Divan şeirini sevdirən yazar – İSKENDER PALA:
İskender Pala kimdir?
İskender Pala 1958-ci ildə Türkiyənin Uşak şəhərində anadan olmuşdur. 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsindən məzun olmuşdur. 1983-cü ildə divan ədəbiyyatı sahəsində doktor, 1993-cü ildə dossient, 1993-cü ildə isə professor adına layiq görülmüşdür. Klassik Türk şeirindən ilham alaraq qələmə aldığı hekayələr, esse və publisist yazıları ilə geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanır. Türkiyədə “Divan şeirini sevdirən adam” olaraq tanınan İskəndər Pala Türkiyə Yazarlar Birliyi Dil Mükafatı, AKDTYK Türk Dil Qurumu Mükafatı və Türkiyə Yazarlar Birliyi İncələmə Mükafatı ilə təltif edilmişdir. “Babildə Ölüm İstanbulda Aşk”, “Katre-i Matem” və “Şah ve Sultan”, “Od” adlı roman kitabları yüz minlərlə tirajla nəşr olunmuşdur. Bir çox mükafatla yanaşı Türk Patent İnstitutu tərəfindən marka mükafatına layiq görülmüşdür. Evlidir, üç övladı var. Uşak Universitetində çalışır.
İrfan: Bakını necə gördünüz?
İskender Pala: Qeyd edim ki, Azərbaycana təxminən 8 il əvvəl də gəlmişdim. O gəlişimdə təbii ki, Bakıda da oldum. O zamanlar Bakı indiki kimi inkişaf etməmişdi. Düzdür inkişaf etmə mərhələsində idi, bu yolda böyük addımlar atılırdı, amma bu gün həmin fəaliyyətlərin bəhrələri görünür artıq. Bu gün gördüyüm Bakı tamam başqa Bakıdır, Azərbaycan tamam başqa Azərbaycandır. Şəhərləşmənin, mədəniləşmənin burada tamamlanmaq üzrə olduğunu müşahidə etdim.
İrfan: İskəndər bəy, kitablarınızda tez-tez təmas etdiyiniz bir xüsus var: EŞQ. Sizə görə eşqin fəlsəfəsi nədir? Qısaca olaraq bunu açıqlayardınzımı?
İskender Pala: Eşq ağıldan sıyrılmaqdır. Qeyri-ixtiyari hərəkətlər sərgiləməkdir. Əgər hələ də ağlınız “bunu belə et”, -deyirsə aşiq deyilsiniz. Sevgi ilə eşqin ayrıldığı nöqtə budur. Deyək ki, sabah biri ilə görüşəcəksiniz və onu sevirsiniz. Əgər axşamdan düşünürsənsə ki, sabah onu gördükdə belə edəcəyəm, bunu deyəcəyəm və bunları edə bilirsənsə, bu sevgidir. Amma vaxtı gəldikdə fikrində tutduqlarını unudursansa və nə etdiyini bilmirsənsə, bu eşqdir. Yəni sevginin bir üst mərtəbəsi.
Qeyd edim ki, eşq əsla kiminsə birisi qarşısında diz çöküb səni sevirəm deməsi ilə ortaya çıxan bir duyğu deyil. Eşq heç vaxt söylənə bilməyən, buna görə də böyük olan, adını dilə salmamaq üçün sevdiyinin adını anmayan, adını anmamaqla yanaşı sevgini artıran bir duyğudur. Birisinə ideal sevgi ilə bağlısınızsa, üzünə baxmaqda çətinlik çəkərsiniz. Eşq hörmət və sayğı istəyir. Eşq özündən vaz keçməkdir. Məşuqu özündən üstün görməkdir. Öz kimliyini unutmaqdır. Sevdiyində fani olmaqdır. İnsanlar gözələ və gözəlliyə aşiqdirlər. Birisi başqa birini sevirsə, ona bir gözəllik görmüşdür ki, sevir. Bir adamın kimisə sevməsi ona qarşı olan duyğularını artırmağa başlayar və nəticədə onu sevgidən eşq mərtəbəsinə qaldırar. Əslində bundan sonra da bir sonrakı mərhələyə keçiş başlayır. Mütləq eşq dediyimiz ilahi eşqə qədəm qoyma mərhələsi.
İrfan: Yəni ilahi eşqə körpü...
İskender Pala: Bəli, bəşəri eşqlər ilahi eşqə gedən yolda bir növ hazırlıq rolu oynayır. İnancımıza görə Allah-Təala bizi və kainatdakı məxluqatı, hətta zərrələri yaratmamışkən ruhlarımızı hüzurunda topladı. Buna “Ələst bezmi” deyirik. Orada Allah öz gözəlliyindən, camal sifətindən kiçicik bir zərrə göstərdi bizə. Ruhlarımız o nuru, gözəlliyi ilk dəfə orada daddı. Ogündən başlayan eşq qəlbimizdə yer etdi. Hələ də o gözəlliyin ardınca düşürük. Gözəl söz, gözəl səs, gözəl çiçək, bir sözlə, gözəl nə varsa hamısı bizi özünə cəzb edər. Bütün bu gözəllər bizi Ona, mütləq gözələ səsləyir. Buna görə bəşəri eşqlər ilahi eşqə gedən yolda ilk pillə qəbul edilmişdir. Yunus Əmrə şübhəsiz ki, həyat yoldaşını çox sevmişdir. Mövlana Şəmsi çox sevmişdir, yoldaşını çox sevmişdir. Amma bütün bunlar onların bir pillə də yuxarı çıxmasına səbəb idi. Təəssüf ki, biz eşqi iki insan arasındakı yaxın əlaqə zənn edirik. Halbuki bir çayın axması da eşqdir, qəlbin döyüntüsü də. Bəzən bülbülün oxuması da eşqdir, yağışın yağması da. Füzuli eşqi Dəclənin sularında görürdü. Su qəsidəsində Hz. Peyğəmbəri anlatmaq üçün Dəclənin necə çırpındığını, başını daşdan-daşa vurduğunu seyr etdikdən sonra axış istiqamətinə baxır. Və bu çay mənim sevgilimin olduğu yerə doğru axır deyərək qələmindən “Ömürlərdir muttəsil” -deyə eşq tərənnümü süzülməyə başlayır. Yeri gəlmişkən deyim ki, Füzuli bununla türk ədəbiyyatının ən gözəl şeirini yazmışdır. Xülasə, eşq bəşəri duyğuları minimuma endirir. Bir növ oruc kimidir.
İrfan: Əsərlərinizdə İslam mədəniyyətinə və tarix kültürümüzə də tez-tez güzgü tutursunuz. Mədəniyyət, kültür... Bu ikisi arasında nə kimi əlaqə var?
İskender Pala: Səhv etmirəmsə, sizdə kültür və mədəniyyəti ifadə etmək üçün eyni sözdən istifadə edilir. Bizdə isə fərqlidir. Araşdırmalarıma əsaslanaraq belə bir qənaətə gəldiyimi deyə bilərəm: Kültür bu gün var olduğumuz nöqtədən keçmişə doğru uzanan kimliyimizin adıdır. Mədəniyyət isə olduğumuz nöqtədən etibarən gələcəyə doğru irəliləyişimizdir. Kültür adamı üzü geriyə dönük olandır. Bir adam kültürdən bəhs edirsə, deməli, tarixdən bəhs edir. Öz kültüründən bəhs edirsə, dilindən, dinindən, ədəbiyyatından, tarixindən bəhs edir. Kültür keçmişdən izlər daşıyır. Bəlkə ona görə də bəzən yanlışlıqla kültür adamları geriqalmış kimi qələmə verilir. Mədəniyyət isə bugünümüzdən gələcəyə qurduğumuz körpüdür. Mədəni olmaq üçün kültürü bir kənara qoyub gələcəyə addımlamaq imkansızdır. Keçmişimizi, tariximizi, ədəbiyyatımızı, dilimizi inkar edib gələcəyə yol almaq, mədəni olduğunu iddia etmək imkansızdır. Bir uşağın atasını və ya atanın uşağını inkar etməsi nə qədər qəribədirsə, kültürü inkar etmək də bir o qədər qəribədir. Bir millətin maddi və mənəvi dəyərlərinin toplamına kültür deyilir. sənət və fikir əsərləri, ortaq duyğu və dəyər mühakiməsi kültürə daxildir. Kültür insanlara xas deyil, tarixə və millətə xasdır. Əslində bir kültürə sahib olan hər kəs ona bir yenilik qatmalıdır. Lakin təəssüf ki, bu gün biz kültürümüzə nə isə əlavə etmək bir yana, babalarımızin bu mirasına layiqincə sahib ola bilmirik. Bu gün bizim borcumuz keçmişimizdəki bütün zənginlikləri dövrümüzə daşımaq və onlarla birlikdə gələcəyə addımlamaqdır. Olduğumuz yerdə qalmamalıyıq. Mədəniyyətimizi özümüz qurmalıyıq. Əks təqdirdə daxili münaqişə davam edəcəkdir. Mədəniyyətə indeksli çalışanlar bilməlidirlər ki, keçmişdən güc almadan müvəffəq olmaq imkansızdır. Belə bir mədəniyyət qurulsa da uzunömürlü olmayacağını bilmək lazımdır.
Qərbdə mədəniyyət sözünün qarşılığı sivilizasiya olaraq bilinir. Türkiyədə də sivil toplum örgütü, sivil düşüncə və s. sözlər buradan gəlir. Sivilizasiya sözü 1756-cı ildə ortaya atılmışdır. Bu fəlsəfə insanların sosial həyatı mədəni şəkildə yaşamasını əsas alır. Seçkin insanların həyat tərzi bir növ. Sənəti qoruyan, sənətə dəyər verən, öz kültürünü inkişaf etdirmək istəyən insanlar. 1789-da Fransada bu gerçəkləşdi. Çevriliş oldu, həbsxanalar boşaldı və bildiyimiz kimi Fransada yeni mədəniyyətin əsası qoyuldu. Biz isə mədəniyyətlə İmam Maverdidə, İbn Xaldunda tanış olduq. Dəfələrlə bu mədəniyyəti qurduq da, yıxdıq da. Türkiyə üçün qəsd edirən, Tənzimat dövründə yenidən mədəniyyətdən söz etməyə başladıq, amma hələ də 150 illik bir zaman zərfində Fransanın bir zamanlar 30-40 ildə bacardığını bacara bilmədik. Mədəniləşə bilmədik.
İrfan: Qeyd etdiyiniz İslam klassiklərində mədəniyyətin tərifi necə verilir?
İskender Pala: Mədəniyyəti izah etmək üçün Maverdi “Salahud-dünya” əsərində 6 maddədən xüsusi bəhs edir.
1. Tabe olunan din. Bu, vicdanlarda taxt quran, yaşanan bir din deməkdir. Dinin əmrlərinə insanların tabe olması deməkdir. Söhbət məcburi deyil, vicdanlara xitab edən bir din anlayışından gedir. Əgər bir insanın öz vicdanı onun polisinə çevrilibsə, bu zaman mədəniyyətdən danışmaq mümkündür. Əgər din insanların vicdanına hoparaq onları yönləndirirsə, bu zaman dediyimiz gerçəkləşər. Əks təqdirdə o mədəniyyətdə bir əskiklik var.
2. Ədalətin hər kəsə aid olması. Əgər bir ədalət sistemi hər kəsə eyni gözlə baxmırsa, burada da mədəniyyətdən söz etmək olmaz. Cemil Meriçin söylədiyi kimi əgər bir ölkədə ədalət “böyük milçəklərin dəlib keçdiyi, kiçik milçəklərinsə ilişib qaldığı hörümçək toruna bənzəyirsə” deyəcək bir söz yoxdur.
3. Ümumi asayiş. Bundan məqsəd nədir? Kiçik bir misal verim, əgər bir gün qapınızı bağlamağı yaddan çıxarsanız, geri qayıdıb bağlamaq ehtiyacı hiss etmirsinizsə, deməli, yaşadığınız bölgədə ümumi təhlükəsizlik bərqərar olmuşdur.
4. Toplumun rifahı. Bir cəmiyyətdə bütün fərdlərə şamil olan rifah həyatı. Bu qayda İslamda qonşusu ac ikən tox yatmamaq prinsipidir. Mənim bir az az olsun, amma qonşumda da olsun məntiqi...
5. Vizyon (ideal hədəf). Mən təbii olaraq yenə də Türkiyədən misal verəcəyəm. Uzun zamandan bəri ölkəmdə bir vizyon yox idi, indi isə bu var. Bir misal verim, İngiltərə iqtisadi inkişaf üçün 50 illik plan qurulduğu halda bizdə bu plan 5 illik qurulur, 3-cü ildə isə vaz keçilir. Dünyanın mədəni ölkələrində təhsil planları 40 illik nəzərdə tutulur, bizdə isə hər tədris ilində yeni bir təcrübəyə baş vurulur. Bunun ucbatından nə qədər gənclərimizin əməyi hədər oldu. Artıq son dönəmlərdə bu əngəli aşırıq, şükürlər olsun.
6. Yer üzünü abadlaşdırmaq. Bu, daşları üst-üstə qoyub hündür binalar tikmək deyil. Bundan məqsəd yer kürəsini kültür, elm və fikirlə abadlaşdırmaqdır. Bu, gülümsəmək deməkdir, insanların sülh şəraitində yaşamasıdır. Şəhərin divarlarını kültürlə hörməkdir. Könüllərin və zehinlərin abadlaşmasıdır...
Bu haqda son olaraq ifadə etmək istəyirəm ki, mədəniyyət bütün insanlığın əsla qaça bilməyəcəyi qədərdir. Çağımızın sancıları ancaq mədəniyyət sayəsində dinəcək. Mədəniyyət həqiqətin hegemon olmasıdır, güc-qüvvətin hakim olması deyil.
İrfan: Azərbaycan dilinə də tərcümə olunan məşhur “Od” romanınız Yunus Əmrəyə ithafınızdır. Niyə məhz Yunus?
İskender Pala: Hər ölkəyə bir məktub yazılsa və deyilsə ki, dünyanın bütün millətlər iki şairinin şeiri ilə bir sərgidə iştirak edəcək, mən oraya Türk Ədəbiyyatından kimin şeirini göndərə bilərəm? Bu iki şair əlbəttə ki, Nazim Hikmət və ya Necip Fazıl Kısakürəki olmayacaq. Bütün şairlərimizi ələyib sərgiyə iki şeir göndərəcək olsam, bunun biri Yunus Əmrə, digəri Füzuli olacaqdır. Bir çox şair vardır ki, 60-70 ildən sonra ədəbiyyatın aktiv tədavülündən çıxacaqdır.
Ancaq bundan 60 il sonra da, 200 il sonra da Yunus eyni coşqu ilə oxunacaq, Füzuli eyni rəğbəti görəcək. Mən Yunusu sevirəm, çünki onun şeirlərini yazdığı dil ilə mənim aramda heç bir sərhəd yoxdur. Onun öz dövründə işlətdiyi türkcə ilə bu gün mənim anladığım türkcə arasında heç bir maneə yoxdur. Bu gün divan ədəbiyyatı geniş kütlələr tərəfindən oxunmur. Yeni nəsilləri Yunuslarla, Füzulilərlə tanış etməyin yolu kimi həyatlarını və yaşam fəlsəfələrini romanlaşdıraraq oxucuya təqdim etməkdə görürəm.
ŞƏRHLƏR