KEÇMİŞDƏN BU GÜNƏ ŞEYXÜLİSLAMLIQ

KEÇMİŞDƏN BU GÜNƏ ŞEYXÜLİSLAMLIQ

Çar Rusiyası Qafqazın işğalından sonra hakimiyyət orqanlarının əksəriyyətini olduğu kimi saxladı və onları yeniləri ilə əvəz etmədi. İşğal olunana qədər, Azərbaycanda yaşayan ruhanilər dövlət idarəçiliyinə və bölgələrdə ruhanilərin sayına görə dəyişirdi. 

Bəzi bölgələrdə xan tərəfindən qurulan Divanxanalar öz fəaliyyətlərini həyata keçirirdilər. 22 oktyabr 1788-ci ildə II Yekaterinanın verdiyi fərmanla Ufa şəhərində Rusiyada yaşayan müsəlmanların ruhani idarəsi təsis edilmişdi.

Qafqazda yaşayan müsəlmanların mənsub olduqları təriqətləri göz önündə tutan siyasi rejim 1823-cü ildə şeyxülislamlıq, 1832-ci ildə isə müftilik vəzifələrini bir-birindən ayrı olaraq təsis etmişdir. 1872-ci ildə isə mərkəzi Tiflis şəhərində olmaqla bir müəssisə altında, hər biri öz sahəsində yenə ayrı-ayrı fəaliyyət göstərən Ruhani İdarə qurulmuşdur. Sovet hakimiyyəti dövründə arxivlərin məhv olması səbəbindən ilk Şeyxülislamlar haqqında çox az məlumat var.

Məhəmməd Əli Hüseynzadə Qafqaz Müsəlmanlarının ilk Şeyxülislamı olmuşdur. Onun haqqında məlumat, demək olar ki, qeyri-mövcuddur.  O, şeyxülislam vəzifəsində 23 il, 1823-dən 1846-cı ilə qədər davam etmişdir. Şeyxülislam Məhəmməd Əli Hüseynzadə 1846-cı ildə vəfat etdikdən sonra Axund Fazil İrəvani bu vəzifəyə təyin olundu. Onun haqqında da heç bir məlumat olmasa da, yalnız bu vəzifədə 1847-1872-ci illər arasında 25 il işlədiyi məlumdur.

1872-ci ildə Şeyxülislam Fazil İrəvaninin vəfatından sonra Əhməd Hüseynzadə bu vəzifəyə təyin olunmuşdur. Tanınmış bir ilahiyyatçı olan Əhməd Hüseynzadə ərəb, fars dillərini bilirdi, dini ədəbiyyat, eləcə də ədəbi, tarixi və təhsil məsələləri ilə bağlı bir çox kitabların müəllifidir. Tərcüməçi olan Əhməd Hüseynzadənin tanınmış alimlərlə yaxın əlaqəsi olmuş və bəzi kitabları dəfələrlə dərc edilmişdir. O, 1887-ci ilə qədər bu vəzifədə çalışmışdır.

1887-1893-cü illərdə Axund Həsən Tahirzadə bu vəzifədə fəal idi, təəssüf ki, onun haqqında heç bir məlumat yoxdur.

1893-1907-ci illərdə Qafqaz Müsəlmanlarının Şeyxülislamı Abdüssəlam Axundzadə olmuşdur. O, dini ədəbiyyatı yaymaqda göstərdiyi yüksək fəaliyyəti ilə tanınır.

18 noyabr 1907-ci ildə Abdüssəlam Axundzadə vəfat etdikdən sonra, Axund Pişnamazzadə bu vəzifəni 8 il ərzində vəkalətən icra etsə də, rəsmi olaraq şeyxülislam təyin edilməmişdir. Nəhayət, 14 yanvar 1915-ci ildə şeyxülislam olaraq təyin edilmiş və 1918-ci ilə qədər bu vəzifədə qalmışdır.

1917-ci ildə Rusiyada Çar hökumətinin dağılması ilə əsası 1823-cü ildə qoyulmuş olan Şeyxülislamlıq vəzifəsi ləğv edildi. Bununla da keçən zaman zərfində altı şeyxülislamı olan idarənin fəaliyyəti dayandırıldı.

1917-ci il noyabrın 7-də Rusiyada baş verən inqilab nəticəsində Sovet hakimiyyəti quruldu. 6 ay sonra, 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası quruldu. Sovet ordusunun müdaxiləsi nəticəsində bu dövlət 1920-ci il aprelin 28-də ləğv edildi. 15 may 1920-ci ildə Azərbaycan SSR Xalq Təhsili Komissiyası vicdan azadlığını elan edən fərman vermişdi. Bu fərmanla, 1918-1920-ci illərdə fəaliyyət göstərən ADR tərəfindən yaradılmış dini işlər nazirliyini ləğv etdi.

1941-ci ildə II Dünya müharibəsinin başlaması ilə Sovet hökumətinin müsəlmanlara qarşı ateizmlə bağlı ictimai fəaliyyəti arxa plana düşdü. Bütün Sovet xalqları kimi, Azərbaycan xalqı da alman faşizminə qarşı mübarizəyə başladı. Belə bir vəziyyətdən istifadə etməklə, dindarlar Rusiyanın ruhanilərlə əlaqəli dövlət qurumlarına müraciət etdi və müxtəlif dini icmaların ictimai mərkəzlərini yaratmaq üçün icazə aldı. Müharibə şəraitində belə bir addım atmaq dövlət üçün də məhsuldar idi. Çünki cəmiyyətdə bir narahatlıq var idi ki, ruhanilər indiyə kimi bir mərkəzdən idarə edilməyib və onların arzuları yerinə yetirilməyib.

14 aprel 1944-cü il Ali Sovetin 17 nömrəli fərmanı ilə SSRİ-nin tərkibində yaşayan müsəlmanlar üçün Ufa, Daşkənd, Bakı və Maxaçqala olmaqla dörd mərkəzdə fəaliyyət göstərəcək idarələr quruldu. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin tərkibinə Azərbaycan, Gürcüstan və Ermənistanda yaşayan müsəlmanların idarəsi daxil idi.

         1944-54-cü illər ərzində Axund Ağa Əlizadə, 1954-68-ci illərdə Möhsün Həkimzadə, 1968-77-ci illərdə Molla Əliağa Süleymanzadə, 1977-79-cu illərdə Mir Qəzənfər İbrahimov  bu vəzifəni icra etmişdilər.

         1980-ci ildə Ruhani idarənin çağırmış olduğu VIII qurultayda bu vəzifəyə Hacı Allahşükür Paşazadə təyin edilmişdir.

Günümüzə qədər bu müqəddəs vəzifəni layiqincə icra edən Allahşükür Paşazadə nəinki bölgəmizdə, hətta bütün dünyada tanınan nüfuzlu və hörmətli din xadimlərindən biridir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz