa, o şəxsə onun günahı vardır. Həmin pis yoldan gedənlərin günahı da verilər. Fəqət o yoldan gedənlərin günahından heç bir şey əskilməz”. (Müslim, Zəkat, 69)

Bidət əsasən dini məsələlərdə olduğu üçün İslami şüarlar və ibadətlərlə əlaqəli sünnələri pozmağa, dəyişdirməyə, ortadan qaldırmağa və unutdurmağa yönəlmiş yeni icad, düşüncə və davranışlardır. Yoxsa Rəsulullahın (s.ə.s) gözəl adətlərinə və “ədəb” olaraq bilinən bəşəri davranışlar kimi bəzi sünnələri tərk etmək sadəcə bir sünnə savabından məhrum qalmaqdır. Quran və sünnənin ruhuna uyğun düşən “Müsəlmanların gözəl gördüyü bir davranış gözəldir” əsasına uyğun oaraq İslam dininin çərçivəsində qalmaq şərti ilə gündəlik həyatla əlaqəli nafilə ibadət və zikrlər “sünnəti-həsənə” qisminə daxildir.

Sünnəti-həsənə din və dünya üçün vacib olan bir məsələdir. Məsələn, İslam dini Quran və Sünnəyə əsaslanır. Bunları yaxşı qavramaq üçün nəhv, (ərəb dili qrammatikası) sərf, məani, bədii, bəyan və lüğət kimi elmi məlumatları bilmək lazımdır. Qurani-Kərimi cəm etmək, toplayıb yazmaq da bunun kimidir. Əslində Qurani-Kərim Rəsulullahın (s.ə.s) vaxtında yazılmamışdı. Sonradan Hz.Əbu Bəkrin (r.a) xəlifəliyi vaxtında yazıldı. Hələ o zaman da bəzi səhabələr bu işi görməyə bidət kimi baxıb tərəddüd edirdilər. Hz. Əbu Bəkr (r.a) özü də bunlardan idi. Amma Hz.Ömərin (r.a) tövsiyəsi və onları qane edəcək cavablar verməsi Qurani-Kərimin toplanıb yazılmasına şərait yaratdı. Düşünün ki, o insanlar bu işi görməsəydilər, hansı birimiz bu gün belə bir mükəmməl kitaba sahib ola bilərdik?

            Sünnəti-seyyiə isə insanı dindən çıxarmasa da, Quran və Sünnəyə müxalif rəy, əməl və inanışlardır ki, bunlar haramdır. Məsələn, təriqət adı altında bir çox kişi-qadının bir yerə toplaşıb hər-hansı bir ayin icra etmək kimi. Bu kimi halların əslində təsəvvüf və təriqətlə heç bir əlaqəsi yoxdur. Bundan əlavə hər-hansı bir hədd-hüdud qoyulmuş ibadət və zikrlərdə həddi aşmaq. Məsələn; təravih namazı 20 rükət olduğu halda birisi durub bunu 22 qıla bilməz, namazdan sonra edilən zikrlər 33-dür, bunu 35-40 edə bilməz. Başqa bir zaman nə qədər istəyərsə, o qədər namaz da qılar, zikr də edər, ancaq qoyulmuş məlum bir ibadətdə dəyişiklik etmək olmaz. Çünki din tamamlanmış və ibadətlə əlaqəli nə lazımdısa, hamısını Rəsulullah (s.ə.s) özü şəxsən göstərmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz