SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Qurbanlıq heyvanlarda qurban kəsilməsi üçün yaş həddi varmı?

Cavab: Qurbanlıq heyvanlarda yaş həddi var və bu məsələ Hz. Peyğəmbərin (s.ə.s) hədisi-şərifi ilə müəyyən edilmişdir. 

(Əbu Davud, Dəhaya, 5; Nəsai, Dəhaya, 13) Belə ki, qurbanlıq heyvanlarda iri buynuzlu heyvanlarda 2 qəməri, qoyun və keçilərdə isə 1 qəməri ilin keçməsi şərtdir. Ancaq qoyunlarda 1 qəməri il keçməyib altı aylıq olan və 1 yaşındakı kimi kök olan heyvanlar da qurban kəsilə bilər. Qoyunlarda edilən sözügedən istisna şəxsən Hz. Peyğəmbər (s.ə.s) tərəfindən bildirilmişdir.(Müslim, Ədahi, 13) Ona görə də, bu istisnanı başqa heyvanlara da tətbiq etmək düzgün hesab edilməmişdir.

 

Sual: Qurban kəsmək əvəzinə sədəqə verməklə bu ibadət yerinə yetirilmiş olarmı?

Cavab: İbadətlərin rükn və şərtləri olduğu kimi məqsəd və hikmətləri də var. Bunları bir-birindən ayrı düşünmək mümkün deyil. Həmçinin ibadətlər yalnız əmr olunduğu vaxtda, tərzdə və sayda yerinə yetirilməlidir. Heyvanın kəsilməsi qurbanın rüknüdür. Hər bir ibadətin özünəməxsus yerinə yetirilmə forması var. Qurban ibadəti də yalnız qurbanlıq heyvanın üsuluna uyğun bir şəkildə kəsilməsi ilə yerinə yetirilə bilər. Məhz bu səbəbdən onun əvəzini infaq etməklə qurban ibadəti yerinə yetirilmiş olmaz. Hz. Peyğəmbər (s.ə.s) qurban bayramında Allah dərgahında ən sevimli olan ibadətin qurban kəsmək olduğunu, qurbanın kəsilən kimi Allah dərgahında məqbul olacağını və qurban edilən heyvanın hər bir hissəsinin insan üçün bir savab olduğunu bildirmişdir.(Tirmizi, Ədahi, 1) 

Onu da qeyd edək ki, Uca Allahın razılığına nail olmaq məqsədilə kasıb və yoxsullara kömək etmək, yaxşılıq və xeyirxahlıq etmək də müsəlmanın mühüm vəzifələrindən biridir. Zərurət dərəcəsində möhtac olana yardım etmək dinimizdə fərz qəbul edilmişdir. Ancaq bu iki ibadəti bir-birinin alternativi kimi təqdim etmək düzgün deyil. Bu səbəbdən bir heyvanı kəsmədən sədəqə kimi bir fağıra vermək qurban ibadəti yerinə keçmir. Həmçinin qurban pulunu da yoxsullara vermək surətilə qurban ibadəti yerinə yetirilmiş olmur.

 

Sual: Toyuq, xoruz və qaz kimi heyvanlar qurban olaraq kəsilə bilərmi?

Cavab: Şübhəsiz ki, qeyd edilən heyvanlar qurban kimi kəsilə bilməz. Çünki qurbanlıq heyvan növləri ayə və hədislərlə açıq-aydın müəyyən edilmişdir. Belə ki, qurbanlıq heyvanlar Qurani-Kərimdə “bəhimə” kəlməsi ilə vurğulanmışdır. Uca Allah belə buyurur: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanların üstündə (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!” (əl-Həcc, 22/28) Bu ayeyi-kərimədə “bəhimə” adı ilə qeyd edilən heyvanlar həmçinin başqa bir ayədə “səkkiz cüt” – qoyun, keçi, inək və dəvə olmaqla erkək və dişi kimi izah edilmişdir.

Bundan əlavə, qeyd edilən heyvanların müştərək xüsusiyyətləri vəhşi olmayıb ev heyvanı və cüt dırnaqlı olmasıdır. Bu iki xüsusiyyəti daşımayan heyvanlar qurban edilə bilməz. Odur ki, maral, ceyran və dağ keçisi kimi heyvanlar cüt dırnaqlı olmasına baxmarayaq yabanı olduğu üçün qurban edilə bilməzlər. Toyuq, xoruz və qaz kimi heyvanlar isə ev heyvanları olmasına baxmayaraq cüt dırnaqlı olmadığı üçün qurbanlıq üçün istifadə edilə bilməz.

 

Sual: Ölü qurbanı deyə bir qurban növü varmı?

Cavab: Dinimizdə ölü qurbanı və ya qəbir qurbanı deyə bir qurban növü yoxdur. Ancaq savabı ölüyə bağışlanmaq üzrə qurban kəsilə bilər. Bundan əlavə, qeyd edək ki, həyatda ikən qurban kəsilməsini vəsiyyət edənin qoyduğu miras kifayət edərsə, varislər tərəfindən vəsiyyəti yerinə yetirilməlidir. Hz. Əlinin də Hz. Peyğəmbər (s.ə.s) vəfat etdikdən sonra onun adına qurban kəsməsi və bunun Hz. Peyğəmbərin (s.ə.s) vəsiyyəti olduğunu bildirməsi məhz buna dəlalət edir. Odur ki, bu hədis vəsiyyəti yoxdursa, ölən üçün varislərinin qurban kəsmə məcburiyyətlərinin olmadığına dəlalət edir. Ancaq bir şəxs savabını ölən ana və ya atasına, yaxud digər yaxınlarına bağışlamaq üzrə kasıblara və yoxsullara yardım edə biləcəyi kimi, qurban da kəsdirə bilər. Əgər ölənin qurban kəsilməsi ilə bağlı vəsiyyəti yoxdursa, bu qurban ətini yoxsullara verə biləcəyi kimi, kəsən şəxs özü də yeyə bilər. Ancaq ölənin vəsiyyəti varsa, kəsilən qurbanın hamısı yoxsullara verilməlidir.  

 

Sual: Yuxuda qurban kəsməyi əhd edən bunu yerinə yetirməlidir?

Cavab: Əvvəla qeyd edək ki, peyğəmbərlərdən başqa insanların gördükləri yuxular qəti bir hökmə dəlalət etməməklə yanaşı, hər hansı məcburetmə qüvvəsi də yoxdur. Belə olan halda yuxuda qurban kəsməyi nəzir edən kəsin bunu yerinə yetirməsi vacib deyil. Çünki Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Üç nəfərdən məsuliyyət götürülmüşdür: yatan oyananadək, uşaq həddi-büluğa çatanadək və ruhi xəstə olan sağalanadək”. (Əbu Davud, Hüdud, 16)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz