ÖZÜNƏ YAXŞILIQ SƏDƏQƏDİR

ÖZÜNƏ YAXŞILIQ SƏDƏQƏDİR

İslam dini əvvəla möminin hər cəhətdən özünü tərəqqi etdirməsini və önəm verməsini tövsiyə edir. Yəni xeyir və tərəqqi dairəsini mərkəzdən başlayaraq pillə-pillə genişləndirmək lazımdır.

 Məhz buna görə də İslam dini təbliğdə, xeyir işlərdə və yardımlaşmada əvvəla yaxın qohumlardan başlamağı, daha sonra digər ehtiyac sahiblərinə yönəlməyi uyğun görür.

İslam ədəbiyyatında, demək olar ki, bütün xeyirli işlərə “sədəqə” adı verilmişdir. “Hər yaxşılıq sədəqədir” (Buxari) hədisinə də məhz bu çərçivədən baxmaq lazımdır. Bu yazıda insanın özü üçün edəcəyi yaxşılıqlara diqqət çəkiləcəkdir. İnsanın özünə hansı sahədə və nə şəkildə sədəqə verəcəyi maraq doğuran məsələ olmaqla yanaşı, heç kimin gündəminə almadığı, dəyər vermədiyi məsələlərdən biridir. İnsanın özünə edəcəyi xeyirxah işləri, yəni sədəqəni “maddi” və “mənəvi” olmaqla iki başlıqda ələ almaq mümkündür.

Bir şəxsin haramlara düşməmək şərti ilə öz maddi ehtiyaclarını təmin etməsi sədəqə kimi dəyərləndirilir. Hz. Peyğəmbər (s.ə.s) bu mənada bir hədisində belə buyurmuşdur: “Nəfsinə (özünə) yedirdiyin hər şey sənin üçün sədəqədir”.(Buxari) Hz. Peyğəmbər (s.ə.s) bir insanın əvvəlcə özündən başlayaraq ailə fərdlərinin və qohum-əqrəbanın ehtiyaclarını görməsini tövsiyə etmiş və buna sədəqə savabı veriləcəyini bildirmişdir. İnsanın ilkin mərhələdə öz ehtiyaclarını təmin etməsini nəfspərəstlik, eqoistlik kimi dəyərləndirməmək lazımdır. Çünki o əvvəlcə öz maddi və mənəvi ehtiyaclarını təmin etməlidir ki, bu həyəcan və güclə digər insanlara da faydalı olsun. Ancaq bu ehtiyaclar maddi cəhətdən acgözlüyə, mənəvi cəhətdən də həsədə aparmamalıdır.

Mənəvi baxımdan insana sədəqə savabı qazandıran xüsuslar arasında günahlardan uzaqlaşmaq, nafilə ibadətlərlə məşğul olmaq, haqsızlıq edənə və zülm edənə haqqını halal etmək kimi xüsusları sadalaya bilərik.

Günahlardan uzaqlaşmaqdakı əsas məqsəd Allahın qadağalarına riayət etmək və  boyun əymək olduğuna görə sədəqə savabı ilə mükafatlandırılır. Eyni zamanda müsəlmanın həm özünə, həm də başqalarına zərər verməkdən uzaq durması da ona sədəqə savabı qazandırır. Hz. Peyğəmbərin (s.ə.s) “Ya Rəsulallah! Bəzi əməlləri yerinə yetirməyə taqətim yoxdur. Mənə nə tövsiyə verərsən?” – deyən səhabəsinə: “İnsanlara zərər verməkdən uzaq dur. Bu sənin özünə verdiyin bir sədəqədir”, – deməsi bizim belə fikirləşməyimizə əsas verir.

Bir şəxsin özünə sədəqə savabı qazandıracağı davranışlarından biri də nafilə ibadət və zikrlərlə məşğul olmasıdır. Səhabələrdən bəziləri Hz. Peyğəmbərə (s.ə.s): “Malı çox olan varlılar daha çox savab qazanırlar. Həm bizim kimi oruc tutur, həm də artan malları ilə sədəqə verirlər”, − dedikdə Hz. Peyğəmbər (s.ə.s): “Allah sizə sədəqə vermək üçün heç nə vermədimi (ki belə deyirsiniz)? − deyib ardınca, − Hər təsbehiniz (sübhanallah demək) bir sədəqədir. Hər təkbiriniz (Allahu əkbər demək) bir sədəqədir. Hər təhmidiniz (əlhəmdulillah demək) bir sədəqədir. Hər təhliliniz (lə iləhə illəllah demək) bir sədəqədir”, − buyurdu. (Müslim)

Həmçinin bir insanın ona edilən zülm və haqsızlığı bağışlaması da ona sədəqə savabı qazandırar. İslam tarixində bunun çox gözəl nümunələri vardır. Bunlardan biri də miniyi və imkanı olmadığına görə Hz. Peyğəmbərlə bərabər cihadda iştirak edə bilməyən Ulbə adındakı səhabənin nümunəsidir. O, səfərdə iştirak edə bilməyəcəyinə görə gecə vaxtı kənara çəkilib göz yaşları ilə Allaha belə dua edir: “Ey Allahım! Sən cihadı əmr etdin və insanları ona cəlb etdin. Fəqət səfərdə iştirak etmək üçün mənə mal-mülk vermədin. Rəsulullahın əlində də mənə yardım edəcək imkanı yoxdur. Malımda, canımda, şərəfimdə mənə haqsızlıq və zülm edən bütün müsəlmanlara öz haqqımı halal edirəm”. Bu yalvarışdan sonra da camaatla bərabər sübh namazında iştirak edir. Hz. Peyğəmbər (s.ə.s) namazdan sonra: “Bu gecə sədəqə verən haradadır?” - deyərək ətrafa baxır. Ancaq heç kim cavab vermir. İkinci dəfə təkrar edincə Ulbə ayağa qalxaraq vəziyyəti ona danışır. Hz. Peyğəmbər (s.ə.s) də ona: “Müjdələr olsun. Canımı qüdrət əlində tutan Allaha and olsun ki, sənin sədəqən məqbul sədəqələr cərgəsinə yazıldı”, - deyir. Əlbəttə ki, sadalananların sədəqə savabı ilə qiymətləndirilməsi üçün iman əhli olmaq və Allah üçün bunlara riayət etmək şərtdir.

Xülasə, Hz. Peyğəmbərin (s.ə.s): “Ağıllı insan nəfsinə hakim olan və onu hesaba çəkərək ölümdən sonrası üçün çalışan, axmaq insan isə nəfsinin arzularına boyun əydiyi halda Allahdan xeyir gözləyəndir” (Tirmizi) hədisini özümüzə rəhbər seçərək hər halımızı və anımızı lehimizə çevirməyə çalışmalıyıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz