QONŞU ÇATLADAN

QONŞU ÇATLADAN

            İslam insanı kamilləşdirmə yolunda sadəcə onun namaz, oruc kimi Allaha qarşı daşıdığı cavabdehliyini ələ almır. Eyni zamanda insanın özündən başlayaraq, ətrafında olan bütün insanlara, hətta sosial şəbəkələrdə tanıdığı və ya tanımadığı  hər kəsə qarşı cavabdeh olduğunu öyrədir.

 Bütün bunlar ən incə təfərrüatına kimi istər Qurani-Kərimdə, istərsə də hədisi-şəriflərdə izah edilməkdədir; vücudun insan üzərində olan haqqı, ata-ananın, qardaş-bacının, qohum-əqrəbanın, qonşuların, dostların haqları, digər insanlar və s.

            Sürətlə dəyişən dünya ilə birlikdə insanlar hər keçən gün daha da eqoistləşməkdə, buna paralel olaraq milli və dini dəyərlərdən uzaqlaşmaqdadır. Artıq “fədakarlıq” kimi ülvi dəyərlər bir müddət sonra praktik danışıqdan çıxıb sadəcə lüğət kitablarına məhkum olacaqdır. Məsələn, qonşu ilə arasındakı divarın,  imkanı olduğu halda, tamamını yox yarısını tikib üstünü qonşunun tamamlaması üçün yarımçıq qoymaq artıq bir adət halını alıb. Sanki divarın tikintisini tamamlayarsa, qonşusu tərəfindən sui-istifadə olunmuş olacaq. İnsanların bir-birilərinə qarşı bu kimi halları saymaqla bitməz.

            “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” buyuran peyğəmbərin ümməti olduğunu iddia edən bu günün müsəlmanları ac olanları doyurmaq bir kənara dursun, hətta özünün tox olduğunu bütün insanlara bildirmək istərcəsinə sosial şəbəkələrdə yediyi yeməyi, getdiyi restoranı, əyləşdiyi süfrəni paylaşır. Bununla da fəxr hissi keçirir. Bunları paylaşmasa, bəlkə də onun tox olduğunu ac olan bilməyəcəkdi. Beləliklə, ən azından ona qarşı həsəd aparmayacaqdı. Bu kimi hallar insanların içində olan mənfi duyğuları üzə çıxararaq günah qazanmalarına səbəb olmaqdadır.

Yeyib-içdiyini, yaşayışındakı rifah səviyyəsini insanlara bildirmək hissi sadəcə bu günə aid deyil. Əvvəllər də insanlar bu kimi hərəkətləri ediblər. Təxminən otuz il bundan əvvəl toxunma zənbil vardı. Bazarlıq edilərkən alınan ət, yağ, meyvə kimi ərzaq məhsulları bu zənbilə qoyulardı. Zənbil tel hörgüdən ibarət olduğu üçün içindəkilər görünərdi. Buna görə də bu zənbilə el dilində “Qonşuçatladan” deyilirdi.

            Belə halları təkcə yemək-içməklə məhdudlaşdırmamaq lazımdır. Çünki insanların ehtiyac duyduqları şey sadəcə yemək deyil. İnsanlar eyni zamanda gəzməyə, oxumağa, yaxşı geyinməyə də ehtiyac duyurlar. Brend bir mağazada alış-veriş edərkən, xaricdə gəzintidəykən paylaşılan şəkillər və s. kimi paylaşımlar bəlkə sayılı insanların sevincinə səbəb ola bilər. Ancaq hamımız bilirik ki, bu hal bir çoxlarının paxıllıqlarını artırır. Yaqub peyğəmbər oğlu Yusifin gələcəkdə nail olacağı yüksək mövqeyi haqqında qardaşlarının ona həsəd aparmalarından ehtiyat edərək bunu onlara bildirməməsini tənbehləmişdi. Bir peyğəmbər övladlarının belə öz qardaşına həsəd apara biləcəyini düşünsək, digər insanların da bu kimi hallardan istisna olmadığını deyə bilərik.

Bu, eyni zamanda belə insanları sosial mövqe baxımından da özündən uzaqlaşdıraraq, xaricən olmasa da, daxilən özünün yalnızlaşmasına gətirib çıxardır. Əgər nə isə paylaşmaq istəyiriksə, o zaman insanlara fayda təmin edəcək məsələlər paylaşılmalıdır. “Ya faydalı söz söylə, yaxud sus” hədisi-şərifindən yola çıxaraq deyə bilərik ki, insanlar ya faydalı şeyləri paylaşmalı, ya da heç bir şey paylaşmamalıdırlar.

Belə paylaşımların fəsadları sadəcə bununla da qalmır. Eyni zamanda insanların mənfi bir ab-havaya bürünmələrinə, keflərinin pozulmasına da səbəb ola bilir. Çünki insanın xoşbəxtliyinə əngəl olan məsələ sadəcə onun yetərsiz bəslənməsi, ya da hansısa maddi sıxıntıyla əlaqəli deyil. Ola bilsin insan ona lazım olan bütün ehtiyata sahibdir. Ancaq onu bikef edən ətrafındakıların maddi olaraq ondan daha irəlidə olmasıdır. “Ellə gələn bəla toy-bayramdır” atalar sözümüz insanlığın illərlə müşahidə olunan  psixo-sosial durumunun təsbitidir. Ölmək üzrə olan insan haqqında psixoloqlar onun əsas üzüntü səbəbinin o ölərkən ətrafındakıların yaşamağa davam etməsi olduğunu deyir. Əlbəttə, bütün bunlar mənəviyyatsızlığın təzahürləridir. Halbuki insanlar  bunların ilahi qədərə bağlı olduğunu, dolayısıyla insanlara qarşı olan bu paxıllıq, həsəd kimi duyğuların əslində ilahi təqdirə üsyan etmək olduğunu bilsələr, digərləri haqqında mənfi düşüncələrə qərq olmazlar. Əksinə, maddi vəziyyətini özündən yuxarıdakılarla müqayisə etmək yerinə, Allah-Təalanın ona verdiyi nemətin fərqinə vararaq hər daim ona şükür halında olarlar.

Bütün bunları nəzərə alaraq hər bir müsəlman söz və davranışında zənn etdiyindən də artıq dərəcədə ehtiyatlı olmalıdır. Yoxsa bilərək və ya bilməyərək insanların naxoş duyğulara qərq olmalarına, bəlkə də bir çox ailələrin dağılmasına səbəb ola bilərlər. Hər bir mömin öncəliklə mənsubu olduğu dini və milli kimliyi təmsil etdiyini çox yaxşı başa düşməli, bütün həyatını da buna görə nizamlamalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz