Qurban Həyati Və Ölümü Ona Həsr Etməkdir

Qurban Həyati Və Ölümü Ona Həsr Etməkdir

Bütün İslam aləmində özünəxas yeri olan və coşqu ilə qarşılanan Qurban bayramı əslində iki sevincin bir arada yaşandığı mübarək bir zamandır.

Həm qurban sevinci, həm də gündəlik beş vaxt namazda yönəldiyimiz Kəbeyi-Müəzzəməni ziyarət edə bilməyin sevinci. Əlbəttə, ikinci xüsus tam mənası ilə “Kəbə evini ziyarət etməyə gücü çatanlar”[1]a aiddir. Lakin müsəlmanların qəlbində Kəbəyə olan sevgi, məhz Kəbənin olduğu mübarək torpaqlara olan eşq əslində hər kəsi bugünlərdə müəyyən qədər təlatümə gətirir. Ən azından hər il həcc səfərinə çıxanları böyük coşqu ilə yola salan xalq kütlələrini müşahidə etmək bunu deməyə imkan verir. İnsanlar var ki, özü gedə bilmədiyi üçün məhrumiyyətin verdiyi hüznü yaşasa da, eyni zamanda zəvvarları yola salmağın hədsiz sevincini dadırlar. Buna isə bir məna vermək olar: Bir növ Rəbbin hüzuruna gedənlərə yaxın olmaq, həcc yolçularının gözlərində qalan son görüntülərdə olmaq istəyi. Bəlkə də belə etməklə gözlə görünməyən zərrələrimizi onlarla həccə yollamaq istəyi. Sanki hər kəs yaşadığı sevinci, kədəri, hüznü, eşqi və coşqunu zəvvarlarla birlikdə yer üzüdə insanlar üçün qurulmuş ilk məbədə - Kəbəyə, Allah Rəsulunun havasını udduğu, küçələrində gəzdiyi Məkkə və Mədinəyə göndərir. Əslində şüurlu olaraq etmirik bunu. Bu, oralara olan eşqimizin təhtəlşüurumuza təsirinin bir nəticəsidir.  

Həccin lüğət mənası təzim və hörmətə layiq yerləri ziyarət etmək deməkdir. Bildiyimiz kimi İslamda ibadətlər üç qisimdə topanır:

1. Bədən ilə edilən ibadətlər. Namaz, oruc kimi.

2. Mal ilə edilən ibadətlər. Zəkat, sədəqə kimi.

3. Həm bədən, həm də mal ilə edilən ibadətlər.

Üçüncü qismə girən həm bədən, həm də mal ilə edilən ibadətlərin ən zirvəsində yəqin ki, həcc ibadəti gəlir. Çünki bir insanın həcc etməsi ona qiyamətin kiçik mənzərəsini seyr etdirir, məhz o günü bu dünyada ikən qismən yaşadır. Həcdə insanın yaradana eşqi var, Onun yaratdıqlarına, xüsusilə “Allahın nişanələri” dediyi yer və əşyalara böyük hörmət və təzim var, İslam birliyi, qardaşlıq və yardımlaşma şüuru var. “Yalnız Ondan gəldik və yalnız ona qayıdacağıq”[2] gerçəyini idrak var.

Həcc və qurban bir-birindən ayrılmaz iki ibadət növüdür əslində. Dilimizdə Allaha yaxınlaşmaq mənasına gələn qurban əslində Yaradana yaxınlaşmaq üçün atdığımız hər addım, bu niyyətlə aldığımız hər nəfəsdir. Bu mənada həccin özü də bir qurbandır. Ehram Allah üçün bütün sahib olduqlarından vaz keçməyin simvoludur, bir qurbandır. Qızmar günəş altında Ərəfatda gözləmək Haqqın yazdığı qədərə təslimiyyətin simvoludur, bir qurbandır. Daşdan tikilmiş Kəbənin başına dolanmaq bir ömür ilahi əmr və qadağalara bağlılığın etirafı, eşqin pərvanəsinə çevrilməyə dair verilən sözün isbatıdır və bu da bir qurbandır. Saçların təraş olması bir mənada “bütün zərrələrimlə yoluna qurban olmağa hazıram”, deməkdir. Minada şeytan daşlamaq eyni zamanda Haqq-Təalaya gedən yolda nəfsin arzu və istəklərini qurban etməkdir. Bir sözlə bütün ibadətimizdən məqsəd qurbandır. Namaz qurbandır, sədəqə qurbandır, zəkat qurbandır, oruc qurbandır… Qurban bayramında Allah üçün kəsdiyimiz qurbanlar bizə bu şüuru vermək baxımından Ona itaətimizin, yaxınlığımızın simvolik şəklidir bir növ. Qurban kəsərkən dua niyyəti ilə oxuduğumuz bir ayə var: “De ki: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”[3] Qurbandan məqsəd də məhz budur. Həyatı və ölümü Ona həsr etmək… Mövlana bu şüurdan məhrum qalan, işi sadəcə qan axıtmaqdan ibarət sananlar üçün nə gözəl xəbərdarlıq edir: “Keçinin kölgəsini qurban etmə!”.

Əqidəmizə qurbandan məqsəd ət üçün qan tökmək deyil, həcc etməkdən də məqsəd bir sıra yerləri turistik məqsədlə gəzib dolaşmaq deyil. Mövlananın dediyi kimi kölgə varlıqlardan sıyrılıb həqiqətə, Mütləq Varlığa yol almaqdır. Fərdlərin ruhi və mənəvi cəhətdən ucalıq qazanması, günümüzdən əsri-səadət cəmiyyətinə qapı açmasıdır. Mərhum İslam mütəfəkkiri Məhəmməd İqbalın dediyi kimi həcc dönüşündə zəmzəmlər, təsbehlər, təkkələrlə gəlmək deyil, Hz. Əbu Bəkrin sədaqətini, Hz. Ömərin ədalətini, Hz. Osmanın həyasını, Hz. Əlinin elm və şücaətini ruha hopdurmaqdır.

Qurbanlarınız və bayramınız Yaradana qurban (yaxınlıq) olsun!..    

 


[1] Ali-İmran, 97

[2] əl-Bəqərə, 156

[3] əl-Ənam, 162-163

 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz