ALLAH VİRTUAL ALƏMİN DƏ RƏBBİDİR

ALLAH VİRTUAL ALƏMİN DƏ RƏBBİDİR

İnsan həyatın hər mərhələsində olduğu kimi, ümumi olaraq rabitə və informasiya texnologiyası sahəsində, xüsusi ilə sosial mediada da əxlaqi qayda və qanunlara riayət etməlidir. İş əxlaqı, siyasət əxlaqı, iqtisadiyyat əxlaqı, elm əxlaqı, ticarət əxlaqı kimi fərqli sahələrdə olan əxlaqa son dövrdə əlavə edilən bir sahə də informasiya əxlaqıdır.

Elə ona görə də bu sahədə ictimaiyyətin, xüsusən də gənclərin maariflənməsi və bu sahədəki əxlaqi meyarların fərqində olunması məqsədi ilə bir qrup könüllü gənclərlə “Gənclər üçün Sosial Media Elmihalı” kitabını Azərbaycan dilimizə qazandıraraq gənclərimizə ərməğan etdik.

Əxlaq insanla əlaqəli bir kəlmə olduğu üçün həyatın hər mərhələsində lazımdır. Hətta sosial mediada belə...

Bəs “sosial media əxlaqı” nədir? Sosial media əxlaqından söhbət getmişkən ilk öncə bir neçə məsələni qeyd edək. Birincisi, unudulmamalıdır ki, Allah sosial medianın da Rəbbidir. Yəni virtual dünyanı da bir aləm olaraq görərək, bütün aləmlərin rəbbinin Allah olduğunun fərqində olunması lazımdır. İkincisi, virtual günah və adi həyatda işlənən günah deyə dinimizdə bir ayırma yoxdur. Günah günahdır. İstər virtual olsun, istərsə də adi həyatda, fərq etməz. Yəni günahın fiberi, rəqəmsalı, lisenziyalısı, lisenziyasızı yoxdur...

“Sosial Media Elmihalı” kitabında da qeyd olunduğu kimi, bu sahəni dəyərlərimiz baxımından iki formada incələyə bilərik:

1. Böyük bir nemət olaraq internet və sosial şəbəkələr.

2. Bir imtahan olaraq internet və sosial şəbəkələr.

İnanclı hər bir insan texnologiyanı və elmi inkişafı Allahın bir neməti olaraq gördüyü kimi, həyatda qarşısına çıxan bütün hadisələrə də bir imtahan nəzəri ilə baxar. Çünki həyat və ölüm bir imtahandır. Bu gün qlobal dünyada işğal və zülmlərin, günah və üsyanın artması müsəlmanların üzləşdiyi əsas bəlalardır. Bütün bunlarla yanaşı, texnologiyanın başgicəlləndirici sürətlə inkişafı ilə ortaya çıxan problemlər də üzləşilən imtahanlardan biridir.

Dinimizdə davranışlarla bağlı əsas meyar niyyətdir. Gündəlik həyatdakı davranışlarımızla birlikdə internet və sosial şəbəkələrlə bütün əlaqələrimiz, bəyəndiklərimiz, paylaşdıqlarımız, ismarıclarımız, endirdiklərimiz və digər fəaliyyətlərimizdə daşıdığımız niyyət bu hərəkətimizin bizim lehimizdə və ya əleyhimizdə olmasını müəyyən edəcəkdir. Bir məqamı da qeyd edək ki, sosial şəbəkələrdə bəzən yaxşı niyyətlə, ancaq düşünmədən gördüyümüz işlər, paylaşdığımız şəkillər və s. günaha qapı aça bilər. Ona görə də niyyətin təmiz olması ilə bərabər paylaşımların kimisə narahat edərək vəbala düşürməməsinə də diqqət edilməlidir.

Qurani-Kərimdə Allah-Təala Qiyamət günündə insanların ağızlarına möhür vurulacağını, əl və ayaqların isə etdikləri günahlar barəsində insanın əleyhində şahidlik edəcəyini bəyan edir. Bu bizə əllərin danışacağı həmin böyük gündə barmaqlarımızla düymələrə toxunaraq virtual həyatımızla əlaqəli işlədiyimiz əməllərimizdə barmaqların şahidlik edəcəyinin bəyanıdır. Mənim bu yazını yazarkən düymələrə toxunduğum barmaqlar, sənin jurnalı tutduğun o əllər və barmaqlar öz sahibləri üçün şahid olacaqdır.

Hələ virtual münafiqliyi demirəm. Saxta profillər, saxta adlar və hesablar...

Düşünək ki, peyğəmbərimiz bir gün bizi ziyarət etməyə gəlsə, ona həyatımızın hər anını göstərə bilərikmi? Onu bütün dostlarımızla tanış edə bilərikmi? Seyr etdiyimiz televiziya verilişlərinə onunla birlikdə baxa bilərikmi? Virtual aləmdəki profilimizi, facebook, instagram səhifəmizi, paylaşdıqlarımızı, bəyəndiklərimizi, bizi bəyənən dostlarımızı peyğəmbərimizə könül rahatlığı ilə göstərə bilərikmi?

Əgər bu suallara müsbət cavab veririksə, sevinə bilərik. Çünki internet imtahanında doğru yoldayıq. Yox əgər “aman ya Rəbbi, peyğəmbərimiz həyatımı, dostlarımı və virtual işlərimi görsə, onun üzünə necə baxa bilərəm?!” deyiriksə, yaşayışımızı yenidən diqqətlə gözdən keçirməliyik.

Yuxarıda qeyd olunanları göz önünə alaraq və sosial medianın bir nemət və eyni zamanda bir imtahan olması səbəbi ilə inanan insanlar olaraq namaz, oruc və s. əməllərimizin fiqhini, elmihalını öyrəndiyimiz kimi sosial medianın da elmihalını örənməyimiz labüddür. Bu gün internetlə birgə hər cür günahın və azğınlığın evlərimizin içinə daxil olduğu bir dövrdə bu yeni şəraitə qarşı davranışlarımız çox əhəmiyyətlidir.

Sosial Media Elmihalı kitabını oxuyan bir oxucu: “Mən sosial medianın bu qədər vəbala səbəb olduğunu bilmirdim. Əslində heç bu haqda düşünməmişdim də. Sən demə sosial medianın da bir əxlaqı varmış”, - deyə söyləmişdi.

Təəssüf ki, bu sahədə indiyə qədər məlumat əldə edəcəyimiz geniş çalışmalar aparılmamışdır. Məhz Sosial Media Elmihalı kitabı ilə bu boşluğu dordurmağı ümid edir və gələcəkdə də bu kimi çalışmaların davam etdirilməsini təmənni edirik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz