BİR HƏDİS
VALİDEYNLƏR ÖVLADLARIN CƏNNƏT DƏVƏTÇİSİDİR
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Burnu yerlə sürünsün! Burnu yerlə sürünsün! Burnu yerlə sürünsün!” Səhabələr: -Kimin, ya Rəsulallah? –deyə soruşduqda Rəsulullah (s.ə.s): “Ata-anasına və ya onlardan birinə yaşlılıq çağında yetişib cənnətə girməyənin” –cavabını verdi. (Müslim, Birr, 3)
Övladlarını bir çox sıxıntı içərisində dünyaya gətirən və həyata atılacaqları çağa qədər onları hər cür əziyyətlərdən qoruyaraq həyata bəxş edən ata və anaların övladları üzərindəki haqları heç şübhəsiz ki, ölçülməyəcək qədər yüksəkdir. Ona görə də valideynlər hörmətə, sevgiyə, şəfqətə, məhəbbətə, ülfətə, xidmətə və hər cür gözəl münasibətlərə ən layiq olan kəslərdir. Yuxarıda qeyd olunan hədisi-şərif də valideynlərə qarşı övladın vəzifəsinin önəminə diqqət çəkmişdir. Belə ki, yaşlılıq çağında valideynlərin ehtiyaclarının qarşılanması övladlar üçün bir axirət sərmayəsi olaraq ifadə edilmiş və bu imkandan istifadə etməyən kimsələrin zavallı övladlardan olduğu vurğulanmışdır. Qurani-Kərimdə də Allah-Təala yuxarıda qeyd olunan hədisi-şərifin mənası ilə paralellik ərz edən bir ayəti-kərimədə: “Əgər valideynlərdən biri və ya hər ikisi sənin yanında yaşlanarlarsa, onlara “Uf!” belə demə…”–buyurmuşdur. (İsra 23).
Həm ayə, həm də hədisi-şərifin ortaq nöqtə olaraq valideynlərin yaşlılıq çağını ifadə etmələri diqqət çəkir. Belə ki, Allah-Təala yaşlılığı bir ayədə xilqətin tərsinə çevrilməsi şəklində ifadə etmişdir. (Yasin, 68) Yəni insan yaşlandıqca gücü-qüvvəti zəifləyər, hətta bəzi hallarda ağlı, idrakı geriləyərək uşaqlıq çağına qayıdar. Bu vəziyyət qarşısında necə ki, valideynlər kiçikkən övladlarının nazını çəkib böyütmüşlər, övladların da valideynlərin qəlblərini fərəhləndirəcək gözəl əməllərini əskik etməməsi lazımdır. Övlad unutmamalıdır ki, valideynləri onu həyata gətirən və ona həyat bəxş edən dəyərli varlıqlardır. O isə valideynlərə qol-qanad gərsə də nəticədə onları axirət yolçuluğuna hazırlayır. Qısaca ifadə edəcək olsaq; -Valideyn övladını həyata, övlad isə valideynini məmata (ölümə) hazırlayır.
Hədisi-şərifdə valideynlərə qarşı vəzifənin yerinə yetirilməsinın mükafatının cənnət olması əslində valideynlərdən daha çox övladların onlara ehtiyacının olduğunu göstərməkdədir. Bəlkə elə bu səbəblədir ki, bu fürsətdən istifadə etməyənin bədbəxtçiliyini ifadə edən Rəsulullah (s.ə.s) qınaq ifadəsini üç dəfə təkrarlamışdır. Bu qınağa məruz qalmamaq və axirəti qazanmaq istəyən hər bir övladın; “Ey Rəbbim! Onlar məni körpəliyimdə (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” (əl-İsra, 24) duasıyla Allaha əl açıb Ondan kömək istəməsi zəruridir.
ŞƏRHLƏR