“Ah minəl-Eşq” bu yurdda dərindir
Qas kəndi Zaqatala rayonunun ən ucqar dağ kəndlərindən biri olmuşdur.
Kəndin sakinləri müxtəlif səbəblərə görə ətraf kəndlərlə birlikdə 1969-cu ilin sentyabrından başlayaraq indiki Əli Bayramlı kəndinə köçürülmüşdür. Sovet dövründə buranın məscidi bir müddət anbar kimi istifadə edilmiş sonra da uçmuşdur. Reyhan abayın dediklərinə görə kənd elm və irfan adamları ilə digər kəndlər arasında seçilirdi. Kənd məscidi olmasına baxmayaraq məscidin kitabxana rəfləri kitabla dolu idi. İbrahim əmi Zakir oğlu isə kəndin ən böyük iki alimi Hacı Kazım və Hacı Məhəmməddən, onların geniş mədrəsə fəaliyyətlərindən, eyni zamanda Müslimət nənənin dərs fəaliyyətindən yanğı ilə bəhs edir.
Kitabxananın cüzi bir qismi əlimizə çatsa da əlyazma əsərlərin elmi cəhəti, bölgəyə xas 20-dən çox ənənəvi “kəhf” cüzləri, təzhib nümunələri, qamış qələmlər və sair eksponatları kəndin elm-irfan səviyyəsini göstərmək nöqteyi-nəzərindən əyani sübutdur. Şamxal Hacı İsmayıl oğlu, Nəzir Şamxal oğlu, Aydəmir Hacı Ramazan oğlu, Molla Həmid İskəndər oğlu, Sufi Əhməd, Ramazan İsa oğlu, Bilal Hacı Bayram oğlu kimi qələm sahibləri kitabxanaya aid əlyazmalar arasında ən gözəl xəttattlıq nümunələri göstərmişlər. Ancaq bütün bunlar arasında bir miniatür var ki, nəzər diqqətimizi xüsusi cəlb edir.
Bu, şəkildən (şəkil-1.) də görüldüyü kimi məscid divarından qoparılmış “اهـ من العشق / Ah minəl-Eşq” miniatürüdür. Dərkənar qeydlərdən aydın olur ki, miniatür 110 il əvvəl Peterburqda təsdiqlənmiş, litoqrafiyası isə Kazan universitetində ərsəyə gətirilmişdir.
Əsərin məhz bu yurdda, belə bir məkanda aşkar olması bölgədə böyük sufi alim Qütbül-Əqtab Almalılı Mahmud Əfəndi ilə çiçəklənmiş elm-irfan mədəniyyəti ilə bağlıdır. Çünki onun yetirmələri xüsusilə də XIX əsrdə rusların xristianlaşdırma siyasətinə qarşı bölgədə irfan məktəbləri quraraq onun əhatə dairəsində milli mənəvi dəyərlərin qorunmasına nail olmuşlar.
Ayrıca Qas kəndi qonşuluğunda özü də Qütb olduğu söylənən Molla Hacı Əfəndi ziyarətgahı, eyni zamanda nadir nüsxələrdən hesab olunan 1905-ci il Pterburqda çap olunmuş Xəlvəti, Şazəli, Qadiri və Nəqşi irfan yolunun silsilə miniatürlərinin həmin kənddə aşkar olması bu yurdun keçmişinin mənəvi dərinliyindən xəbər verir. Belə bir yerdə hələ nələrin aşkar olacağı davam edən tədqiqatlarımız arasında olsa da, mövzumuzun əsası olan “Ah minəl-Eşq” əsəri bölgədə bərq vuran sirli və ən parlaq əsərdir.
Əsərin təsvirinə gəlincə bu, Prof Dr. Ethem Cebecioğlunun “Tasavvuf Terimleri ve Deyimleri Sözlüğü” kitabı “AH” maddəsində öz əksini tapmışdır. Bəlkə də kitabda qeyd edilən nadir nüsxə də əlimizdəki eksponatın bir digər nüsxəsidir. Maddədə belə izah edilir:
“AH: Ərəb dilində daxili qüssə, həyəcan nidası. Eşq odu ilə bəndənin ruhi iztirabı. Allah kəlməsinin ilk (A) və son (h) hərflərinin bitişməsilə meydana gəlir ah, gədim miniatürlərdə belə təsvir olunurdu; Dağlar, vadilər, ağaclar, sular, çəmənlər hər yer yanır, hər şey alovlar içində, ox saplanmış bir qəlb, qan damır və üzərində “ah minəl-eşq” şəklində bir yazı. Bu şəkildə bir miniatür Ankara qalası içindəki Devderan Məscidində qiblə divarına asılı olaraq, dəyərli din alimlərindən Abdulhəlim Unal Bəyəfəndi tərəfindən qorunur. Həzrət İbrahim əleyhissalam çox ah edən (əvvah)lardandır” (http://dosyalar.semazen.net/e_kitap/TASAVVUF_TERIMLERI_VE_DEYIMLERI_SOZLUGU.pdf)
“Ah” nidası eşq ilə fəryadu-fəğan etməkdir. Seyyid Əzim Şirvanidə belə təsvir edilir:
“Yandırır atəşi-ahilə gülü gülzarı,
Çəkməyin Seyyidi yar olmasa, gülzarə tərəf”.
Təsəvvüf və sufizmdə “ah” bəndənin ilahi eşq odu ilə yanıb qovrulmasıdır. Bir növ ilahi eşqin qəlbdəki təcəllisidir.
“Sanmayın tələbi-dövləti cah etməyə gəldik,
Biz aləmə bir yar üçün ah etməyə gəldik”
-deyən şair Avni dünyaya gəlişini mövqe, məqam, mal və mülk dalınca düşmək üçün deyil, bir sevgili üçün ah etməyə gəldiyi sirrini izah etmişdir.
Bu sahənin mütəxəssisi məşhur divan ədəbiyyatı tədqiqatçısı İskəndər Pala mövzu haqda kitabında belə qeyd edir:
“Ha tərəfə baxarsa gördüyü “ah”dır eşqin;
Ah əlindən niyaz üçün məscidə girsə dəxi...
Minarəsi əlif, qübbəsi hə` dir, çünki camilərin...
Və hələ də əlifin bağrı şərha-şərha qan,
Və hələ iki gözü iki çeşmə “hə” nin .
Ərbabı eşqə pişə həmən hər gün “ah” imiş,
Hər bir nəfəs ki, “ah” ilə keçməz günah imiş.
Aşiq qəlbində od yanarkən gözündən bu odu söndürməyə yaşlar tökən adamdır. Nə var ki, bu göz yaşları o odun alovunu artırır və dumanını çoxaldır. Aşiq hər ah edişində qəlbindəki odun dumanını çölə atar və bu duman səmaya döğru uçub gedər. Fizuli öz eşq odunun dumanına səslənərək:
“Tut gözün ey dudi-dil çarxın ki, dövrün tərk edib,
Qalmasın heyrətdə çeşmi-gövhər əfşanım görüb ”
Ey eşq odu ilə yanan könlümün dumanı; Var get fələyin gözünü bağla. Ta ki, incilər kimi göz yaşları tökən gözümü görüncə, heyrətə düşüb dönməyi unutmasın. (İ. Pala, Kitabi-Aşk, s. 56.)
Eşq sirdir, gizlidir. Odu-alovu ancaq yanan qəlbləri qovurar. Yanmaq, bişmək istəyən yanğısını hiss etdirməz. Həmişə öz dərdi ilə dərdlənər, ilahi eşq mərkəzli bir həyat quraraq pərvanə tək həyatı boyu ətrafında dövrə vurar. Bu yolun yolçusu olana öz məsləhətində Fizuli belə demişdir:
Aşiqəm desən bəlayi-eşqdən ah eyləmə,
Ah edib ahından əğyarı agah eyləmə.
Dərdliyəm desən bəlayi-dərddən ah eyləmə,
Ah edib dərdsizləri agah eyləmə.
Yaşadığımız həyat özü eşq ilə dövran edir ki, əhlinin sözü ilə desək, eşq yerinə görə yol olar gəzmək üçün; eşq, yerinə görə iman olar əqidə üçün; bəzən dəniz olub boğar; şərab olub sərxoş edər; at olub qaçar, quş olub uçar; xəzinə olar viran könüllərdə saxlanar; sirr olar saxlanar; qönçə olub açılar; gül bağçası olub təravətilə aşiqləri məst edər; günəşindən aşiqlərin ümid meyvələri yetişər. (İ. Pala, Eyni adlı əsər.)
Bu minvalla hikmət dəryası coşub gedir, bitmək tükənmək bilməyən dənizlərə yelkən açır ki, suyu bol, küləkləri həzin, gəmiləri çox gendir. Şəfəqdə şölə saçan günəşlə aydınlanır, baxan gözləri heyrətdə qoyur. Sözünü etdiyimiz məna aləmi də Quran günəşi ilə, Quran iqlimində təzahür edir ki, “ah minəl-eşq” məfkurəsi özü bircə ayənin tək parçası “məhəbbəti onun bağrını qan etmişdir” (Yusif 12/30) möhtəvasında necə böyük fikir təlatümləri meydana gətirmişdir. Bu mədəniyyət müsəlman şərqə məxsus olan bir nemətdir. Şekspirdə bunu görmək mümkün deyil. Dantedə heç yoxdur. Bu, Azərbaycanımızda var. Zaqatalamızda var və dərindir.
ŞƏRHLƏR