Quran Oxuyarkən Diqqət Ediləcək Ədəb Qaydalari

Quran Oxuyarkən Diqqət Ediləcək Ədəb Qaydalari

Quran oxuyan şəxsin diqqət edəcəyi bir çox ədəb qaydaları var. Burada həmin ədəb qaydalarından Rəsulullahın sünnəsinə uyğun və məşhur olanları haqqında söz açmaq istəyirik.A

Quran oxuyan şəxs ilk növbədə ixlaslı olmalı və bununla sadəcə Allah-Təalanın rizasını tələb etməlidir. Bunun xaricində riya və göstəriş üçün, hər hansı maddi maraq üçün Quran oxumamalıdır. Quranın ədəbi ilə ədəblənməli, Allah-Təalanın hüzurunda olduğunu, Ona dua və niyaz etdiyini təfəkkür etməlidir. İlahi kəlamı sanki Allah-Təalanı görürmüşcəsinə oxumalıdır. Çünki insan Allah-Təalanı görməsə də O insanı görməkdədir.

Quran oxumağa başlamazdan əvvəl misvakdan istifadə etməlidir. Quran oxumağa başlamazdan əvvəl ağzı misvak və ya fırça ilə təmizləmək bəyənilən işdir. (Misvak daha çox Ərəbistanda bitən əraq ağacından hazırlanır. Rəsulullah (s.ə.s) dişlərini bu ağacla təmizləyərdi. Həmin ağacın budaqları fırça şəklindədir. Eyni zamanda insanın sağlamlığına da çox xeyirdir.) Bir sözlə, Quran oxuyan insan ağız təmizliyinə diqqət etməlidir.

Quran oxuyan adam xüşu (Allah qorxusu), təvazö və təfəkkür halında olmalıdır. Səmimi-qəlbdən Quran oxuyan adamdan istənilən də məhz budur. Quran bu hal üzrə oxunduğu zaman qəlblər rahatlıq tapar və nurlanar. Sələfdən (İlk dövrkü müsəlmanlardan) elə şəxslər olmuşdur ki, gecə boyunca yalnız bir ayə oxuya bilmiş və hətta bəziləri gecənin böyük bir qismində bir ayəni düşünərək ağlamış və sonda dözə bilməyib bayılmışdır.

Quran oxuyarkən ağlamaq müstəhəbdir. Ağlaya bilməyənlər isə təklikdə ağlayırmış kimi etməlidirlər. Çünki Quran oxurkən ağlamaq, ariflərin sifəti və Allahın saleh qullarının əlamətidir. Allah-Təala Quranda belə buyurur: “(Ya Rəsulum, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar. Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (möminlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.” (əl-İsra, 107-109)

         İbrahim əl-Havvas (rəhmətullahi əleyh) demişdir: “Qəlbin şəfa tapması bu beş şeylə mümkündür;

1.     Düşünərək Quran oxumaq

2.     Mədəni ağzına qədər doldurmamaq

3.     Gecələri ibadətə qalxmaq

4.     Səhər vaxtlarında Allah-Təalaya dua edib yalvarmaq

5.     Əməlisalehlərlə bərabər olmaq

Quran oxuyanın riayət edəcəyi ədəblərdən biri də Quranı gözəl səslə oxumaqdır. Quranı ağzı çox əzib-büzmədən, hərflərin məxrəcini pozmadan, gözəl səslə və bəzəyərək oxumaq müstəhəbdir. Əgər insan gözəl oxuyacağam deyərək ifrata gedərsə, bir hərf artırar və ya avaz edərkən bir hərfi oxumadan keçərsə, bu haramdır. Quranı mahnı və ya muğam kimi oxumaq olmaz. Onu özünə xas şəkildə hərflərin haqqına verərək gözəl səslə oxumaq lazımdır. Çox təəssüf ki, günümüzdə insanlar oxuyanın nə oxuduğuna deyil, avazına qiymət verirlər.

Quranı səsli oxumaq. Alimlər demişlər ki; Səssiz oxumaq, hər zaman riyadan uzaqdır. Əgər riya qorxusu yoxdursa, səsli oxunması daha fəzilətlidir. Fəqət burada da bir şərt var. Bu adamın yanında namaz qılan, yatan və diqqət toplanması lazım olan bir iş görən olmamalıdır. Səsli oxumaq ona görə fəzilətlidir ki, səsli oxuyanda başqaları da istifadə edir, oxuyanın qəlbi daha oyanıq olur, bütün düşüncəsini tək bir nöqtədə toplaya bilir və öz qulağına gələn Quran səsi onu düşünməyə daha çox sövq edir. Eyni zamanda səsli oxumaq yuxunu qaçırdır, insana fərəh və sevinc verir, yanında olan qafil və tənbəl insanların oyanmasına vəsilə olur. Hz. Aişə (r.anhə) anamızdan rəvayət olunan bir hədisdə belə buyururlur: “Rəsulullah (s.ə.s) gecə vaxtı Quran oxuyan bir nəfərin səsini eşitdi. “Allah, ona rəhmət etsin! Həqiqətən də mənə filan-filan ayələri xatırlatdı. Mən onları filan-filan surələrdən çıxarmışdım.” buyurdu.”(Buxari, № 2655, Müslüm, №788)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz