SEVİMLİ DÜŞMƏN
İnsan o zaman korlaşmağa başlayır ki, artıq o sevir. Sevdiyində nə qədər qüsur olsa da, o qüsurlar ona görünməməyə başlayır. Özünü sevdiyində itirdiyi üçün ondan bir parça olur və hər şeyi onunla gözəl görür.
Onsuz həyat qaranlıq, hətta dözülməsi mümkün olmayan bir acıya çevrilir. İnsanın ətrafındakılarla olan sevgi dolu isti münasibəti də bəşəriyyətin internet deyilən beynəlxalq əlaqə vasitəsi ilə tanışlığına qədər davam etdi. İlkin mərhələdə hər şey yaxşı görünürdü. Bilgi və informasiya paylaşımı öhdəçiliyini öz üzərinə götürən bu sistem, daha sonralar inkişaf etdikcə bütün sahələrdə öz sözünü deməyə başladı. Uşaqların həyətdə oynadıqları maraqlı oyunları, qohum-qonşuların bir-biriləri ilə isti münasibətlərini və daha açıq ifadə etsək, real həyatdakı yaşam şəklini tarixə qovuşdurdu. Alış-verişdən təhsilə, ünsiyyətdən cinsi həyata, dini düşüncədən şəxsi münasibətə qədər insanların həyatına nüfuz edə bildi.
Bu gün dünyanı qısa müddət içərisində faydalı və zərərli tərəfləri ilə insanların həyatlarına daxil olan internetsiz təsəvvür etmək, demək olar ki, mümkün deyil. Hal-hazırda internet və onun əsas tərkib hissəsi olan sosial şəbəkələr insanların sevimli məşğuliyyətinə çevrilib. Hələ 60-cı illərin sonlarına qədər dünya belə bir gücə sahib olacaq bir reform motorundan xəbərsiz idi. Bu sahədə aparılan araşdırmalar və dünyada vaxt itirmədən intensiv yayılma nəticəsində internet, dünyanın demək olar ki, yarısından çoxunun ayrılmaz yaşam tələblərindən birinə çevrildi. İlk mərhələdə insan həyatına dost kimi girən internet indi nədənsə düşmən kimi rəftar edir.
Başlanğıcda dost kimi görünən bu mərəz qısa müddət ərzində səni özündən asılı vəziyyətə salır və sən onsuz heç bir hərəkət edə bilmirsən. Elmi araşdırmaların nəticələrinə görə, internet də digər maddə və tütün aludəçiliyi kimi aludəlik yaradır və insan həyatına istər fərdi, istərsə də, sosial baxımdan mənfi təsir edir. Bu gün Amerikada boşanan hər üç evli cütlükdən biri boşanma səbəbi olaraq internet aludəçiliyini göstərir. Yəni ailədəki fərdlər virtual aləmdə o qədər vaxt keçirir ki, bir-birilərinə ayıracaq vaxt tapa bilmir. Nəticə olaraq da şəxslər arasında soyuq münasibət yaranır, ailədə uşaq olduğu təqdirdə isə o da valideynlərinin diqqətindən kənarda qalır.
Bir də uşaqların və gənclərin daha çox aludəçisinə çevrildiyi virtual oyunlar var. Başlanğıcda heç bir təhlükəsinin olmadığı düşünülsə də, müəyyən bir müddətdən sonra oyun həmin insanın, demək olar ki, həm fiziki sağlamlığına mənfi təsir edir, həm də psixologiyasının pozulmasına gətirib çıxarır. Belə demək mümkündürsə, bunun da başlıca səbəbkarı valideynlərdir. Belə ki, lap körpəlikdən yemək yemədiyi və ya hər ağladığı zaman uşağın əlinə telefon verib sakitləşdirən valideynlər sonradan bu kimi problemlərlə üzləşir. Unutmamaq lazımdır ki, internet aludəçiliyi psixoloji problem olaraq artıq dünyanı narahat edir. İnternet aludəçisi olan insanlarda real sosial münasibətlərin zəifləməsi, ailə fərdləri arasında problemlərin ortaya çıxması, əsəb, aqressiya və nevrozların başlaması kimi hallar müşahidə olunur. Gün ərzində internetdə 6 saatdan çox vaxt keçirənlər internet aludəçisi olaraq qəbul edilir və təcili olaraq uyğun psixoterapiyalarla bunun qarşısı alınmalıdır. Bu problemin qarşısı vaxtında alınmazsa, həmin uşağın dərslərində geriləmələr, fərdi motivasiyasında tənəzzül və özünə qapanmalar ortaya çıxar. Bundan sonrakı mərhələdə isə həmin gənc özünü cəmiyyətdən təcrid olunmuş olaraq görür və qarşı cinsin nümayəndələrindən qaçdığı üçün normal bir ailə həyatı da qura bilmir.
Eyni zamanda virtual dünya davamlı olaraq insanlardan rola girməyi tələb edir. Real həyatda xoşbəxt olmayan orada xoşbəxt görünməyə çalışır. Fiziki görünüşündən razı olmayanlar belə müxtəlif proqramlarla şəkilləri üzərində düzəlişlər edərək başqaları tərəfindən bəyənilmək üçün səy göstərir. Hər bir bəyənmədə isə həmin insan başqaları tərəfindən müsbət mənada qəbul edildiyini düşünərək özünü xoşbəxt zənn etməyə başlayır. Ancaq bir şey unudulur ki, hər şey göründüyü kimi gözəl deyil. Hər üzü gülənin qəlbi gülmür. Bəlkə də, virtual aləmdə təbəssümlə selfi çəkdirənlərin əksəriyyətinin qəlbi qan ağlayır. Ona görə də virtual aləmdə xoşbəxt gördüklərinin həyatından təsirlənərək özlərinin real yaşadıqları həyatdakı xoşbəxtliklərindən məmnun olmayan saysız insanlar var.
Son olaraq bunu da qeyd edim ki, heç tərəddüd etmədən sosial medianı bir sehrbaz kimi qəbul edə bilərsiniz. Sehrbazlar, necə ki, böyük bir ustalıqla illüziya yaradaraq insanların gözündə, olmayan bir şeyi göstərdikləri kimi, sosial media da eyni funksiyanı yerinə yetirir. Bunun nəticəsidir ki, avropada bu mövzuda aparılmış araşdırmaların nəticəsində sosial medianın insanlar üzərində təsirini “duck syndrome - ördək sindromu” olaraq adlandırırlar. Çünki ətrafdan baxanda ördəklərin suyun üzərində nə qədər sakit və rahat oturduqları görünsə də, əslində, suyun altında qalan ayaqları bir motor kimi davamlı hərəkətdə olur...
ŞƏRHLƏR