BİR AYƏ
بسم الله الرحمن الرحيم
يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلَىٰ مَا أَصَابَكَ إِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
“Ey oğulcuğum, namazı qıl, yaxşı işlər görməyi əmr et və pis işlər görməyi qadağan et! Başına gələn müsibətlərə də səbir et! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir”. (Loğman, 31/17)
Qurani-Kərimdə bir çox qissələrə yer verilmişdir. Həmin qissələrin zikr olunmasındakı əsas məqsədlərdən biri müsəlmanların bu hadisələrdən ibrət dərsi götürməsidir. Bu ayə Həzrət Loğmanın (ə.s) oğluna verdiyi öyüd-nəsihətin bir qismini ifadə edir. Ona görə də bu öyüd-nəsihət və onun veriliş tərzi hər bir müsəlmana aiddir. Həzrət Loğman (ə.s) oğluna öyüd verərkən يَا بُنَيَّ “Ey oğulcuğum” deyə xitab etmişdir ki, burada ailə içi münasibətlərə dair bir ibrət dərsi vardır. Yəni valideynin övladına yanaşarkən və öyüd verərkən onunla yumşaq rəftar etməsi gərəkdir ki, övladı onun tövsiyələrinə diqqətlə qulaq assın.
Burada böyük əhəmiyyətə malik bir neçə davranış tövsiyə olunur ki, bunların başında namaz gəlir. Dinin dirəyi, möminin meracı olan namaz Allah ilə bəndə arasındakı ən böyük rabitədir. Qurani-Kərimdə ən çox əmr olunan ibadət də məhz namazdır. Bununla yanaşı, digər bir ayeyi-kərimədə də “Ailənə namaz qılmağı əmr et və özün də namaz qılmağa davam et!” (Taha, 20/132) buyurularaq valideynlərin övladlarını namaza sövq etmələri əmr olunur. Buna görə də övladlarımıza ən başda namaz qılmağı tövsiyə etməliyik.
Ayədə qeyd edilən digər bir öyüd isə yaxşılığı əmr edib pis işləri qadağan etməkdir. Belə ki, namaz insanın öz dünya və axirət xoşbəxtliyinə gedən yolda böyük bir addımdır. Ancaq o yalnız özünü düşünməməli, digər insanları da haqq yola dəvət etməlidir. Çünki təbliğ İslamın mühüm prinsiplərindən biridir. Hər bir müsəlman əlindən gəldiyi qədər digərlərini də yaxşılığa dəvət etməli, pis əməllərdən çəkindirməlidir. Təbliğ vəzifəsi eyni zamanda peyğəmbər peşəsidir ki, bu vəzifə çox müqəddəsdir.
Həzrət Loğmanın (ə.s) burada qeyd olunan son tövsiyəsi isə səbirli olmaqdır. Əsil səbir insanın qarşılaşdığı çətinliklər qarşısında dik dura bilməsi və qədərə razı olmasıdır. Mömin kimsə səbirli olmağın mükafatını Allahdan umaraq səbir və dua ilə Allahdan yardım istəməlidir. Ayənin sonunda “Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir” buyurularaq bu üç əməlin insana ağır gələn işlər olduğu vurğulanmış, eyni zamanda bu müsbət hərəkətlərin insanı mənəvi baxımdan kamilliyə aparan davranışlar olduğuna işarə olunmuşdur. Uca Allah bizləri də, övladlarımızı da bu əməlləri layiqli şəkildə yerinə yetirən bəndələrindən eyləsin!
ŞƏRHLƏR