İslamda Qadının Dəyəri
Qadınlar Uca Allahın bizə əmanətidir. Buna görə bu əmanəti qorumaq və himayə etmək vəzifəsi də kişinin borcudur. Əziz Peyğəmbərimiz (s.ə.s) Vida Xütbəsində “Qadınlar sizə Allahın bir əmanətidir” buyuraraq bizə yüklənən məsuliyyəti bir daha xatırlatmışdır.
İslamiyyət ana olması səbəbilə qadına ən yüksək və çox möhtərəm bir məqam qazandırmışdır. Tarixin fərqli dövrlərində zillət və həqarət içində yaşayan qadın layiq olduğu ən yüksək şərəfi İslam dini gəldikdən sonra qazanmışdır. İslamiyyət gəlmədən əvvəl qadınların vəziyyətinə nəzər salarıqsa, görərik ki, istər Ərəbistanda, istərsə də digər başqa ölkələrdə qadınların vəziyyəti çox ağır idi. Qadına insan gözüylə baxılmır, öz hüquqlarından məhrum, heç bir haqqa sahib olmayan dəyərsiz bir əşya kimi tanınır, kişinin şəhvətinə məhkum bir əsir, adi bir xidmətçi kimi qiymətləndirilir və bütün günahların başı hesab olunurdu. İslamiyyətdən əvvəl qadın o qədər dəyərsiz sayılırdı ki, hətta ölən ərinin mülkü arasında bir miras əyşası kimi bölünürdü. Qadınla öncə atasının, evləndikdən sonra ərinin, əri öldükdən sonra da oğlunun əsiri kimi rəftar edilirdi. Qız uşaqları vəhşicəsinə diri-diri torpağa basdırılır, qız övladı olanlar bunu özünə bir rəzillik sayırdı. İranda və Zərdüştlükdə qadın o qədər alçaldılmışdı ki, hətta ana və bacı ilə evlənmək kimi iyrənc əxlaqsızlığa icazə verilmişdi. Bir çox başqa ölkələrdə və millətlərdə də qadın eyni haqsızlıqlara məruz qalmışdı. Bir sözlə qadın kişinin malı hesab olunur və onun üzərində istədiyi ixtiyara sahib idi.
Bu gün isə qadın haqları dırnaqarası qorunduğu halda, yenə də qadınlar istismar edilməkdə, maşın, sabun, şampun, dərman və s. kimi əşyaların tanıdılmasında açıq-saçıqlıqla reklam vasitəsi kimi istifadə olunmaqdadırlar. “İslam qadını əzir” deyərək dinimizə iftira atan Avropa və avropasayağı düşünən insanlar cavab versin! Bəs bunun harası qadın haqqıdır?! Bəs bu necə qadın haqqını qormaqdır?!
Qadına ən layiq olduğu yeri və dəyəri yalnız İslam dini vermişdir. İslam dini qadının cəmiyyətdəki yerini çox gözəl və layiqli bir şəkildə təyin edib, çirkinliklərdən qurtararaq aşağılardan yüksəklərə qaldırmışdır. Hz. Peyğəmbər “Cənnət anaların ayaqları altındadır” buyuraraq qadına verilən ən böyük qiyməti və mərtəbəni dilə gətirmişdir. Qadın insanı dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. İslamda qadın ərinin həyat yoldaşı, onun hüzur qaynağı və dayağıdır. İslam nəzərində qadın şəfqət, mərhəmət, hörmət duyulmalı olan və nəzakət tələb edən nəcib və təmiz bir varlıqdır. Peyğəmbərimiz (s.ə.s) qadınların incə, zərif və kübar varlıqlar olduqlarına işarə edərək onların heç vaxt incidilməməsini və qırılmamasını şiddətlə tövsiyə etmişdir: “Sizin ən xeyirliniz qadınlarına qarşı ən yaxşı və nəzakətli davrananınızdır”. Qadına qarşı kobud davranmaq, əziyyət etmək, haqqını tapdamaq müsəlmana yaraşmaz.
Qadın vəfanın, fədakarlığın, comərdliyin, qarşılıqsız əsrigəmə və sevməyin simvoludur. Bugünün qadını sabah bir anadır. Ona görə uca dinimiz qadına və ana sevgisinə xüsusi bir yer verərək, cənnəti anaların ayaqları altına sərmiş, vaxtında qılınan namazdan sonra ən gözəl işin anaya yaxşılıq etmək olduğunu, Allahın rizasını qazanmağın, cənnətə qovuşmağın ən rahat yolunun anaya xidmətdən və ananı lazımınca sevməkdən ibarət olduğunu bildirmişdir. İslamiyyət qadını qorumaq məqsədilə əgər evlidirsə əri, evli deyilsə atasının ona baxmaq və ehtiyaclarını təmin etmək məsuliyyətini yükləmişdir.
İslam inancında qadınlar ilin sadəcə bir günündə sevilib, digər zamanlarda ehmal ediləcək varlıqlar deyil. Qadın ilin hər günü, ömür boyu qorunmağa, sevgiyə, hörmətə, himayə edilməyə, hədiyyə alınmağa və xidmət göstərilməyə layiq ən incə və zərif varlıqlardır. Qadınlar və analar baş tacıdır. Dinimiz qız uşaqlarının gələcəyin anaları olmaları yönündən onlara qarşı davranışlarımızın və onların tərbiyələri üzərində ciddi bir həssaslıqla durmuşdur. Qız uşaqlarını böyüdüb gözəl şəkildə tərbiyə edənə cənnət, həm də cənnətdə ən gözəl məqam; Peyğəmbərimizə qonşu olma məqamı vəd edilmişdir. Dinimizin qadına verdiyi yüksək qiyməti yenə Peyğəmbərimizin bu hədisi-şərifləri ilə daha aydın görürük. Buyurulur ki: “Möminlərin iman yönündən ən kamilləri əxlaqca ən gözəl olanlarıdır. Sizin ən xeyirliniz qadınlarına qarşı ən yaxşı və nəzakətli davrananlarınızdır.” “Qadınlar xüsusunda Allahdan çəkinin. Çünki onlar sizə Allahın bir əmanəti olaraq verilmişdir.” “Qadınlar haqqında bir-birinizə xeyir tövsiyə edin.”
Uca Rəbbimiz Qurani-Kərimdə buyurur: “...Onlar sizin örtüləriniz, siz də onların örtülərisiniz... Onların sizin üzərinizdə, sizin də onların üzərində haqlarınız vardır.” (əl-Bəqərə 187-228)
Həqiqi səadətə şübhəsiz ki, ancaq və ancaq Allah və Rəsulunun əmr və tövsiyələrinə tabe olmaqla qovuşmaq mümkündür. Analarını, həyat yoldaşlarını layiqiylə sevənlər, onları hər gün və hər zaman xatırlayıb, anaların xeyir-dualarını alıb, dünya və axirət xoşbəxtliyinə nail olanlar nə xoşbəxtdirlər.
ŞƏRHLƏR