AİLƏ QALAMIZ SAĞLAMDIRMI?

AİLƏ QALAMIZ SAĞLAMDIRMI?

Cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biri olan ailə bütün dinlərdə və sistemlərdə xüsusi yer tutur. İctimai asayişin, sosial cəmiyyətin düzgün qurulması birbaşa ailə ilə bağlıdır. Ailə bir kişi və qadının qanuni yolla bir araya gəlməsi və bu birliyi davam etdirməsidir. Hər bir ailə qurucularının həm ailədaxili, həm də cəmiyyət qarşısında bir sıra vəzifələri vardır. Əslində burada qeyd etdiyimiz ikinci maddə, yəni cəmiyyətə yönəlik vəzifələr də böyük əksəriyyətlə elə ailədaxili vəzifələrdən birbaşa asılıdır və onun davamıdır. Məsələn, ailədə böyüyən uşaqların düzgün tərbiyələndirilməsi, onlara doğru təhsil verilməsi ata-ananın ailədaxili vəzifəsidir, lakin eyni zamanda bu, sabah cəmiyyətə atılacaq olan bir fərdin kamil formada inkişafı deməkdir.

 "Sağlam cəmiyyət sağlam ailələrdən formalaşır" düsturu burada öz sübutunu tapır. Haqq-Təala Qurani-Kərimdə ər-arvad haqqında "...Onlar sizin, siz də onların libasısınız..." -buyurur. (əl-Bəqərə, 187) İlahi xitabın ər-arvaddan bəhs edərkən onları bir-birinin libası olaraq zikr etməsi çox ibrətlidir. Çünki libas insanı istidən və soyuqdan qoruduğu kimi onun eyiblərini də digər insanlardan gizlədir. Ailə qurmuş kişi və qadın həyatın istisində və soyuğunda, enişli-yoxuşlu ömür yollarında bir-birinə sadiq qalaraq arxa olmalıdırlar. Qadın kişini, kişi də qadını günaha düşməkdən, yanlış addım atmaqdan, həyatda büdrəməkdən qorumalıdır. Çünki onlar bir-birlərinə əyinə geyilmiş paltar qədər yaxındırlar. Libas həmçinin zinət əşyasıdır. Geyimi təmiz və səliqəli olanlar hər zaman cəmiyyətdə xoş qarşılanar,  əynində bunun əksini nümayiş etdirənlərsə təbii olaraq insanlardan rəğbət görməzlər.  Elə isə deyə bilərik ki, ər-arvad qarşılıqlı olaraq öz tərəf müqabilini cəmiyyət içində utandırmayacaq qədər əxlaqlı və tərbiyəli olmalıdır. Əslində ailə onu formalaşdıran fərdləri qoruyan sağlam bir qaladır. Bu qalada kişi və qadının ən məhrəm sirləri, duyğuları, insani halları qorunub saxlanır. Ailə fərdlərini xarici müdaxilələrə qarşı qoruyan, övladları cəmiyyətdə yayğın hala gəlmiş pis vərdişlərdən uzaqlaşdıran ən mühüm atmosfer də elə ailədir. Qalanın sağlam olması ilk növbədə onun içindəkilərin həmfikir olmasına və eyni duyğu-düşüncələri paylaşmasına bağlıdır. Məhz belə qalalar əksər vaxt düşmən hücumlarına qarşı tab gətirə bilir. Həzrət Peyğəmbərin bir hədisində gördüyümüz kimi, şeytanı ən çox xoşbəxt edən əməl hansısa ailənin dağılmasıdır. Allah Rəsulu (s.ə.s) belə buyurur: "İblis öz taxtını suyun üzərində qurar. Sonra əsgərlərini dəstə-dəstə göndərər. Əsgərləri arasında rütbə və dərəcəsinə görə ona yaxın olanı fitnəsi ən böyük olanlardır. Əsgərlərindən biri gələrək "filan işləri gördüm",- deyər. İblis ona: "Sən heç nə etmədin",- deyər. Sonra başqa biri gələr və belə deyər: "Xanımı ilə arasını vurana qədər insanın yaxasını buraxmadım". Bunu eşidən iblis onu özünə yaxınlaşdırar və: "ən yaxşı olan sənsən"- deyər". (Müslim, 2813/67; Hakim 2/182) Unutmamaq lazımdır ki, ailədə baş verən hər bir narazılıq, söz-söhbət qalada açılmış bir dəlik kimidir. Ailədaxili müəyyən münaqişələr tamamilə təbiidir. Əsas olan odur ki, ailə qalamızda açılan kiçik dəlikləri zamanında bərpa edək və əbədi düşmənimizin buradan içəri yol taparaq öz bayrağını surlarımıza sancmasına imkan verməyək.     

Ailənin sağlam olmasının ilk şərti onun iman üzərində qurulması və ailədəki fərdlərin eyni imani duyğuları bölüşməsidir. Məhz bunun üçün Həzrət Peyğəmbər (s.ə.s) hədisi-şəriflərində evlənəcək gənclərə yoldaş seçimində imanlı və dini yaşayışı yerində olanı tövsiyə etmişdir. Bu əsasa Qurani-Kərim belə diqqət çəkir: "...Şübhəsiz ki, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır..." (əl-Bəqərə, 221) Eyni ayədə məhz eyni xəbərdarlıq həmçinin qadınlara da edilərək işin ən zərif nüansına diqqət çəkilir: "...Şübhəsiz ki, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir..." Xoşbəxtlik iki adamın bir-birinə baxması deyil, iki adamın eyni nöqtəyə baxmasıdır, -deyirlər. Ailə xoşbəxtliyində hər iki tərəfin eyni istiqamətə baxması ilk növbədə iman nöqteyi-nəzərindən olmalıdır. Sual yarana bilər ki, axı, Quran müsəlman kişilərə əhli-kitabdan olan qadınlarla da evlənməyə icazə verir?! Quranın müsəlman kişilərə əhli-kitabdan olan qadınlarla evlənmək barəsində izin verməsi də əslində onların zamanla İslamlaşmasını hədəfləməsidir. Çünki ailə fərdləri arasında kişinin daha çox nüfuz sahibi olması zamanla həyat yoldaşının da, ailədə böyüyən uşaqların da müsəlman olmasına gətirib çıxardır. Məhz elə buna görə də müsəlman kişilərin əhli-kitabdan olan qadınlarla nikahına izin verən dinimiz eyni izni müsəlman qadınlara vermir. Kişilərin də yaşadıqları mühitdə müsəlman qadınlar dura-dura, sadəcə şəhəvi istəklər üçün əhli-kitabla evlənməsi xoş qarşılanmır. Bir sözlə, xoşbəxt ailə yuvası qurmaq istəyənlər bunu iman və imandan vüsət tapan duyğu və düşüncələr üzərində inşa edə bilərlər. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz