Abdurrəhman NURİ – QAFQAZ HAFİZLƏRİNİN BEŞİYİ

Abdurrəhman NURİ – QAFQAZ HAFİZLƏRİNİN BEŞİYİ

ŞƏKİ İSLAM KOLLECİ

Azərbaycan 1991-ci ildə müstəqillik yoluna qədəm qoyandan sonra bütün sahələrdə sürətli addımlar atılmağa başlandı. O cümlədən dini-mənəvi sahədə də ciddi müsbət irəliləyişlər yaşandı.


 Azərbaycanın, demək olar ki, bütün bölgələrində məscidlərin yenidən  fəaliyyətə başlaması, dini tədris ocaqlarının təsis olunması barədə qərar verildi.        

Şübhəsiz ki, bu bölgələrin içərisində Şəkinin özünəməxsus yeri vardır. Belə ki, Şəkidə Sovet dövründə bir məscid (Ömər Əfəndi məscidi) fəaliyyət göstərdiyi halda müstəqillikdən sonra şəhərin mərkəzində yerləşən, hələ XVIII əsrdə inşa edilmiş və UNESCO-nun Ümumdünya İrs Siyahısına alınan ərazidə yerləşən, xalq arasında “Dabbaqxana Ağ Məscid” kimi tanınan hal-hazırkı “Mərkəzi Cümə Məscidi” 1990-cı ildə Şəki-Qəbələ Bölgə Qazısı Hacı Səlim əfəndinin misilsiz əməyi və Şəki camaatının böyük səyi ilə yenidən bərpa olunaraq fəaliyyətə başlamışdır.  Daha sonra 1992-ci ildə türk xeyirsevər qardaşlarımızın maddi və mənəvi dəstəyi ilə məscid və Sovet dövründə müəyyən bir müddət “İpəkçilik Texnikumu” kimi fəaliyyət göstərən mədrəsə də restavrasiya olunaraq istifadəyə verildi.

Bununla da, 70 illik bir fasilədən sonra mədrəsəmiz 1992-ci ildə yenidən dini təhsil həyatına qədəm qoymuş və 1993-cü ildə Şəki İslam Mədrəsəsi adı ilə fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə milli-mənəvi dəyərlərə bağlı, geniş dünyagörüşünə sahib, Qurani-Kərim əxlaqı ilə əxlaqlanan, Quran hafizləri yetişdirməyi qarşısına məqsəd qoyan mədrəsədə dini elmlərlə yanaşı, dünyəvi elmlərin də öyrədilməsi əsas hədəf olmuşdur. Sovet dövründən sonra Azərbaycanda açılan ilk və yeganə hafizlik məktəbi olan və 26 illik fəaliyyəti dövründə ölkəmizin bir çox bölgəsini əhatə edərək minlərlə yeniyetməyə “Qurani-Kərim”in tələblərinə uyğun oxunmasını və əzbərlənməsini öyrətməklə yanaşı, dini elmləri də aşılayan mədrəsə indiyədək 250 hafiz yetişdirərək respublikamızın dilbər guşələrinə təqdim etmişdir.

Əlbəttə ki, yuxarıda sadaladığımız uğurlu fəaliyyətimizdə daim bizə hər cür dəstək göstərən, kömək əlini əsirgəməyib ilahi rizanı qazanan bir çox səbəbkar vardır. Belə ki, xüsusilə müəssisəmizin ərsəyə gəlməsində, bugünkü müvəffəqiyyətli fəaliyyətində böyük əmək, maddi dəstək sərf edən, eləcə də xeyir-duası ilə bizə mənəvi qanad verən Qafqaz Müsəlmanları İdarəsinin sədri möhtərəm Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərini xatırlamaq, mədrəsə tarixində onun adını qızıl hərflərlə yazmaq yerinə düşərdi. Təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyanın ən nüfuzlu din xadimlərindən biri sayılan Şeyxülislam həzrətləri mədrəsə fəaliyyətə başladıqdan sonra Şəki bölgəsinə səfərləri zamanı mütəmadi olaraq mədrəsəyə baş çəkər, hafizlərlə görüşər, onlara verdiyi dəyərli tövsiyələri ilə qəlbimizdə dərin izlərlə yer tutardı.

Hələ 1996-cı ildə Şeyx həzrətləri gərgin iş rejiminə baxmayaraq, dəyərli vaxtını ayıraraq ilk hafizlərin məzun olunduğu “Hafizlik Mərasimi” tədbirinə də gəlmiş, tarixi bir nitq söyləyərək hafizlərimizə, o cümlədən bütün Şəki camaatına dini dəstək vermiş və onlara  Quran yolunda uğurlu fəaliyyətlər arzulamışdı. Şeyx həzrətlərinin həmin tədbirdəki çıxışının bir qismini sizə təqdim etmək istərdim:

“Bismilləhirrəhmanirrəhim. Allah-Təala bu günü bizə nəsib edib. Həqiqətən də, bu gün böyük günlərdən, mübarək günlərdən biridir. Hafizlik yolunu keçmək üçün biz 70 il içərisində dini cəhətdən çox böyük çətinliklərə düşdük.

Bu günə qədər çox Quran Hafizi görmüşəm, amma ömrümdə birinci dəfədir ki, Azərbaycanda Quran Hafizləri görürəm. Hətta 20 illik Şeyxülislam olduğum halda ölkəmizdə belə bir mərasimdə ilk dəfə iştirak edirəm. Buna görə bu gün çox mübarək bir gündür.

Möhtərəm Prezidentimiz Heydər Əliyev cənablarına bu tədbir haqqında məlumat verib Bakıda, Gəncədə tədbirlərimiz olmasına baxmayaraq, Şəkidə keçiriləcək Hafizlik mərasiminə səfər edəcəyimi bildirəndə o soruşdu:

– Bütöv Quranı əzbər bilirlər?

– Bəli, möhtərəm Prezident, – dedim. O çox sevindi və dedi:

– Bizim yolumuz Allah yolu, Quran yoludur.

Şəkidə bu cür gənclər Quranı oxuyub, onu hifz ediblər. Həqiqətən də, bu, böyük bir nemətdir.

Bu gənc övladlarımızın gələcəyini çox şeylər gözləyir. Mən hafizlik yarışlarında iştirak etməyimiz üçün xaricdən çoxlu məktublar alıram. Ancaq bu yarışlara göndərə biləcək hafizlərimiz olmadığı üçün məktubları götürüb kənara qoyurdum. Bu gün, əlhəmdülillah, bizim də xaricdə Azərbaycan dindarlarını təmsil edən oğullarımız, uşaqlarımız var. Mən onlara müvəffəqiyyətlər arzulayıram. Və sizə də çox sağ olun deyirəm. Başda İcra Hakimiyyəti olmaqla, Şəki camaatına və sizə Allah-Təaladan can sağlığı, ruzinizə bərəkət verməsini diləyirəm. Şəkidə alimlər həmişə olub, Allah onlara rəhmət etsin və Şəkidə yenə belə alimlər yetişsin!..”

Həqiqətən də, səmimi qəlblə olunan xeyir-dua öz bəhrəsini verir. Belə ki, 26 illik fəaliyyəti boyunca mədrəsəmiz zaman-zaman böyük çətinliklərlə üzləşsə də, bütün məqamlarda Şeyx həzrətlərinin xüsusi qayğı və dəstəyi ilə hafizlərimiz ölkəmizdə və İslam dünyasının müxtəlif bölgələrində keçirilən beynəlxalq Qurani-Kərimi gözəl oxuma və hafizlik müsabiqələrində mütəmadi olaraq iştirak edərək yüksək nailiyyətlər əldə edirlər.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz