İSLAMDA GEYİM ƏDƏBİ
Hər bir cəmiyyətin dinindən, mədəniyyətindən, milli-mənəvi dəyərlərindən qaynaqlanan adət və ənənələri, müəyyən ölçüləri, cəmiyyət arasında davranış qaydaları və ədəbləri vardır. Bu ölçülərdən və ədəblərdən birisi də geyim-kecim ədəbidir.
Əvvəlcə qeyd etmək lazımdır ki, İslamda geyim və bəzək əşyalarının Uca Allah tərəfindən Adəm övladlarına bəxş edilmiş bir nemət olduğu qəbul edilmişdir. Bu neməti yalnız insanlara xas etməklə Uca Allah onların dəyərini daha da artırmışdır. Bu haqda Qurani-Kərimdə belə buyurulmuşdur: “Ey Adəm övladları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız”. (əl-Əraf, 26)
Yuxarıdakı ayədən də məlum olduğu kimi, geyimdən əsas məqsəd ayıb yerlərimizin örtülməsi və bəzənmək üçün istifadə edilməsidir. Ayədən o da məlum olur ki, bir möminə yaraşan sadəcə geyinib bəzənmək deyil, eyni zamanda təqva libasını da örtünməkdir. Təqva libası isə Uca Allahdan həya etmək, onun əmr və qadağalarına tabe olmamaqdan qorxub çəkinməkdir.
İnsan təbiətinə xas olan xüsusiyyətlərdən biri də həyadır və həyanın tələbi olaraq bəşər övladı ayıb yerlərini örtür. Lakin fərqli mədəniyyətlər bu örtü ölçüsünü müxtəlif şəkillərdə tətbiq edirlər. Bəzi cəmiyyətlərə baxdıqda görürük ki, onlarda həya duyğusu tamamilə yox olmuşdur. Bu onların geyimində, davranışlarında, rəsm və sənət əsərlərində də özünü göstərməkdədir. Onlar çılpaqlığı bir sənət kimi cəmiyyətə təqdim edir və toplumun əxlaqının pozulmasına heç də məhəl qoymurlar. Bu baxımdan İslam cəmiyyəti olaraq biz, ilahi hidayətə tabe olmaq yolu ilə İslamın bizə öyrətdiyi geyim ölçülərinə riayət etməliyik. Bu ölçü bizə həm fərdi olaraq ədəbli və həyalı olmağı təlqin etməkdə, həm də toplum əxlaqını pozulmaqdan qorumaqdadır.
Hər birimiz evdən çıxarkən diqqət edəcəyimiz xüsus budur ki, ayıb yerlərimizin örtünməsinə və kənardan hiss edilməməsinə xüsusi fikir verək. Bu həm qadınlara, həm də kişilərə aiddir. Dar və bədənimizə yapışacaq tərzdə geyinərək vücudumuzu olduğu kimi insanlara nümayiş etdirməyimiz dinimizə və dəyərlərimizə görə icazəli deyildir. Çünki belə bir geyim cəmiyyətin əxlaqını pozmaqda, qarşı tərəfi təhrik etməkdə, namuslu, iffətli və həyalı bir həyat yaşamağı təhlükəyə atmaqdadır. Şeytanın da ilk insan olan Adəmlə Həvva üzərində planlaşdırdığı ilk hədəfi onların üst geyimlərini yox etmək və mənəvi aləmdən çıxarılıb maddi aləmə göndərilməsini həyata keçirmək idi. Deməli, abır-həya, iffət, namus kimi xüsuslar bizim daxilimizdə olan mənəvi duyğulardır. Onlardan məhrum qalan fərd və toplumlar əxlaqi cəhətdən çökməyə məhkum olurlar. Bu həqiqətə Uca Allah belə işarə etmişdir: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
Geyim-kecimdə bir məsələ də təmiz və səliqəli geyinməyə diqqət göstərməkdir. Təmiz, səliqəli, yaraşıqlı geyimlər geyinmək, kənardan səliqəli görünmək biz müsəlmanlara qadağan olunmamış, əksinə, təşviq edilmişdir.
Varlı insanların həddi aşmamaq şərti ilə maddi imkanına uyğun geyinməsi heç də qürur və təkəbbür mənasına gəlməməlidir. Hətta unutmayaq ki, israf etmədən maddi vəziyyətə uyğun geyinmək Uca Allahın insanların üstündə bir haqqıdır.
Səhabə Avf ibn Malik atasından belə nəql edir: “Rəsulullahın (s.ə.s) hüzuruna gəlmişdim. Əynimdə adi bir paltar vardı. Mənə:
– Sənin malın-dövlətin yoxdur? – deyə soruşdu.
– Bəli, var! – deyə cavab verdim.
– Necə mal-dövlət? – deyə soruşdu.
– Allah mənə hər cür mal-dövlət verib. Dəvə, iribuynuzlu, davar, at, kölə, – hamısından var, – dedim.
– Elə isə Allah-Təalanın sənə verdiyi bu nemətin əlaməti və fəziləti sənin üstündə görünməlidir! – buyurdu”. ( Nəsai, Zinət, 83, Tirmizi, Birr, 63)
Hədislər Peyğəmbərimizin (s.ə.s) kaftan (parçadan hazırlanmış, naxışlı, yüngül geyim) geyindiyini bizə xəbər verməkdədir. (Buxari, Fərzul-Xumus 11, Libas, 12; Müslim, Zəkat, 129)
Digər bir məsələ isə təzə paltar geyindiyimizdə Uca Allaha dua etməkdir. İnsan bu dua ilə Allahın hifzi və himayəsinə pənah aparmış olur. Əbu Ümamə belə nəql edir: “İbn Ömər (r.a) təzə paltar geyinmişdi və belə dua etdi: “Məhrəm yerlərimi örtən və gözəl göstərən bir paltar yetirən Allaha həmd olsun”. Sonra belə dedi: “Mən Rəsulullahdan (s.ə.s) eşitdim: “Kim təzə bir paltar geyinər, belə söyləyər, daha sonra da köhnələn paltarını sədəqə verərsə, sağlığında da, öləndən sonra da Allah onu örtər, himayə və hifz edər”. (Tirmizi, Dəavat, 119, İbn Macə, Libas 2)
ŞƏRHLƏR