Quranda insan psixologiyası

Quranda insan psixologiyası

İnsan öz-özünü idarə edə biləcək hisslərə, varlıqları idrak edəcək duyğu orqanlarına, ağıl, zəka və iradə kimi qabiliyyətlərə sahib olan sosial bir varlıqdır.

 Bu, ümumiyyətlə  hər bir insanın fitri yaradılışında mövcud olan bir sistemdir. Bu sistenmə daxil olan ünsürlər arasındakı səviyyə dəyişsə də, sistem dəyişməzdir. İnsan bu fitri qabiliyyətləri səbəbilə fiziki, sosial və psixoloji hadisələrdən təsirlənərək, davranışlarını da onlara görə uyğunlaşdırır. İnsan nəfsində yaxşılıq və pislik birlikdə yaradılmışdır. Bu da Allahın insanlar üçün yaratdığı imtahanın başqa bir xüsusiyyətidir. İnsan həyatının son saniyəsinə qədər nəfsindəki pisliklərə qarşı mübarizə aparmalıdır. Nəfsini özbaşına buraxdıqda yaxşılıqlar heç vaxt pisliklərə öz-özünə qalib gələ bilməz.

Qurani-Kərimə təlim və tərbiyə kitabı deyə bilərik. Onun tərbiyə etməyə çalışdığı predmet isə insandır. Onun əsas məqsədi insanı həm bu dünyada, həm də axirət dünyasında xoşbəxt yaşatmaqdır. Bu səbəblə də Quran insanı yiyələnməsi lazım olan xüsusiyyətlərə vadar edir,  nələrə inanıb-inanmaması, nələri edib-etməməsi və s. barədə xəbərdarlıq edir. İnsanın daxilində olan qabiliyyətləri inkişaf etdirməsini və ağlını işlətməsini məsləhət görür. Qurani-Kərimdə “ruh” ifadəsinə az təsadüf edildiyi halda “nəfs” kəlməsi qarşımıza tez-tez çıxır.[1] Nəfs ruh və bədəndən meydana gəlmiş insan şəxsiyyətinin təmayülləri olaraq başa düşülə bilər. Nəfs insanın daxili mənliyi və bütün insani fəaliyyətlərin  meydana gəldiyi psixoloji sahədir.

Quran insanların Allahın əmrləri qarşısındaki mövqelərindən, inanc və davranışlarından bəhs edərək, onları inaclarına görə qurplara ayırır və bəzi növ insanlardan bəhs edir. Quranın insanları inanc və şəxsiyyət baxımından üç qrupa ayırdığını görürük. Bunlar mömin (inanan), münafiq (inanmadığı halda inanmış kimi görünən) və kafir (inanmayan) şəklində üç qrupdur. Quran bunlarla bərabər müttəqilərdən (qüvvətli iman sahiblərindən) və müşriklərdən (Allaha şərik qoşanlardan) də bəhs edir. Qurani-Kərim bir tərəfdən bunların ayrı-ayrı sahib olduqları xüsusiyyətləri bildirərkən, digər tərəfdən də ümumi olaraq insanda yaradılışdan var olan bəzi ortaq xüsusiyyətlər, təmayüllər və xarakterlər haqqında məlumat verir.

Qurana görə insan Allaha inanmağa meyillidir. Təkallahlılıq inancına sahib olan bir dini qəbul etməyə daha yaxındır.[2] Zəif təbiətlidir.[3] İnsanın bu sahələrdə zəif olduğu deyilə bilər: Bədən baxımından zəifdir, hər an xəstələnib başqalarına möhtac ola bilər. Duyğuları etibarilə də zəifdir. Çünki özünün sevdiklərinə qarşı daha mülayim, onlara dəyər verməyə meyilli, sevmədiklərinə qarşı isə daha ədalətsiz davrana bilir. Bunlarla yanaşı pulun, malın və şöhrətin cazibəsi onu aldadır. Bu mövzuyla da əlaqədar olaraq Qurani-Kərimdə insanın dünya varlığına və maddiyyata hədsiz düşkün olduğu vurğulanır.[4]

İnsan tələskəndir.[5] Hətta Quranın ifadəsiylə desək, “insan (özünə) xeyir-dua etdiyi kimi bəd dua da edər. İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini düşünməyə hövsələsi çatmaz).”[6] İnsan xəsisdir[7], tamahkardır[8], qısqancdır[9]. Çox çətin zamanlarında Allaha yönəlməyə, xoşbəxt anlarında isə Allahdan uzaqlaşmağa meyillidir.[10]  Nankordur, yaxşılıqları unudur,[11]çox az şükür edir.[12]  Yenə, Uca Kitabımıza  görə, Allaha səmimi qəlbdən inanan insanlar, bu mənfi xüsusiyyətləri öz nəzarəti altına alır və  gözəl davranışlar sərgiləyir.[13] Bundan başqa, Qurani-Kərimdə bir psixoloji ifadə olaraq “nəfs” kəlməsinə yer verilmişdir. Nəfsin Qurani-Kərimdə fərqli mənalarda işlədildiyi görülür.  Bunlar insan cinsi,[14] insanın özü,[15] insanın qəlb və daxili dünyası,[16] yaxşı və pis duyğularının qaynağı,[17] vicdan[18] və ruh[19] kimi mənalarda işlədilmişdir. Yəni Qurani-Kərimə görə nəfs, insanın ruh və bədən xüsusiyyətlərinin məcmusudur. Belə demək mümkündürsə, “onun şəxsiyyəti”dir.

Son olaraq onu deyə bilərik ki, Uca Allah insan psixologiyasını müqəddəs kitabımız Qurani-Kərimdə tam təfərrüatlı bir şəkildə öz qullarına bildirmişdir. Bunları görmək, bilmək və düşünmək artıq bizim vəzifəmizdir. Eyni zamanda Allahın Quranda insanlara bildirdiyi bir sirr var. İnsan ətrafındakı gözəllikləri, nemətləri gördükdə və bu müsbət düşüncə tərzi ilə dəyərləndirdikdə Allah ona olan nemətini daha çox artırar. Əks təqdirdə, yəni insan həmişə yaşadığı şəraitdən, hadisələrdən, ətrafındakı insanlardan şikayət etdikdə, ancaq nöqsan və qüsurları gördükdə, gözəllikləri isə qiymətləndirmədikdə isə özünün səbəb olduğu bədbin həyatı yaşayar.


[1] “Nəfs” kəlməsi Qurani-Kərimdə (295) dəfə işlədilmişdir.

[2] Rum, 30/30.

[3] Nisa, 4/28.

[4] Ali-İmran, 3/14.

[5] Ənbiya, 21/37.

[6] İsra, 17/11.

[7] Nisa, 4/128

[8] Mәaric, 70/19.

[9] Mәaric, 70/19-21.

[10] Yunus, 10/12; Rum, 30/ 33-34; Zümər, 39/49; Fussilət, 41/51.

[11] İsra, 17/67; Həcc, 22/11.

[12] Səcdə, 32/9.

[13] Hud, 11/9-11; Məaric, 70/19-35.

[14] Tövbə, 9/128.

[15] Ənam, 6/152; Nisa, 4/29, 113.

[16] Ali-İmran, 3/154; Nisa, 4/63.

[17] Yusif, 12/53; Ənbiya, 21/102; Fussilət, 41/31; Zuxruf, 43/71.

[18] Ənbiya, 21/64.

[19] Zumər, 39/42.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz