Sərmayəmiz İnfaq Olsun!
Hər kəs “yaz!” deyir. Həm də infaqdan, paylaşmaqdan...
Nəyi yazım, necə yazım? Doğrusu heç bir yazı üçün bu qədər çətinlik çəkməmişdim. İnfaq mövzusu bu qədər geniş olmasına baxmayaraq hardan başlayacağımı bilmirəm. Klassik söz yığınları ilə oxucunu yormaq istəmədiyimdəndir bəlkə də yaza bilməməyimin səbəbi. Düzü, babasının saqqalı ilə öyünən kosalar kimi “mədəniyyətimiz infaq mədəniyyətidir” demək gəlmir içimdən. Doğrudur, infaq mədəniyyətinə sahibik, lakin gəlin baxaq görək bu mədəniyyətin harasında yer alırıq bu gün.
Deyirəm bəlkə bu sayımızın qapağı üçün bir-biriylə nəyi isə paylaşan iki insan rəsmi tapa bilmədiyimizdən başlayım? Kapitalist sistemin qloballaşan dünyada bütün mədəniyyətləri sarsıtdığından danışaq bəlkə? Yoxsa tez-tez rastıma çıxan Mak Donaldsın arxa qapılarından böyük zibil qutularıyla dolu, qalaq-qalaq atılan sendviçlərdən, digər tərəfdən aylarla ət üzünə həsrət qalan ailələrdən...
Bəlkə vaxtilə Bakı milyonçusu olan Tağıyev kimi xeyriyyəçilərin nəvələrinin aclıq və səfalət içində, kimsəsiz, tənha komalarda can vermələrindən yazım? Varını-dövlətini bu millətlə paylaşanların paylaşmağa həsrət nəvələrindən...
***
Paylaşma şüurunun kökündən sarsıldığı günlərdə yaşayırıq. Kapitalist zehniyyət infaq və paylaşma duyğularımızı hər gün bir az daha koraltmaqdadır. Kapitalizm deyərkən əslində insanın daxilində var olan mal sevgisini qəsd edirəm. Götürsək elə kapitalizm də bu sevginin nəticəsi deyilmi? Qurani-Kərimdə buyurulan “Həqiqətən, insan var-dövlətə çox hərisdir!” (əl-Adiyat, 8) ayəsi insanın daxilində gizlənən kapital sevgisini xarakterizə etmək baxımından böyük məna kəsb edir. Tarix boyu işlənən bütün cinayətlərin başında ya bu ehtiras, ya da qısqanclıq gəlmirmi? Bəlkə də mala olan hərisliyimiz səbəbi ilə Allah təala Qurani-Kərimdə malımız və canımızla imtahan olunacağımızı bildirən ayələrdə ilk öncə malımızı vurğulayır. “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik.” (əl-Bəqərə, 155)
İnsanı həlaka aparan amillər içərisində ən təhlükəlisi mal sevgisi olduğu üçün kitabımız Quranda fitnə adlandırılmışdır. Qurani-Kərimdə: “Ey iman gətirənlər öz əllərinizlə özünüzü təhlükəyə atmayın!” –deyə tənbeh olunurlar. Başqa bir ayədə Allah təala: “(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır.” (əl-Hədid, 10) buyuraraq sanki “kimin malını kimdən əsirgəyirsiniz” deyə səslənir bizə. Lakin Uca Yaradan, Allah yolunda yoxsullara verilən sədəqələri kiçicik olsa belə özünə verilmiş bir borc kimi dəyərləndirir. “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (əl-Hədid, 11)
İnfaqın böyüyü, kiçiyi olmaz. Zamanı, qədəri heç olmaz. İnfaq mal ilə olur, Allahın verdiyi hər şeylə olur. Ən böyüyü isə can ilə olandır. Uca Yaradan, Allah yolunda cəhd edənlərdən mallarını və canlarını satın aldığından bəhs edir. Və qarşılığında da cənnəti vəd edir Qurani-Kərimdə.
İnsan nə qədər yığarsa yığsın sonunda tərk edib getməyəcəkmi? Bugünkü kapitalist insanına ən böyük kapitalın nə olduğunu doğru anlada bilsək bəlkə də bütün var-dövlətini bu uğurda xərcləmək üçün əlindən gələni edər. Doğrudan da kapitalı cənnət qarşılığında sərmayəyə çevirməkdən daha gözəl nə ola bilər?
Var-dövlət, insanı Qarun da edər, Süleyman da. Allahın neməti olaraq gördüyün zaman Süleymansan, özündən bildiyin an isə Qarunlaşmağa başlarsan. Bu gün Qarunlaşmanın dəb düşdüyü dünyada Qarun olmamaq çox çətin...
ŞƏRHLƏR