Qurban İbadəti

Qurban İbadəti

Hər bayramın özünə xas ibadəti və adəti olduğu kimi qurban bayramı ərəfəsində də yerinə yetirilməsi lazım olan ibadətlər vardır. 

Bunlardan biri həcc etmək, digəri isə bayram günü qurban kəsməkdir.

Dinimzdə istəyə bağlı yardımlar olduğu kimi, üzərimizə fərz və ya vacib olan məcburi bəzi yardım hökmləri də vardır. Məsələn, zəkat, fitrə və qurban kəsmək kimi ibadətlər, əsas ehtiyaclarından başqa nisab miqdarında bir mala sahib olan zəngin hər müsəlmana dinimizin əmri, yəni üzərinə vacib olan bir ibadətdir. Nisab miqdarına sahib olan hər kəsin qurban bayramında qurban kəsməsi İmam Əbu Hənifəyə görə vacib, İmam Şafei və digər bəzi alimlərə görə isə müəkkəd sünnədir. Belə vəzifələrin yerinə yetirilməsində Allahın rizası və cənnəti vardır. İmkanı olduğu halda edilmədikdə isə Allahın qəzəbi vardır.

İslamın şüarından biri olan və böyük bir həyəcanla gözlədiyimiz qurban ibadəti ilk olaraq Hz. Adəm (ə.s) dövründə var olan bir ibadətdir (əl-Maidə 27). Başqa bir ifadəylə Allah üçün qurban kəsmək bəşər tarixi qədər qədim və köklü bir ibadətdir. İnsanlıq tarixi boyunca tətbiq edilərək bugünümüzə gələn qurban ibadəti məqsəd və şəkil baxımından fərqli olmaqla birlikdə, bütün dinlərdə mövcuddur. Qurani-Kərimdə Həcc surəsinin 34-cü ayəsində belə buyurulmaqdadır: “Biz hər bir ümmətə (qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi  heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin ilahınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” (əl-Həcc 34).

Tarixi insanlıq tarixinə bərabər olan qurban eyni zamanda Hz. İbrahim (ə.s)-ın imtahanıdır. Hz. İbrahimin və oğlu Hz. İsmayıl (ə.s)-ın Allaha təslimiyyət nişanəsidir (əs-Saffat 102). “Qurban kəs” əmri isə Kövsər surəsinin 2-ci ayəsində: “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” şəklində buyurularaq əmr edilmişdir.

Qurban lüğət etibarilə yaxın olmaq, yaxınlaşmaq mənasındadır. Dini termin olaraq isə Rəbbimizin rizasına yaxınlıq qazanmaq üçün ibadət məqsədilə müəyyən heyvanların üsuluna görə kəsilməsi ilə yerinə yetirilən mali bir ibadətdir.

Qurban ibadəti hicrətin ikinci ilində əda edilməyə başlamış və Hz. Peyğəmbər (s.ə.s) bu tarixdən etibarən hər il qurban kəsmişdir.

Qurban ağıllı, həddi-büluğa çatmış, müsəlman, azad, muqim və qurban kəsəcək qədər zəngin hər kişi və qadına vacibdir.

Uca dinimizin dinən zəngin sayılan müsəlmanlardan yerinə yetirməsini istədiyi qurban ibadəti kəlmə mənasında olduğu kimi möminlərin Allaha yaxınlaşmasına vəsilə olan bir ibadətdir.

Uca Rəbbimiz bir çox canlı və cansız varlığı insanların xidmətinə vermişdir. Qurbanlıq heyvanlar da bu qəbildəndir. Elə isə bir müsəlman qurban kəsməklə Allahın verdiyi bu nemətlərə feli bir təşəkkür etmiş olur.

Hz. Peyğəmbərimizin (s.ə.s) bir çox hədislərində imkanı olanların qurban kəsməsi əmr edilmiş, bu gücə sahib olduğu halda qurban kəsməyənlər haqqında: “Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim məscidimizə yaxınlaşmasın” (İbni Macə) -deyə buyurulmuşdur. Bundan başqa “Ey insanlar! Hər il, hər ev xalqına qurban kəsmək vacibdir” (İbn Macə) buyuraraq qurban ibadətinin həssasiyyətlə yerinə yetirilməsi gərəkən bir ibadət olduğunu bildirmişdir. Peyğəmbərimiz özü də qurban ibadətini heç tərk etməmişdir. Bu da sözügedən ibadətin əhəmiyyətini bir daha ortaya qoymaqdadır.

Əziz Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Adəm oğlu qurban bayramı günündə Allah üçün qurban kəsməkdən daha sevimli bir iş etmiş olmaz” (Tirmizi) buyuraraq bu ibadətin inananlar üçün nə qədər fəzilətli olduğunu ifadə etmişdir.

Bir müsəlmanın qurban niyətilə bir heyvanı kəsməsi həm malından bir fədakarlıq, həm də Allahın rizası üçün edilən əhəmiyyətli bir ibadətdir.

Allah üçün qurban kəsmək mali bir ibadət olduğu kimi sosial həyat baxımından da əhəmiyyətli bir yardımlaşma və həmrəylik vəsiləsidir. Çünki kəsilən qurbanın ətindən qonşular, qohumlar, yoxsul, kasıb və möhtac olan hər kəs faydalanır. Və beləcə üzərimizə vəzifə olan bu qurbanlar cəmiyyət içərisində qurban kəsənlərlə kəsməyənlər arasında səmimi bir yaxınlıq, əlaqə, sevgi və hörmətin inkişaf etməsinə, qardaşlıq bağlarının qorunmasına, möhkəmlənməsinə səbəb olur. Allah yerdə və göydə nə varsa, hamısını bizim xidmətimizə və əmrimizə vermişdir. Bunun müqabilində də bütün bu əməllərimiz bizim Allaha olan iman, sədaqət, məhəbbət və təslimiyyətimizin, bizə verilən bu qədər nemətlərə şükrümüzün felən və mal ilə bildirilməsi deməkdir.

Qurban ibadəti həmçinin insana sərvətini başqalarıyla paylaşa bilmə əxlaqını qazandırır, onu xəsislik xəstəliyindən, dünya malına hədsiz dərəcədə hərislikdən qurtarır.

Qurban fədakarlığın, bağlılığın, sevginin və məhəbbətin ifadəsidir.

Müsəlman qurban kəsməklə İbrahim (ə.s) kimi Allaha bağlılığını və gərəkərsə Onun uğrunda hər fədakarlığı edə biləcəyini göstərmiş olur. Kəsdiyimiz qurbanlar Allah rizası uğruna candan və maldan vaz keçə biləcəyimizin bir isbatıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz