Ölüm dirilişimiz olsun!..

Ölüm dirilişimiz olsun!..

Ölüm nədir?

Ölüm – sənin, mənim, hər kəsin dadacağı bir şeydir. Biz necə ki, doğulanda bizdən soruşulmadı: “doğulmaq – yaşamaq  istəyirsinizmi?”, eləcə də öləndə soruşulmayacaq “ölmək istəyirsinizmi?”..

Ömrümüz bir filmdir. Biz yazılmış bir ssenarini oynayırıq. Rejissorun “Kəs” dediyi yerdə dayanırıq. Tək fərqi odur ki, burada ikinci dubl olmur. “Tüh..!(lənət şeytana!), Yenə yanlış etdim. Başdan ala bilərikmi, Tanrım?” demək mümkün deyil.

Və hər insanın finalı “ölüm səhnəsi” ilə bitməlidir. Bu sonluq kiminə görə xoşbəxt sonluqdur, kiminə görə bədbəxt.

Xoşbəxt sonluq o halda ola bilər ki, müsəlman olaraq ölürsən. Bədbəxt sonluğu isə siz düşünün artıq...

Bir söz var: “Ölümün də xeyirlisi olsun”.  Sizə “ölüm olsun canına” deyənlərə sadəcə gülün və “-Xeyirlisindən” deyin. Çünki onlar sizə qarğış etmir, olacaq şeyi arzulayırlar. Olacağa çarə yoxdur. Əgər o olacaq ölümdürsə..

Xoşbəxt o bəndə deyilmi ki, ürəyiaçıq, gülərüzlə dünyadan köçsün. Nəyə lazım illərlə əlləş-vuruş, var-dövlət yığ, heç kimə zərrə qədər yardım etmə, kasıb olanlara əl tutma, nəhayət, o sərvətinlə ölümün qarşısında aciz qal. Əlin-qolun bağlansın, yığdığın dövlətin heç olduğunu anla və ölümün üzünü görəndə bağrın çatlasın, öl..

İstədiyimiz şəkildə yaşadığımız həyatda, istəmədiyimiz şəkildə ölə biləcəyimizi düşünün.. Savabları bir qırağa qoyduq, cavablarınızı düşünün. Allah (c.c) nələri fərz qıldı, biz nələri “fərz etdik”, bir düşünün...

“Allahdan ucuz ölüm istəyirəm“ deyənlər də görmüşük.  Halbuki ölüm sifarişlə deyil (muzdlu qatillərin öldürməsi nəzərdə tutulmur), ucuz və ya baha olsun.  Şərəflisi və şərəfsizi olur. Nə isə... Xeyirlisindən, şərəflisindən deyək...

Ölüm gözləmədiyin anda gələr. Gözləmədiyin yerdən çıxa bilər. Ölümə hazır olmaq gərəkdir. Əbəs yerə deyilməyib ki, “filankəs durduğu yerdə öldü”. Bu səbəbdən də bir şeyi unutmayaq ki, ölüm haqdır və ondan qaçış yoxdur. Ölüm yaşamaq qədər gerçək bir şeydir.

Ölümdən qaçma. Ölümdən qaçarkən nəfəsimiz kəsilir – ölürük..

Çox istərdim sizə əyləncə olsun deyə bu yazımın yerinə nəsə yazıb gülməkdən öldürüm, amma nə həddimə! Öldürmək və diriltmək Allaha məxsusdur. “Doğrusu, öldürən və dirildən Odur.” (Nəcm surəsi, 44)

Narahat olmayın, ölmək varsa, dirilmək də var. Əsas odur; DİRİLİYƏ HAZIR OLUN!!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz