Məkkə
Dünyanın müqəddəs şəhərlərindən olan Məkkə Ərəbistan Yarımadasında yerləşir. Səudiyyə Ərəbistanının ən böyük şəhəridir.
Bir tərəfdən Nəcdə və Ərəbistanın cənub hissəsində olan səhralıqlara uzanaraq geniş bir ərazini əhatə edir. Məkkənin əhalisi 1 milyon 7 yüz min nəfərə çatır. Hər il Qurban bayramı ərəfəsində şəhər sakinlərinin sayı dəfələrlə artır. Səudiyyə Ərəbistanının kralı eyni zamanda Məkkə və Mədinə şəhərlərinin xadimi və müdafiəçisi sayılır.
Bildiyimiz kimi İbrahim Peyğəmbərin həyat yoldaşı Həcər və oğlu İsmayıl Peyğəmbər Məkkə ərazisində yerləşdikdən və onların duası ilə bərəkətli Zəm-zəm suyunun burada qaynamasından sonra hadisədən xəbər tutan digər ərəb qəbilələri də buraya axışmağa başlamışlar. Məkkədə istifadə edilən içməli su quyu suyudur və bunların ən yaxşısı böyük tarixi kökə malik olan və məhz Həzrət İsmayılın ayağının altından axmağa başlamış Zəmzəm suyudur.
Hicaz İslam tarixində Ərəbistanın ən mühüm hissəsi hesab edilir və iki mühüm yerə bölünür. Bunlardan biri Təhamə adlanan aran ərazi, digəri isə dağlıq ərazidən ibarətdir. Təhamədə Məkkə, Ciddə və Yənbu kimi məşhur şəhərlər və limanlar mövcuddur. Dağlıq ərazidə isə nisbətən daha məhsuldar olan Mədinə və Taif yaylağı yerləşir.
Məkkə şəhəri Təhamə regionunun bir hissəsi olmaqla dəniz səviyyəsindən 330 metr hündürlükdə darısqal hilal şəklində olan dərədə Əbu Qubeys və Quəyqəan dağları arasında yerləşmişdir. Buranın havası çox isti və qurudur, suyu yalnız qışda yağışlar vasitəsilə quyulardan təmin olunurdu. Bəzi vaxtlar belə yağışlar dolu yağıntılara çevrildikdə az müddət ərzində böyük sellərin yaranmasına səbəb olurdu. Bu sellər ətraf dağlardan dərəyə doğru axır, şəhərin xarabalığa çevrilməsi təhlükəsini yaradırdı. Beləliklə də dəfələrlə sel təhlükəsi ilə qarşılaşan Kəbəni bu təhlükədən qorumaq üçün bəndlər tikilmişdir. Hal-hazırda da həmin bəndlərin qalıqları qalmaqdadır.
Şəhər Səudiyyə Ərəbistanı krallığının qərbində, Mədinə və Taif şəhərləri arasında yerləşir. Ərəb dilində kəndlərin (yaşayış yerlərinin) anası mənasına gələ Ümmül-Qura, Beytul-Əmin, Bəkkə kimi də qeyd olunur. Qurani-Kərimdə buyurulur:
“Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.” (Ali-İmran-96)
Bu ayədən aydın olur ki, Kəbə Allahın evidir və müqəddəsdir. Məhz bu ayə müsəlmanlar üçün Məkkə şəhərinin nə üçün bu qədər qiymətli olduğunu açıq-aydın göstərir.
Bətha adlanan dərənin dibində Kəbə yerləşir. Onun ətrafı Məscidul-Həramdır. Burada dağın döşünə qədər evlər salınmışdır. Qədimdən etibarən bu şəhər Yəməndən Şama və Fələstindən Misirə gedən ticarət yolunun kənarında yerləşdiyindən böyük əhəmiyyətə malik olmuşdur. Əhalinin təvaf və ziyarətgah yeri olan Kəbənin cahiliyyət dövründə də mövcud olması bu şəhərin əhəmiyyətini artırmışdır.
Məkkədə mövcud olan dağların içərisində iki dağın tarixi əhəmiyyəti böyükdür. Bunlardan biri Hira dağıdır. Peyğəmbər (s.ə.s) bisətdən qabaq bu uca dağda ibadət edərmiş və Allah tərəfindən ona burada vəhy göndərilmişdir. İkincisi isə Sur dağıdır. Bu dağ Yəmən yolunda Məkkədən bir ağaclıq məsafədə yerləşir. Peyğəmbər (s.ə.s) Məkkədən hicrət etdiyi zaman Hz. Əbu Bəkr ilə həmin mağarada gizlənmişdi. Quranda (Tövbə surəsi, 40-cı ayə) qeyd edilən hekayə bundan bəhs edir.
Məkkə orta əsrlərdə müxtəlif dövlətlərin ərazisinə daxil olsa də sonradan Allah-Təala tərəfindən Hz. Məhəmmədə peyğəmbərlik verilməsi və İslam dininin zəfər çalması nəticəsində yaranan ilk İslam xilafətinin paytaxtı olmuşdur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Bu gün bütün dünyada namaz qəlan və dua edən müsəlmanlar üzlərini məhz qibləyə, yəni Məkkə şəhərində yerləşən Kəbəyə tərəf tuturlar. Son peyğəmbər Həzrət Məhəmməd 571-ci ildə Məkkə şəhərində doğulmuşdur. Qurani-Kərim 610-cu ildə bu şəhərdə nazil olmağa başlamışdır.
Məkkədə Həzrət İsmayıl dövründə də əhali yaşamış və Qusey ibn Kilabdan (hicrətdən iki əsr qabaq yaşamış Peyğəmbərin (s.ə.s) dördüncü cəddi) əvvələ qədər əhali adətən çadırlarda yaşayırmışlar. Amma onun dövründən etibarən bu çadırların əksəriyyəti palçıqdan düzəldilmiş evlərlə əvəz edilmişdir.
ŞƏRHLƏR