SUAL? - CAVAB!

SUAL? - CAVAB!

1. Nəzir deyilmiş qurbanı Qurban bayramı günlərində kəsmək doğrudurmu?

Cavab: Qurban bayramı günlərində kəsilən qurbandan başqa ibadət niyyəti ilə kəsilən digər qurban növləri də vardır. Nəzir qurbanı, əqiqə qurbanı, qiran və təməttö həcci edənin kəsdiyi şükür qurbanı, həcdə ehram qadağalarına tabe olmayanların kəsdiyi cəza və kəffarə qurbanı bunlar arasındadır. Əgər bir şəxsin nəzir (əhd) qurbanı vardırsa, sözügedən əhd qurbanını qurban bayramı günlərində kəsməsi caizdir. Lakin vurğulamaq lazımdır ki, nəzir olaraq kəsilən qurbanın ətindən nəzir edən şəxs başda olmaqla onun ana, ata, baba, nənə, uşaq, nəvə və arvadı kimi baxmaqla məsul olduğu şəxslər yeyə bilməz. Əgər yesələr, yediklərinin qiymətini yoxsullara bağışlamalıdırlar. Nafilə olaraq kəsilən qurbanın ətindən isə, sahibi və baxmaqla məsul olduğu şəxslər yeyə bilərlər.    

2. Qurban ətinin Həzrət Peyğəmbərin sünnəsinə görə paylanma şəkli necədir?

Cavab: İslam alimlərinin qeyd etdiklərinə görə, qurban ətinin üç hissəyə bölünməsi müstəhəbdir. Bunlardan bir hissəsi qurban sahibi və baxmaqla məsul olduğu şəxslər tərəfindən istifadə edilir. İkinci hissəsi varlı olsalar da həyat yoldaşı, dost və qohum-əqrabaya pay verilir. Üçüncü hissəsi isə qurban kəsə bilməyən yoxsullara paylanır. Dəlil Kitab və Sünnədir. Quranda belə buyrulur: “Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!” (Həcc, 22/28), “Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin” (Həcc, 22/36).

İbn Abbas (r.ənhüma) Hz. Peyğəmbərin qurbanı ilə əlaqədar bunu rəvayət etmişdir: “O, üçdə birini ailə fərdlərinə yedirər, üçdə birini yoxsul olan qonşularına yedirər, geri qalan üçdə birini də sədəqə verərdi. Bununla birlikdə orta vəziyyətdə olan qurban sahibinin, baxmaqla məsul olduğu şəxslər çox olarsa, qurban ətini onlara ayırıb qoyması məqsədəuyğundur.

3. Qurani-Kərimdən səcdə ayələri oxunduqda səcdə etməyin hökmü və şəkli necədir? Kaset və ya CD-dən Qurana qulaq asanlar üçün hökm dəyişirmi?

Cavab: Qurani-Kərimdə on dörd yerdə səcdə ayəsi vardır. Bu ayələrdən birini oxuyan və ya dinləyənin etdiyi səcdəyə “tilavət səcdəsi” deyilir. Uca Allah belə buyurur: “Onlara nə olub ki, iman gətirmirlər? Özlərinə Quran oxunduqda səcdə etmirlər?”(İnşiqaq, 84, 20/21; bundan başqa digər səcdə ayələri üçün bax. Əraf, 7/206; Rəd, 13/15; Nəhl, 16/50; İsra, 17/109; Məryəm, 19/58; Həcc, 22/18; Fürqan, 25/60; Nəml, 27/25; Səcdə, 32/15; Sad, 38/25; Füssilət, 41/38; Nəcm, 53/62; Ələq, 96/19). Əshabələrdən rəvayət edilən müxtəlif hədislərdə Hz. Peyğəmbərin (s.ə.s) səcdə ayələrini oxuduqdan sonra dərhal səcdəyə qapandığını bildirilmişdir (bax. Buxari, Sücud, 8, 9, 12). Qeyd edilən dəlillərə istinad edərək, hənəfilər tilavət səcdəsinin vacib olduğu qənaətinə gəlmişlər. Digər üç məzhəbə görə isə, tilavət səcdəsi sünnədir. Onların dəlili isə Zeyd ibn Sabitdən nəql edilən: “Hz. Peyğəmbərə Nəcm surəsini oxudum və bizdən heç kəs səcdə etmədi” hədisidir (bax. Buxari, Sücud, 6; Müslim, Məsacid, 106; Tirmizi, Cuma, 52; Nəsai, İftitah, 50). Bundan əlavə, Hz. Ömər “Nəhl” surəsindəki səcdə ayəsini ikinci cümədə oxumuş və camaatı səcdə edib-etməməkdə sərbəst buraxmışdır. Belə ki, Ömər demişdir: “Səcdə edən savab qazanar, səcdə etməyənə isə hər hansı günah yoxdur.” Hz. Ömər özü səcdə etməmişdir. Abdullah İbn Ömərin rəvayətində belə qeyd olunur: “Allah bizə səcdə etməyi fərz buyurmamışdır, lakin özümüz istəsək edərik” (bax. Buxari, Sücud, 10).

14 səcdə ayəsinin bir qismi müşriklərin Allaha boyun əyməməsi və səcdə etməkdən boyun qaçırması ilə bağlıdır. Bir qismində isə, möminlərə səcdə etmək əmr olunur. Məhz bu səbəbdən, səcdə ayələrini oxuyan və eşidən həm Allahın əmrinə tabe olmaq, həm də müşriklərin üsyanına münasibət bildirmək üçün səcdə etməlidir.

Tilavət səcdəsi edilərkən bədən və paltar təmiz, edən şəxs isə dəstəmazlı olmalıdır. Daha sonra isə tilavət səcdəsi etmək niyyəti ilə qibləyə çevrilərək əlləri qaldırmadan “Allahu əkbər” deyib səcdəyə qapanılır və 3 dəfə “sübhanə Rabbiyəl-ələ” dedikdən sonra “Allahu əkbər” deyərək səcdədən qalxılır. Tilavət səcdəsindən sonra ayağa qalxarkən “ğufranəkə Rabbənə və ileykəl məsir” demək müstəhabdır.

Tilavət səcdəsini etmək üçün eşidilən ayənin səcdə ayəsi olduğu bilinməlidir. Ona görə də eşitdiyi ayənin səcdə ayəsi olduğunu bilməyənə talavət səcdə vacib deyil. Cd, radio, televizor və s. kimi kütləvi informasiya vasitələrində Quran dinləyərkən səcdə ayəsi oxunar, dinləyən də bunun səcdə ayəsi olduğunu bilməzsə səcdə etmək vacib olmaz. Ancaq oxuyan şəxs dinləyiciləri xəbərdar edər və ya Quranı tərcüməsindən oxuyan, yaxud izləyən şəxs səcdə ayəsi olduğunu anlayarsa, səcdə etməlidir.

4. İslam dininə görə uşağı olmayanların övladlığa uşaq götürməsi caizdirmi?

Cavab: Övladlığa uşaq götürmək yalnız baxmaq, böyüdüb başa çatdırmaq, qanadı altına almaq, ölmədən var-dövlət bağışlamaq üçün uşağın himayə edilməsi məqsədilə həyata keçirilir. Uşağın ata-anası ilə nəsil baxımından münasibətini tamamilə kəsib başqa bir soyadına keçirmək və varis təyin etmək mənasında övladlıq caiz deyil. Hz. Peyğəmbər (s.ə.s) xüsusilə yetimlərin himayə edilməsini təşviq etmiş, onların hüquqlarının qorunmasını tələb etmiş və bunu yerinə yetirənlərin cənnətdə özü ilə birlikdə olacaqlarına dair müjdə vermişdir. Yoxsullara kömək etməklə bağlı ayələr və hədislər həddindən artıq çoxdur. Lakin vurğulamaq lazımdır ki, himayə altına alınan, ailədə baxılan, yetişdirilən uşaq (nikah düşməyəcək qədər) yaxın qohum deyilsə naməhrəm hesab olunur. Məhz bu səbəbdən, həddi-büluğa çatdıqdan sonra naməhrəmlik münasibətləri gözlənməlidir.

Odur ki, bir uşağı başqasının öz himayəsinə götürməsi, onu evində böyütməsi İslamda qadağan deyil. Əksinə, bu kimi davranışlar təşviq edilmişdir. Lakin uşaq əsil ailəsini bilməli, miras, nəfəqə və naməhrəmlik kimi mövzularda lazımi tədbirlər görülməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz