ƏBDÜLQADİR GİLANİ HƏZRƏTLƏRİ

ƏBDÜLQADİR GİLANİ HƏZRƏTLƏRİ

Əbdülqadir Gilani böyük İslam alimlərindən və övliyanın məşhurlarındandır. Hicri 470/ miladi 1077-ci ildə Xəzər dənizinin cənub qərbindəki “Gilan” əyalətinin mərkəzinə bağlı Nəyf kəndində doğuldu. Peyğəmbərimizin soyundan olub həm seyid, həm də şərifdir. Nəsəbi ana tərəfindən Hz. Hüseynə, ata tərəfindən Hz. Həsənə gedib çatır.  Atası Əbu Saleh Musa bin Abdullah, anası Fatimə binti Əbu Abdullah Ümmül-Xayrdır. Atasının adı mənbələrdə fərqli göstərilmişdir.

Gilani həzrətləri haqqında belə bir hadisə nəql edilir: Rəvayətə görə doğulduğu il ramazan ayının sonunda havalar buludlu keçmişdi. Bu səbəblə camaat ramazan ayının çıxıb-çıxmadığında tərəddüd etdi. Bir qrup şəxs onun yaşadığı evə gələrək anasından bu gün  körpənin süd əmib-əmmədiyini soruşdular. Əmmədiyini öyrənincə ramazan ayının hələ çıxmadığını anlayıb oruc tutmağa davam etdilər.

Əbdülqadir Gilani ilk təhsilinə doğulduğu yer olan Gilan vilayətində başladı. Hələ kiçik yaşlarda Qurani-Kərimi əzbərləyərək hafiz olmuşdur. Daha sonra dini təhsilini davam etdirmək üçün Bağdada getmişdir. Yola çıxmadan əvvəl anası ona 40 qızıl vermiş və bu qızılları saxlamaq üçün paltarının içində xüsusi bir cib tikmişdir. Əsla düzgünlükdən və sədaqətdən ayrılmamasını, hər nə olursa olsun, əsla yalan danışmamasını nəsihət etdikdən sonra oğlunu Bağdada yola salmışdır. Nəql edildiyinə görə yolda quldurlar karvanın qarşısınəı kəsmiş və karvandakıların qiymətli əşyalarını qarət etmişlər. Kiçik yaşdakı Əbdülqadirin qiymətli bir şeyi olmadığını düşünərək onu axtarmamışlar və bir az da kinayə ilə ona üzərində qiymətli bir şey olub olmadığını soruşmuşlar. Əbdülqadir Gilani də onların sulaına cavab verərək “Bəli, qırx qızılım var” deyincə onu quldurbaşının yanına aparmışlar. “Bu uşaq üzərində 40 qızılın olduğunu söyləyir”, demişlər. Quldurbaşı da “Ey balaca, sən qızılının olduğunu söyləməsəydin biz  səni axtarmayacaqdıq. Sən nə üçün qızılının olduğunu söylədin?” deyincə Əbdülqadir Gilani: “Mən Allahıma və anama əsla yalan danışmamağa söz verdim. Verdiyim sözə xəyanət edə bilmərəm!” -demişdir. Bunu eşidən quldurbaşı ağlamış və bu yaşdakı uşaq Rəbbinə və anasına verdiyi sözə xəyanət etmir. Bəs mən nə üçün Rəbbimə qarşı gəlirəm, xəyanət edirəm?” demişdir. Dəstədə olan 40 nəfərdən artıq quldurla birlikdə tövbə edərək hidayətə qovuşmuşlar.

Gilaninin Bağdada elm təhsili üçün getdiyi tarix (488/1095), eyni zamanda Qəzalinin Nizamiyyə Mədrəsəsindəki vəzifəsini tərk edərək Bağdaddan ayrıldığı tarixdir. Orada dövrün məşhur hədis, fiqh və ədəbiyyat alimlərindən təhsil aldı və qısa zamanda üsul, füru və məzhəblər mövzusunda biliklərə yiyələndi. Qısa zamanda qazandığı üstün şöhrəti sürətlə yayılmış və hər tərəfi əhatə edərək elmdə dövrün ən məşhuru və imamı olmuşdu. Bağdadda bir müddət Əbu Hənifənin türbədarlığını etdiyi də rəvayət edilir.

Bağdadda xocası Əbu Səid Əli b. əl-Mübarək əl-Mahzuminin ona təsis etdiyi Babülərəcdəki mədrəsədə təfsir, hədis, qiraət, fiqh və nəhv kimi elmlər oxutdu və vəz verməyə başladı.  Ancaq bir müddət sonra bütün bunları buraxaraq xəlvətə çəkildi. Bağdad mütəsəvvifləri ilə yaxın dostluqlar qurduğu bu illərdə Şeyx Əbul Xayr Məhəmməd b. Müslim əd-Dəbbasın (ö.525/1131) söhbətində iştirak etmiş, ilk mənəvi bağlılığını bu şəxsə etmişdi. Onun yanında mənəvi təhsilinə davam edən Gilani rəvayətə görə sonralar bu şəxsin kürəkəni olmuşdur. Dəbbasdan öyrəndiyi təriqət yolunu Qazi Əbu Səid əl-Mübarək əl-Məhruminin yanında kamala çatdırmış və ondan icazət almış, təriqət xirqəsini də onun əlindən geymişdir.

Gilani Bağdad və Kərh ətrafında iyirmi beş ilə yaxın inziva həyatı yaşamışdır. Son xəlvətdə qırx gün heç bir şey yeyib içmədiyi kimi, hər hansı bir şəxs tərəfindən yedirilənə qədər də yeməməyə əzm etmişdi.

Gilani bu şəkildə maddi və mənəvi kamala çatdıqdan sonra 520/1126-cı ildə Bağdada qayıdaraq yenidən vəz və nəsihət məclislərində eşq və irfan əhlinə həqiqət və mərifət öyrətməyə başladı. Dərin elm sahibi Əbdülqadir Gilani həzrətləri fiqh və hədis elmlərində müctəhid idi. 13 növ elmdə dərs keçirdi. Səhər və ikindidən sonra təfsir, hədis və fiqh; günortadan sonra Qurani-Kərim və qiraət dərsləri tədris edirdi. Axşam və səhər isə fiqh üsulu ilə nəhv dərsləri verirdi. Onun elminin bərəkətilə tələbələr qısa zamanda dərin biliklərə yiyələnirdilər. Ayələri çox şahəli olaraq dəlilləri ilə birgə təfsir edərdi. Dinə uyğun olmayan bir şeyə icazə verməzdi. Çox səbirli idi. Tələbələrinin suallarını ürəkdən cavablandırar, dərsi başa düşməyənlərə səbirlə izah edərdi.

Yusif Həmədaninin tövsiyəsi ilə camaata vəz verməyə təkrar başladığında ancaq bir neçə nəfərə xitab edirdi. Lakin daha sonra camaat gedərək artdığı və mədrəsə dar gəlməyə başladığı üçün vəz məclisini Babülhalbədəki bir məscidə nəql etdi. Onun təsirli sözlərindən xalq o qədər məmnun qalırdı ki, getdikcə bura da camaat yerləşmədi. Buna görə 528/1133-cü ildə bəzi əlavələrlə mədrəsə genişlədildi və Əbdülqadirin adına nisbət edilərək təhsilə yenidən açıldı. Buradakı vəzləri və natiqliyinə görə sırf onu dinləmək üçün Bağdada minlərlə insanın gəldiyi rəvayət edilir. Vəz etdiyi mədrəsə artıq camaata dar gəlməyə başlayınca Gilanini dinləmək üçün böyük bir təpənin üzərinə kürsü qurdurub o şəkildə onun vəzlərini dinləmə fürsəti tapmışlar. Gilani həzrətlərinin məclislərində günahkarlar, fasiqlər qatillər gəlib tövbə etmişlər. Həmçinin minlərlə yəhudi və xristian onun söhbətlərini dinləyərək islamı seçmişdir.

Əbdülqadir Gilani orta boylu, geniş cüssəli, açıq alınlı, zəif və buğdayı bədənli idi. Saçlarını çiyinlərini örtəcək qədər uzadardı. Səsi gur və heybətli idi. Səliqəli geyinər, tələbələri də daxil olmaqla heç kimdən heç nə qəbul etməzdi. Kiçik uşaqlarla, kölələrlə söhbət edər, kasıblarla oturub durardı. 

Əbdülqadir Gilaninin təsəvvüf anlayışı şəriətə və dinin zahiri hökmlərinə həssaslıqla bağlı qalma əsasına söykənir. O, hər an Quran və hədislərə uyğun hərəkət etməyi şərt qoşur. Ona görə bir zahidin həyatında görülə biləcək müxtəlif hallar dini ölçülərin xaricinə çıxmamalıdır. Müridlərinə həmişə “təbe olun, bidət yoluna sapmayın, itaət edin, müxalif çıxmayın, səbir edin, sızlanmayın, günahdan təmizlənin, çirklənməyin, zikr halqasına toplanın və mövlanızın qapısından ayrılmayın” şəklində tövsiyələr edərdi. O, dünya və axirət nemətlərini Allah ilə qul arasında bir pərdə saymışdır. Bu səbəblə kamil bir müsəlmanın bu nemətləri deyil, Uca Allahın şəxsini arzulamalı olduğunu söyləmişdir. Gilani həzrətlərinin getdiyi yolun islama uyğun olduğunu ondan sonra yaşayan İmam Nəvəvi,  Süyuti, İbn Hacər və İbn Teymiyyə kimi alimlər qəbul etmişlər. İbn Ərəbi tərəfindən də “Qütb” və “İnsani- kamil” olaraq adlandırılmışdır.

Gilani 561/1165-ci ildə Rəbiülaxır ayının 8-ci şənbə gecəsi şam namazından sonra vəfat etmişdir. Vəfatının 562/1166-cı il Rəbiülaxır ayının 9-cu şənbə gecəsi baş verdiyini nəql edənlər də vardır. Həyatının son dəqiqələrində səsini yüksəldərək üç dəfə “Allah, Allah, Allah” deyə zikr edib sonra zikri-xəfi (gizli zikr) ilə məşğul ikən canını Canana təslim etmişdir. Oğlu Əbdürrəzzaqa son vəsiyyətləri bu olmuşdu: “Ey oğul! Allah bizə və sənə müsəlmanlara kömək etməyi nəsib etsin. Amin. Sənə Allahdan qorxmağı, Ona ibadət etməyi, şəriətinə bağlanmağı və Allahın hüdudunu mühafizə etməyi tövsiyə edirəm. Çünki bizim yolumuz kitab və sünnəyə, könlün salamatlığına, əlin comərdliyinə, xeyiri yaymağa, cəfanı rədd etməyə, əziyyətə dözməyə və din qardaşının səhvlərini görməməyə əsaslanır.

Bu günə qədər gəlib çıxan 10 əsəri mövcuddur.  Bunların içərisində əl-Fəthur-Rəbbani, Futuhul-Qeyb və Məktubat adlı kitabları ən məşhurlardandır. Əbdülqadir Gilani həzrətləri Allah-Təalanın sevgisində səmimiyyətin necə müəyyən olduğu haqda belə buyurmuşdur: “Qulun Allah-Təalanı sevməsində səmimi olub olmadığı başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbir və sükut halını mühafizə edə bilirsə, o, həqiqətən Allah-Təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında səbat göstərə bilmək bu sevgiyə dəlil və əlamətdir.”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz