QURBAN FƏDAKARLIQDIR

QURBAN FƏDAKARLIQDIR

İman ən böyük məhəbbətdir. Məhəbbət isə hər şeydən əvvəl isbat və bədəl istər. Əsl məhəbbətin ölçüsü fədakarlıqdır. Yəni fədakarlığın qədər məhəbbətində səmimisən.

İnsan ən böyük bədəli məhəbbəti uğrunda ödəyər. Məhəbbətdə səmimiyyətin əlaməti sevilən uğrunda gözə alınan risk, edilən fədakarlıq, qatlanılan çətinliklərdir. Sevdiyi naminə öz rahatlığından, imkanından və mənfəətindən vaz keçə bilməyənlər həqiqi mənada sevmirlər.

Həqiqi mənada sevən biri sevdiyi üçün fədakarlıq etməyi əsla zəhmət, külfət və məşəqqət kimi görməz. Əksinə, tərifi imkansız zövq, doyumsuz ləzzət və həqiqi səadət qəbul edər. Sevdiyi uğrunda canını da versə, bunu heç sayar.

 

MƏHƏBBƏTDƏKİ SİRR

Əsl məhəbbətdə qeyri-adi bir sirr var, zəhmətləri rəhmətə çevirər.

Məsələn, iman məhəbbəti ilə dolu olan bir qəlbə 20 rükətlik təravih namazı, hətta yuxunun ən şirin vaxtında yataqdan qalxaraq əda edilən təhəccüd namazı belə ağır gəlməz. Bunun əksinə, məhəbbətdən yoxsul olan bir qəlbə dörd rükətlik sübh namazını qılmaq ağır gələr.

Mövlana həzrətləri Allaha məhəbbətin təcəllilərini belə ifadə edir:

“Məhəbbətdən acılar şirinləşər, məhəbbət sayəsində mis qızıla dönər…

Məhəbbət vəsiləsi ilə dərmansız qəlblər şəfa tapar. Məhəbbətlə ölülər dirilər…

Məhəbbətə görə zindanlar gül bağçasına dönər. Məhəbbət səbəbi ilə qaranlıq evlər işıq saçar…

Məhəbbətdən kədər sevinc olar, qəm təbəssüm açar. Məhəbbətdən qəhər rəhmət olar.

Məhəbbət olmadıqda isə mum dəmir kimi qatılaşar”.

Buna görə də Allah-Təala bizdən eşqlə yaşanan bir iman istəyir. Həyatda rastlanan acı-şirin bütün hadisələr əslində imanda səmimiyyətin nə qədər olduğunu göstərən sınaqdan ibarətdir. Ayeyi-kərimədə belə buyurulur:

İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?”. (əl-Ənkəbut, 2)

Buna görə də Allahın ən sevimli qulları olan peyğəmbərlərin həyatları ən böyük fədakarlıqlarla doludur. Həyatda ən ağır iztirab və çilələrdən peyğəmbərlər keçmiş, onlardan sonra isə dərəcələrinin böyüklüyünə görə saleh bəndələr. Allahın sevdiyi və özünə dost seçdiyi qullar daim fədakar, cəfakeş və çiləkeş möminlərdir.

 

ALLAH ÜÇÜN CANDAN KEÇƏNLƏR

Allah-Təala Qurani-Kərimdə imanları uğrunda ən çətin imtahanlardan keçən fədakar möminlərdən xəbər verir.

Firon tərəfindən Həzrət Musaya qarşı müsabiqəyə çıxarılan “sehrbazlar”dan xəbər verir. İmanla şərəfləndikdən sonra Fironun zülmünə qarşı necə dirəndiklərini, imandan zərrə qədər də olsa güzəştə getməmək naminə əl-ayaqlarının çarpaz kəsilib xurma ağaclarından asılmalarına razı olduqlarını:

رَبَّنَا اَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ

“…Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!”. (əl-Əraf, 126) deyə dua etmələrini imanda səmimiyyətin müstəsna misalı olaraq göstərir.

Allah-Təala Əshabi-Uxduddan xəbər verir. İmanları uğrunda içərisində tonqal yandırılan xəndəklərdə yanan möminlərdən söz acır.[1]

Yasin surəsinin ikinci səhifəsində Həbibi-Nəccardan xəbər verir. Tövhid əqidəsini müdafiə edərək necə daş-qalaq olunduğundan, son nəfəsini verərkən qeyb pərdələrinin açılmasından, “Kaş qövmüm Rəbbimin məni bağışladığını və ikram edilənlərdən qıldığını biləydi”, - deyərək onu daşlayaraq öldürən qövmünün iman nemətindən məhrum oluşuna acımasından xəbər verir.[2]

Həmçinin Rəbbimiz Tövbə surəsinin 100-cü ayəsində mühacirlərdən, yəni Məkkədə cahiliyyə müşriklərinin terror və işgəncələrinə rəğmən imanından dönməyən ilk müsəlmanlardan və onlara qucaq açan mədinəli ənsardan xəbər verir. Bizim də “onlara gözəl bir şəkildə tabe olan ehsan sahibləri”ndən olmamızı təlqin edir.

Çünki əshabi-kiram bu dünya bazarındakı ən karlı ticarəti istəyirdilər. Ayeyi-kərimədə buyurulduğu kimi:

“Allah möminlərdən canlarını və mallarını onlara (veriləcək) cənnət qarşılığında satın almışdır…” (ət-Tövbə, 111)

Məhz bu səadətdən məhrum qalmamaq üçün əshabi-kiram Rəsulullah r -ə canlarını sipər etdilər. “Ya Rəsulallah! Sənin könlündə nə varsa, biz ona beyət edirik”, - dedilər. “Sən dənizə girsən, biz də gözümüzü qırpmadan ardınca girərik”, - dedilər. “Atam-anam, canım Sənə fəda olsun ya Rəsulallah!” dedilər. Allah yolunda canlarını, mallarını, bütün imkanlarını gözlərini qırpmadan fəda edə bilməyi ən böyük zövq, ləzzət və nemət saydılar.

Allah-Təala onları bizə örnək nəsil olaraq təqdim edir ki, biz də halımızı onların halı ilə ölçüb-biçək. Dini cəhdlərimizi toplumun zəif halı ilə müqayisə edib tənbəlliyə qapılmaq kimi bir qəflətə düşməyək. Halımızı daima əsri-səadət cəmiyyətinin fədakarlıqları ilə müqayisə edib iman səylərimizi artırmağa çalışaq

 

HAQQA DOSTLUQ İMTAHANLARI

Həyat imandakı səmimiyyətin və qəlbdəki Allah məhəbbətinin sınaqdan keçirildiyi bir imtahan mənzuməsidir. Mömin bu imtahanlardakı müvəffəqiyyəti nisbətində Rəbbinə yaxın bir qul, hətta Onun dostu ola bilər.

Xəlilullah, yəni Allahın dostu olan İbrahim u-ın ibrətlərlə dolu həyatı bu həqiqətin ən möhtəşəm misalıdır. Çünki Allah-Təala Həzrət İbrahimi özünə “dost” seçdikdə mələklər insanın qəlbini məşğul edərək Haqqa dostluğuna mane olan üç xüsusu dilə gətirdilər:

“Ya Rəbb, İbrahimin canı, malı və övladı var! Bu məhəbbət maneələrini necə aşıb Sənin dostun olacaq?” – dedilər.

Allah-Təala da insan nəfsinin aşmaqda ən çox çətinlik çəkdiyi bu üç xüsusda İbrahim u-ı imtahan edərək onun dostluğunun dəlili olan sarsılmaz təvəkkül və təslimiyyətini mələklərinə seyr etdirdi.

Onu əvvəlcə Nəmrudun qaladığı tonqalla imtahan etdi. İbrahim u oda atılacağı zaman mələklər yetişib kömək etmək istədilər. Lakin o:

“Sizə heç bir ehtiyacım yoxdur. Oda yanma gücünü verən kimdir?! Alovu yalnız yandıran söndürər”, - cavabını verdi. Sonra da “Allah nə gözəl vəkildir”, - deyərək Rəbbinə sığındı. Yəni tövhid inancını qorumaq üçün canını fəda etməyə razı oldu. Allah-Təala da oda belə əmr etdi:

“Ey od, İbrahim üçün sərin və zərərsiz ol!”. (əl-Ənbiya, 69) Alov bir anda gülüstana çevrildi.

Sonra Allah-Təala Hz. İbrahimi malı ilə imtahan etdi. Ona saysız-hesabsız sürülər verdi. Cərbayıl u insan cildində yanına gələrək Hz. İbrahimə:

- Bu sürülər kimindir? Mənə satarsanmı? - dedi. O da:

- Bu sürülər Rəbbimindir. Rəbbimi zikr et, bu sürüləri sənə bağışlayım, - dedi.

İbrahim u-ın malı da Cəbrayıl u-ın Allahı üç dəfə zikr etməsi nəticəsində nəzərindəki bütün əhəmiyyətini itirdi və zikrin ləzzəti ilə ona:

- Götür, hamısı sənin olsun! - dedi.

Haqq-Təala sonuncu dəfə Hz. İbrahimi oğlu İsmayıl u-ı qurban etməklə imtahan etdi. Ata-oğul birlikdə əmri-ilahiyə tamamilə təslimiyyət göstərdilər. Allaha itaət və təslimiyyətlərini pozmağa çalışan şeytanı birlikdə daşladılar. İbrahim u öz canından olan, çox sevdiyi övladı İsmayıl u-ı Allahın əmri olduğu üçün qurban etmək niyyəti ilə alnı üstə yerə uzatdı. Son anda Allah-Təala imtahandan üzüağ çıxdığını müjdələyərək cənnətdən qurbanlıq bir qoç göndərdi.

“Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər: ) “İbrahimə salam olsun!” (es-Sâffât, 104-109) deyə ilahi müjdələrinə məzhər qıldı.

Fədakarlıqların ardından daima böyük mükafatlar gələr. Çünki fədakarlıqlar qulu Allaha yaxınlaşdırar. İlahi rəhmət də daha çox bu kimi zamanlarda təcəlli edər. Qurani-Kərimdə buyurulduğu kimi:

فَاِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

اِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!”. (əl-İnşirah, 5-6)

Yəni Allah üçün qatlanılan çətinliklərin ardından daima böyük rahatlıq gələr. Hz. İbrahim də Allahla dostluq yolunda ağır imtahanlardan keçdi. Allah-Təala onun canına, malına və nəslinə müstəsna lütf, ehsan və ikram bəxş etdi. Odu onun üçün sərin və zərərsiz hala gətirdi. Var-dövlətinə böyük bərəkət ehsan etdi. O qədər bərəkət verdi ki, möminlər bir-birinə bərəkət arzulayanda “Allah Xəlil İbrahim bərəkəti versin”, - deyə dua etdilər.

İbrahim u-a dostluğun müstəsna mükafatı olaraq övladının canı qarşılığında cənnətdən qurban endirildi. Qiyamətə qədər gələcək möminlərə onların xatirəsini yad etdirən həcc və qurban ibadətləri hədiyyə edildi. Onlardan sonra gələnlər arasında adı anılaraq şərəfli qılındı.

Həmçinin Hz. İbrahim “Əbul-Ənbiya” sifəti ilə şərəfləndirildi. Nəslindən peyğəmbərlər, xüsusilə də axırzaman nəbisi Fəxri-Kainat r gəldi. Oğlu İsmayıl u ilə birlikdə Kəbəni yenidən inşa etmək şərəfinə nail oldu.

Düşünmək lazımdır ki, fani bir varlıq başqa bir faniyə nə verə bilər? Hər kəs yalnız öz şanına görə ehsan edə bilər. Aləmlərin Rəbbi olan Haqq-Təala isə rizası uğrunda fani, dünyəvi və nəfsani mənfəətlərindən vaz keçə bilən dostlarına böyük ehsan və ikramlar edər.

İnsan Allah ilə dost ola biləcək qabiliyyətlərlə dünyaya göndərilmişdir. Allah ilə dostluğun müstəsna mükafatlarına talib olmaq durarkən öz varlığını ucuza satmaq arif möminlərə yaraşmaz.

Unutmayaq ki, dünyadakı ən qazanclı alış-veriş, qarşılığında Allahın rizası olan dürüst iman və saleh əməllərdir.

 

QURBANIN TƏFƏKKÜR CƏHƏTİ

Allah-Təala “göylərdə və yerdə nə varsa lütfü ilə bizim xidmətimizə verdiyini” bəyan edir.[3] “Nemətlərimi saymağa çalışsanız, sayıb bitirə bilməzsiniz” buyurur.[4] Bütün bu ilahi lütflərə qarşı həmd, şükür və zikrlə həyatımıza dərin bir məna qazandırmalıyıq.

Bir fədakarlıq simvolu olan Qurban bayramı vəsiləsi ilə düşünməliyik ki:

Allah-Təala o qurbanlıq heyvanları da bizim üçün yaratdı. Ətindən, südündən, dərisindən, hətta peyinindən də istifadə edirik. Bu da Allahın böyük bir lütfüdür.

O qurbanlıq heyvanlar can verərkən öz aqibətimizi və son nəfəsimizi təfəkkür etməliyik. Düşünməliyik ki:

Biz də o kəsilən heyvanın yerində ola bilərdik. Bu dünyaya “insan” olaraq gəlməyimiz üçün heç bir qarşılıq ödəmədik. Lakin bu nemətin şükrü mahiyyətində insanlıq şərəf və heysiyyətinə yaraşan şəkildə qulluq həyatı yaşamaqla mükəlləfik. Əks təqdirdə Allah qatında o məxluqatdan daha alçaq səviyyəyə düşmə təhlükəsi ilə üz-üzəyik.

Mömin olan kəs məxluqatın ən şərəflisi olan “insan” kimi yaradıldığı üçün Allahın bütün məxluqatına qarşı şəfqət, mərhəmət və nəzakətlə rəftar etməlidir.

Necə ki, əsri-səadət zamanında kasıb bir kölə günlük qazancı olan üç çörəyi ac bir köpəklə paylaşmışdır. Bu davranışı ilə sanki belə deyirdi:

“O heyvanı da, məni də yaradan eyni Allahdır. Məni insan olaraq yaratdığına görə, deməli, onu mənə əmanət etdi…”

Biz də xüsusilə Qurban bayramında bu könül üfüqündən nəsib almalıyıq.

 

QURBANDA MƏRHƏMƏT ƏDƏBİ

Oruc ibadəti acların halını anlamağı təmin edərək mərhəmət duyğularımızı inkişaf etdirdiyi kimi qurban ibadətində də xüsusilə qurbanlıq heyvanlara qarşı mərhəmətli və mülayim rəftar etməliyik.

Müsəlman heç bir məsələdə qaba və kobud olmamalı, hər işində ədəbə riayət etməlidir. Çünki Allah dostları belə buyurmuşlar:

“İbadət insanı cənnətə aparar, ibadətdə ədəb və təzim isə Allaha aparar, Haqqa yaxınlaşdırar, Ona dost edər”.

Hər ibadətdə Allahın rizasını hədəfləmək zəruri olduğu üçün bunun ən mühüm şərti olan ədəbə riayəti də gözardı etməmək lazımdır.

Ənəs bin Malik t da:

“Əməldə ədəb onun qəbuluna işarədir”, - buyurmuşdur.

Aləmlərə rəhmət olaraq göndərilən Hz. Peyğəmbər r İslam əxlaqının tələb etdiyi şəfqət və mərhəmət ölçülərini qurbanlıq heyvanlar üçün də sərgiləmiş, bu xüsusda bir çox tövsiyə etmişdir.

Allah Rəsulu qurban kəsərkən istifadə olunan bıçağın heyvanların görməyəcəyi yerdə itilənməsini əmr etmiş və:

“Hər hansı biriniz heyvanını kəsəcəyi zaman o işi sürətli etsin!”, - deyə buyurmuşdur. (İbn Macə, Zəbaih, 3)

Başqa bir hədisi-şərifdə isə belə buyurmuşdur:

“Allah hər şeyi ən gözəl şəkildə etməyi əmr etmişdir… (Qurban) kəsdiyiniz zaman ən gözəl şəkildə kəsin! Bıçağınızı itiləyin və heyvanı rahatladın!”. (Müslim, Sayd, 57; Tirmizi, Diyət, 14/1409)

Hz. Peyğəmbər r bir gün qoyun kəsən bir adamla qarşılaşmışdı. Həmin adam kəsmək üçün qoyunu yerə yıxandan sonra bıçağını itiləyirdi. Onun bu əzazil davranışı qarşısında Rəsuli-Əkrəm r bu xəbərdarlığı etdi:

“Heyvanı dəfələrlə öldürmək istəyirsən? Bıçağını onu yerə uzatmadan əvvəl itiləsən olmazdımı?!” (Hakim, IV, 257, 260/7570)

Qurbanlıq heyvanlara qarşı gözəl rəftar etmək, onları qorxutmamaq, susuzdursa su içirmək və kəsim yerinə əziyyət vermədən aparmaq lazımdır. Hz. Peyğəmbər qulağından yapışdığı qoyunu kəsməyə aparan bir nəfərə dərhal müdaxilə edərək:

“Heyvanın qulağını burax, boynunun kənarından tut!”, - buyurdu. (İbn Macə, Zəbaih, 3)

Yəni “necə olsa, bir az sonra can verəcək bir heyvandır”, - deyib ona qarşı kobud davranmaq, əziyyət vermək müsəlmana yaraşmaz.

Çünki Qurani-Kərimdə günahkarların axirətdəki peşmanlıqlarını əks etdirən “يَا لَيْتَ” yəni “kaş ki” ifadələri var:

“…Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” (əl-Əhzab, 66)

“…Kaş ki, mən Peyğəmbərlə (özümə) doğru bir yol tutaydım!” (əl-Furqan, 27)

“…Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” (əl-Fəcr, 24)

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim!” (əl-Furqan, 28)

Məhz bu “يَا لَيْتَ : kaş ki”lərdən biri də belədir:

Məhşər yerində heyvanlar belə öz aralarındakı haqsızlıqların ədalətlə həll olunması üçün həşr ediləcəklər. Zülmə düçar olanlar zülm edənlərdən haqlarını aldıqdan sonra hamısı torpaq olacaq. Kafirlər bu mənzərəni gördükdə ilahi əzabdan xilas olmaq üçün həmin heyvanlar kimi olmağı arzulayaraq:

يَا لَيْتَن۪ى كُنْتُ تُرَابًا

“…Kaş ki, torpaq olaydım (ən-Nəbə, 40) deyəcəklər.

Axirətdə bu cür peşman olmamaq üçün Allahın əmr və qadağalarına riayət edib Onun bütün məxluqatının haqq və hüququna son dərəcə diqqət etməliyik.

 

QURBAN İBADƏTİNƏ TƏZİM

Qurban İslamın nişanələrindəndir. Elə isə qurbana əhəmiyyət göstərmək iman və təqva əlamətidir.

Həcc surəsinin 32-ci ayəsində belə buyurulur:

وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

“…hər kəs Allahın nişanələrinə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındandır”.

Ona görə də qurban kəsərkən imkan daxilində xüşu, təzim və ehtiram duyğuları içində qurbanın yanında gözləmək məqbul əməllərdən sayılmışdır.

Rəsulullah r bu haqda belə buyurmuşdur:

“Ey Fatimə! Qalx, qurbanının yanında dur! Onu bil ki, qurbanın qanından yerə düşən ilk damla ilə işlədiyin (kiçik) günahlar əfv olunar”. (Hakim, IV, 247/7524; Heysəmi, IV, 17; Beyhəqi, Şuab, V, 483)

İslamın nişanələrindən olan qurban ibadətinə təzim və hörmət xüsusunda böyüklərimiz, Sami Əfəndi və atam Musa Əfəndi böyük həssaslıq göstərərdilər.

* Bir çuxura iki qurban kəsdirməzdilər.

* Qurbanın gözünü bağlayardılar.

* Qurbanın kəsiləcəyi yerə zorla sürüklənməsinə razı olmazdılar.

* Əgər kəsiləcək heyvan kiçikbaş qurban isə qucağa alaraq şəfqət və mərhəmət duyğuları ilə aparılmasını istəyərdilər.

* Heyvana əziyyət verməyəcək şəkildə gözəlliklə kəsilməsini və qanının təmiz çıxmasını arzu edərdilər.

* Qurban kəsilərkən başında dayanar, gətirilən stula oturmaz,  sona qədər ibadət şüuru içində ayaq üstə gözləyərdilər.

Qurban ibadətində təqva əlaməti olan bu kimi ədəb qaydalarına mümkün mərtəbə riayət etmək lazımdır. Çünki ayeyi-kərimədə buyurulduğu kimi:

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır…” (əl-Həcc, 37)

vlana həzrətləri də belə buyurmuşdur:

“Əsla keçinin kölgəsini qurban etməyə çalışma!..”

Çünki qurban edilən heyvanın əti və sümüyü kölgə varlıqdır. Əsas olan onun ifadə etdiyi mənadır. Yəni Mövlana həzrətləri sanki belə deyir: “Əsla qurbanı qoyun kəsmək, kabab yemək, özünə ziyafət verməkdən ibarət sanma!”. Çünki qurban qəlbdəki təqva hissinin və Allah məhəbbətinin bir simvoludur.

 

ƏSL BAYRAM

Ramazan bayramı orucla, riyazətlə, təqva ilə keçən bir aydan sonra lütf edilən sevinc günləri idi. Qurban bayramı isə Allah üçün edilən fədakarlıqların şəhadətnaməsidir. Fədakarlığın canlı nümunəsidir.

Qurban bayramı, xüsusilə, çətin və ağır zamanlarda din qardaşlığını yaşama bayramıdır. Cəmiyyətdəki yoxsullar, qəriblər, İslam dünyasındakı məzlumlar, möhtac və çarəsizlərə qurban vəsiləsi ilə təbəssüm etdirmə bayramıdır.

Mömin din qardaşının sevincini bölüşdüyü qədər hüznünü də bölüşməyə  könüllü olmalıdır. Xüsusilə İslam dünyasının ağır günlər yaşadığı zəmanəmizdə din qardaşlarımıza daha çox sahib çıxmağa çalışmalıyıq.

Məsələn, toy sevinc günüdür. Lakin Rəsulullah r o sevinci bölüşmək üçün zənginlər dəvət edildiyi halda kasıblar məhrum buraxıldığı təqdirdə həmin ziyafətə “nə pis toy ziyafətidir” buyurur.[5]

Bununla müqayisə edərək deyə bilərik ki, bayramlar da sevinc günləridir. Lakin bayramlar zəngini və kasıbı ilə - bütün ümmətin sevinc günü olmalıdır. Zənginlərin çılğınca əyləndiyi tətildən ibarət olmamalıdır. Xüsusilə, yoxsullarla, kimsəsiz, məhrum, dul, yetim və möhtaclarla bayramlaşmaq və onların könüllərini almaq bayramı həqiqi mənada dərk və əhya etməkdir.  

Qurban bayramı ikram, ehsan və fədakarlıq günləridir. Dünyada qurban ətindən məhrum olan, il ərzində sadəcə bir dəfə qurban vəsiləsi ilə ət yeyə bilən saysız-hesabsız müsəlman var. Qurban vasitəsi ilə onlara İslam qardaşlığının gözəlliklərini daddırmalıyıq. Hətta qurban bayramında kəsdiyimiz vacib qurbandan sonra da imkan daxilində ehtiyac sahibi qardaşlarımıza sədəqə, şükür, nəzir kimi qurbanlarla ikram etməyə çalışmalıyıq.

Xülasə, daima digər din qardaşlarımızın bizə əmanət edildiyini dərk etməliyik ki, heç bir kölgənin olmadığı qiyamət günü Ərşin kölgəsində kölgələnən yeddi qrupdan birinə daxil ola bilək…[6]

Allah-Təala hər birimizə qurban ibadətini rizasına müvafiq olaraq əda edə bilməyi nəsib etsin. Qurbanlarımızı özünə yaxınlıq vəsiləsi qılsın.

Amin!..


[1] Bax. əl-Buruc, 4-8.

[2] Bax. Yasin, 26.

[3] Bkz. el-Câsiye, 13.

[4] Bkz. İbrahim, 34; en-Nahl, 18.

[5] Bax. Buxari, Nikah, 72.

[6] Bax. Buxari, Azan, 36; Müslim, Zəkat, 91.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz