“Tam Səhih Buxari” kitabının müəllifləri Arif HƏŞİMOV və Füzuli HÜSİYEVLƏ müsahibə
İrfan: Arif müəllim, müsəlman cəmiyyətdə hədislərin yeri nədir və ya nə olmalıdır?
Füzuli Hüsiyev: Bildiyiniz kimi dinimizin ikinci əsas qaynağı sayılan hədislər istər Qurani-Kərimi izah etməsi, istərsə də Quranda açıq surətdə təmas edilməyən mövzularda sərbəst şəkildə hökmlərin müəyyənləşdirilməsi baxımından əvəzedilməz bir mənbədir. Məsələyə məhz bu nöqteyi-nəzərdən baxdığımız zaman şübhəsiz ki, bir müsəlman cəmiyyətin ümumi dünyagörüşünün formalaşmasında, əxlaq normalarının müəyyənləşdirilməsində hədislərin rolu qaçınılmazdır. Belə ki, hədislər olmadan İslamın, onun ilk ümdə qaynağı sayılan Quranın bütün təfsilatları ilə nə anlaşılması, nə də onun ehkamının həyata keçirilməsi qeyri-mümkündür. Hədislər bir mənada İslam Peyğəmbərinin (s.ə.s) həyatda ikən əsas vəzifəsi olan bəyan, təlim və irşad missiyalarının onun vəfatından sonrakı icraçısıdır. Qısa olaraq desək, hədislər olmadan İslamın nə anlaşılması, nə də yaşanması mümkündür.
İrfan: Füzuli müəllim, artıq İpəkyolu Nəşriyyatı tərəfindən ana dilimizdə ikinci cildi də işıq üzü görmüş Tam Səhih Buxari kitabının müəlliflərindənsiniz. Ərsəyə gətirmiş olduğunuz bu kitabın Azərbaycan oxucusuna nə kimi töhfələrinin olacağını ümid edirsiniz?
Füzuli Hüsiyev: Bildiyiniz kimi Buxarinin “Səhih” əsəri hədis qaynaqları arasında səhih hədislərin cəmləndiyi ən etibarlı mənbə sayılır. Biz ümid edirik ki, bu əsərin silsilə şəkildə tərcüməsi oxucularımızın hədislərlə daha yaxından tanış olmasında, onların hədislər və sünnə haqqında düşüncələrinin və baxışlarının püxtələşməsində mühüm rol oynayan faktorlardan olacaqdır. Bu cür əsərlər tarix boyunca müxtəlif əsrlərdə yaşayan insanları İslamın dünyaya təşrif buyurduğu ilk qızıl əsrə bağlamış, həmin əsrin saflığının, əxlaqi məziyyətlərinin, insanı Yaradanına bağlayan bağların köhnəlməsinə imkan verməmiş, nübüvvət nurlarının hər zaman parlaq və canlı qalmasına səbəb olmuşdur. Ümidimiz vardır ki, dəyərli oxucularımız da bu əsərlə tanış olmaqla zamanın fövqündə səyahət edib, on dörd əsrin üzərindən aşaraq, qızıl dövrlə tanış olacaq, Peyğəmbər nəfəsini duyacaq, onun yetişdirdiyi nəslin saf çeşmələrindən içdikcə içəcək, kamilliyə doğru seyr etdiyi yolda böyük məsafələr qət edəcəkdir.
Biz belə düşünürük ki, elmi və texnoloji tərəqqi, icadlar, ixtiralar, müasirləşmə və qloballaşma heç zaman dini əsaslarla təzad təşkil etmir, əksinə cəmiyyətlər ancaq öz dəyərlərinə bağlı qaldıqları zaman kimliklərini itirmədən, müxtəlif düşüncə sistemləri içində ərimədən qala bilərlər. Elm və texnologiya nə qədər tərəqqi edirsə-etsin, insanlıq meyarları və əxlaqi keyfiyyətlər olan dini-mənəvi dəyərlər dəyişmədən sabit olaraq qalır və öz təravətini heç zaman itirmir. Buna görə də müasir müsəlman cəmiyyətlərin, o cümlədən vətənimiz Azərbaycanın övladları öz mənəviyyatlarının canlandırılması, şəxsiyyətlərinin püxtələşdirilməsi üçün onları tarix boyunca dünyada tanınmış mədəniyyət halına gətirən dəyərlərə bağlı qalmaq üçün İslamın saf qaynaqlarından öyrənməyi bacarmalı, onun qaynaqlarına yaxından və dərindən bələd olmalıdırlar.
İrfan: Arif müəllim, hazırlamış olduğunuz “Səhih Buxari Şərhi” adlı bu kitabın ikinci cildində əsasən hansı mövzular yer alır?
Arif Həşimov: İkinci cilddə əsasən namazla əlaqədar olan bölmələr yer alır. Burada namazın qılınma keyfiyyəti, namazın qılınması ilə əlaqədar olan məsələlər, məscidlər, məscid ədəbləri, məscid tikdirmək, azan, azanın sözləri, namaz vaxtları, camaat namazı, cümə və bayram namazları, namazda imamətlə əlaqədar məsələlər, sütrə və s. kimi məsələlərdən bəhs olunur.
İrfan: Füzuli müəllim, cəmiyyət arasında hədis mətnləri oxunarkən nələrə diqqət olunmalıdır? İlahiyyatçı bir mütəxəssis olaraq bu haqda nə deyə bilərdiniz?
Füzuli hüsiyev: İlahiyyat sahəsində mütəxəssis olmayan cəmmiyyət fərdləri hədis mətnləri oxuyarkən əsasən bu nöqtələrə diqqət etməlidirlər:
1. Mənası anlaşılmayan, müəmmalı kimi görünən, müəyyən məqamları qaranlıq qalan hədisləri oxuyarkən qeydiyyat aparmaq, ilk fürsətdə mütəxəssis ilahiyyatçılarla əlaqə saxlayaraq həmin məsələlərə aydınlıq gətirməyi xahiş etmək lazımdır.
2. Fiqhi hökmlərlə əlaqədar olan hədisləri oxuyarkən özbaşına hökm çıxarmaqdan uzaq durulmalıdır. Çünki hədislərdən hökm çıxarmaq ancaq ictihad dərəcəsinə çatmış alimlərin işidir. Bu mövzuya cəmiyyətimizdə indiyədək qənaətbəxş şəkildə aydınlıq gətirilmədiyinə görə, insanların əksəriyyəti elə hesab edir ki, istənilən şəxs müəyyən hədis kitablarının tərcümələrini oxumaqla istədiyi şəkildə oradan hökmlər çıxara və onları tətbiq edə bilər. Bu fikir həqiqətdə çox təhlükəli bir fikirdir. Çünki - mütəxəssislərə məlum olduğu kimi - müxtəlif hədis qaynaqlarında, eyni bir mövzuya dair bir neçə fərqli hədis nəql edilə bilər. Hətta Buxarinin “Səhih” əsərində belə bunu müşahidə etmək mümkündür. Həmin məsələlər ixtilaflı məsələlər qisminə daxildir ki, müxtəlif fiqh məktəblərinin həmin ixtilafların aradan qaldırılması üçün tətbiq etdiyi metodlar vardır. Bu metodlardan bəziləri, nasix və mənsuxun müəyyənləşdirilməsi, yəni tarixi baxımdan hədislərin hansının əvvəl, hansının sonra deyilməsini müəyyənləşdirərək hansının nəsx edildiyinin (hökmünün ləğv edilməsinin) aydınlaşdırılması, hədislərin səhihlik dərəcələrinin müqayisəsi, hansı hədislərin əməl edilən (məmul bih), hansının əməlin tərk edildiyi hədislər olduğunu aydınlaşdırmaqla tərcih edilməsi və s. kimi onlarla, hətta yüzlərlə metodoloji qaydalardır.
Bu cür çətin proseslər isə təbii ki, yalnız və yalnız ömrünü elmə həsr etmiş, nəhv, sərf, bəlağət, iştiqaq və s. kimi dilçilik, üsuli-hədis, ixtilafül-hədis, hədis istilahları və s. kimi hədis, üsuli-fiqh, fiqhi-qaydalar (əl-qəvaid-əl-fiqhiyyə), müqayisəli fiqh və s. kimi fiqh elmlərində, eləcə də tarix, təfsir, təfsir üsulu, əsbabı-nüzul və s. sahələrdə kamilləşmiş alimlərin işidir. Müxtəlif fiqh məzhəblərinin yaranmasının əsas səbəbləri də demək olar ki, məhz bu nöqtədə birləşir. Belə ki, hər bir fiqh məktəbinin əsaslandığı dəlillər, həmin dəlillərdən hökm çıxarmaq üçün istifadə etdikləri özünəməxsus üsuli-fiqh metodları, eləcə də qarşı tərəfin əsaslandığı dəlillərə gətirdiyi izah şəkilləri və yaranan suallara verdiyi tutarlı cavabları vardır. Məhz bu məqsədlə biz hədisləri izah edərkən tez-tez səhifəaltı qeydlərdə müxtəlif fiqh məktəblərinin görüşlərinə, əsaslandığı dəlillərə yer veririk ki, oxucu hədisləri oxuyarkən onun zehnində yaranan müxtəlif sualları cavablandıraq. Bu mövzuda oxucularımıza məsləhətimiz ondan ibarətdir ki, hədisləri oxuyarkən yuxarıda izah edilən nöqtələri hər zaman diqqət mərkəzində saxlasınlar. Hər bir kəsə məlum olmalıdır ki, istər ibadətə, istərsə də müaməlata (gündəlik həyata) dair fiqhi hökmlər hədis kitablarından deyil, fiqh kitablarından öyrənilməlidir. Allaha şükürlər olsun ki, ibadət həyatımızı tənzimləmək, fiqhi hökmləri öyrənə bilmək üçün bu gün əlimizdə kifayət qədər - istər öz dilimizdə, istərsə də türkcə - fiqh kitabları, xüsusilə Elmihal kitabları vardır. Ona görə də fiqh öyrənmək, dini hökmlərlə tanış olmaq istəyən qardaş və bacılarımıza bir daha, dönə-dönə çatdırmaq istəyirik ki, bu məqsədlə ancaq fiqhi məzmunda yazılmış kitablara müraciət etsinlər. Əksi təqdirdə sabitqədəmlik əldə edə bilmək, sağa-sola əyilmədən bir istiqamət üzrə dini yaşamaq çox çətin, hətta mümkünsüzdür.
İrfan: Bəs belə bir sual çıxır ortaya: Bu cür hədis kitablarının dilimizə tərcümə edilməsi nə məqsəd daşıyır?
Füzuli Hüsiyev: Qeyd edim ki, hədislərin tərcüməsindən məqsəd müxtəlif dillərdə danışan müsəlmanların, eləcə də İslam dininin mənbələri haqqında məlumat əldə etmək istəyənlərin bu qaynaqlar barəsində ümumi məlumat əldə etməsinə köməklik göstərmək, dinin əsas qaynaqları haqqında ümumi təsəvvürün yaradılmasıdır. Müxtəlif sahələrlə əlaqədar mövzulara dair daha dəqiq və təfsilatlı məlumatlar isə təbii ki, sadəcə həmin ixtisas sahəsinə dair qələmə alınmış kitablardan əldə edilməlidir. İslam tarixinə dair geniş məlumatlar tarix kitablarından, təfsirə dair məlumatlar təfsir kitablarından, əqidəyə dair məlumatlar əqidə və kəlam kitablarından əldə edildiyi kimi, fiqhə dair geniş və təfərrüatlı məsələlər də ancaq fiqh sahəsində təlif edilmiş ixtisas kitablarından əldə edilə bilər.
Burada bir şeyi də qeyd etmək istəyirəm ki, bizim dəyərli ilahiyyatçılarımız yuxarıda sadalanan mövzularda insanları maarifləndirmək, onlara bu cür mözularda hər zaman yol göstərmək üçün səy göstərməli, onların cavabsız qalmış suallarından yaranan boşluqları doldurmağa çalışmalıdırlar.
İrfan: Hər ikinizə belə bir əsərin hazırlanması üçün misilsiz əməyinizdən ötrü bütün oxucular adından təşəkkür edir, vaxtınızı bizə ayırdığınız üçün xüsusi minnətdarlığımızı bildiririk.
Müəlliflər: Biz də fürsətdən istifadə edərək, bu cür əsərlərin ərsəyə gəlməsində öz köməyini əsirgəməyən İpəkyolu Nəşriyyatının və Gəncliyə Yardım Fondunun idarə heyətinə, eləcə də həmin əsərlərlə cəmiyyətimizin tanış olmasında əvəzsiz rol oynayan İrfan dərgisinin əməkdaşlarına dərin minnətdarlığımızı bildirmək istəyirik.
ŞƏRHLƏR