Həyatı Sadə Yaşamaq
Yaşadığımız dünyanın iləl-əbəd məkan olduğunu düşünən elə insanlar var ki, əllərində olan hədsiz imkanla kifayətlənməyib daha çox ehtiras və vəzifə hərisliyinə düşərlər.
Ancaq tarixdə elə şəxsiyyətlər də olmuşdur ki, onlar sahib olduqları malı, mülkü və vəzifəni mənəvi qazancı artırmaq üçün fürsət bilmişlər.
Dünya səltənətinə aldanmayan igidlər karvanının ən seçkin şəxsiyyətlərindən biri də Səid bin Amir (r.a)-dır.
Səid bin Amir məşhur Suffə əshabından olub fərasətli, qabiliyyətli bir idarəçi və ədalətli siyasət xadimi idi.
Hz. Ömər tərəfindən Xumusa vali təyin edilən Səid (r.a) qısa zamanda göstərdiyi xidmətlərlə xalqın etimadını qazanır. Bunu eşidən hz. Ömər xalqdan bunun səbəbini soruşduqda bu cavabı alır:
“Valimiz xalqın dərd ortağıdır”
Bir dəfə hz. Ömər onu ziyarətə gəlmişdi. Xəlifənin gəlişindən xəbər tutan bölgə xalqı onun ətrafına toplanmışdı. Bu fürsətdən istifadə edən xəlifə:
“Ey xumuslular! Valiniz necədir, ondan razısınızmı? Bir şikayətiniz varmı?” -deyə soruşdu.
Validən razı olduğunu bildirən xalq sadəcə onun bəzi hərəkətlərinin hikmətini başa düşmədyini ərz edərək aşağıdakı maddələri saydı:
- Səhərlər işə vaxtında gəlmir.
- Gecə olduqdan sonra bizi yanına qəbul etmir.
- Ayda bir dəfə evindən çölə çıxmır, o gün xalqla heç görüşmür.
- Bəzən də ürəkgetməsi olur.
Hz. Ömər xalqın şikayətlərini dinlədikdən sonra valini çağıraraq sualları cavablandırmasını tələb etdi. Digər tərəfdən də qəlibində “Allahım! Said haqqındakı hüsnü-zənnimdə məni yanıltma!” deyə dua edirdi.
Hz. Said şikayət mövzusu olan məsələləri dinlədikdən sonra, onların hikmətlərini xalqın yanında xəlifəyə anlatmağa başladı:
“Ey Ömər! Əslində mən bunların səbəb və hikmətlərini açıqlamaq istəməzdim, amma şikayət olduğu üçün bəzi şeyləri izah etməyə məcburam.
- Bəli, səhərlər işə gec gedirəm. Çünki xanımım xəstədir. Evimdə də xidmətçim yoxdur. Odur ki, ev işlərinin çox hissəsini özüm görürəm. Səhər tezdən xəmir yoğurub, çörək bişirirəm və uşaqların yeməyini hazırladıqdan sonra dəstəmaz alıb evdən çıxıram.
- Doğrudur, gecələr heç kimi qəbul etmirəm. Çünki gündüzlərimi xalqın işlərinə həsr etmişəm. Xalq icazə versin, gecələri də Allah ilə baş-başa qalıb, həm o günün hesabını verim, həm də ertəsi gün üçün tədbir alım.
- Ayda bir gün xalqımın arasına çıxmadığım doğrudur. Xanımım xəstə, xidmətçim də olmadığı üçün paltarlarımı yumaqla məşğul oluram. Geyinməyə başqa paltarım olmadığına görə həmin gün bir parçaya bürünüb paltarlarımın qurumasını gözləyirəm.
- Elədir, bəzi günlər özümdən gedirəm. Bir zamanlar məkkəlilər Hübeybi tutub asdıqları gün mən də oradaydım. Müşriklər onu bir ağaca bağlayaraq “Sənin yerində Məhəmmədin olmasını istərdinmi?” deyə təklif etmişdilər. O şəhid ruhlu insan isə bu cavabı vermişdi:
“Nəinki onun burda olmasına, hətta olduğu yerdə ayağına bir tikanın batmasına belə qəlbim razı olmaz” -demiş və səsinin yüksəldiyi qədər “Ya Məhəmməd” deyə bağırmışdı. Və ardından müşriklər tərəfindən qəddarcasına şəhid edilmişdi.
- Ey Ömər, Hübeybin bu fədakarlığını xatırladığım zaman, o vaxtlar müşrik olduğum üçün ona kömək edə bilmədiyimi xatırlayır və Allahın məni əfv etməyəcəyi qorxusu ilə qeyri-ixtiyari olaraq bayılıram.
Valinin öz ağzından dinlədikləri bu cavablar qarşısında donub qalan xumuslular gözyaşlarını tuta bilməyib hıçqıra-hıçqıra ağlamağa başladılar. Hz. Ömər bir tərəfdən göz yaşları içində valisini dinləyir, digər tərəfdən də “Allahım! Hüsnü-zənnimdə məni yanıltmadın. Sənə minlərcə şükürlər olsun” –deyirdi.
...Bəli, “dünya səltənətinə aldanmayan qəhrəmanlar” qıtlıq zamanında səbir etməyi, bolluq vaxtında isə israfdan uzaq duraraq qənaətlə yaşamağı və möhtac insanlarla bölüşməyi bacarırlar.
Beləliklə hz. Ömər (r.a) Xumus xalqından şəhərdəki bütün fəqirlərin bir an əvvəl araşdırılıb bildirilməsini istədi. Xalq arasından seçilmiş heyət fəqirləri bir-bir müəyyən edib siyahını xəlifəyə ərz etdi.
Siyahının ən başında Səid bin Amirin adı yazılmışdı. Xəlifə ad oxşarlığı ola biləcəyini düşünərək “Bu Səid kimdir?”-deyə soruşduqda heyət:
- Ya Əmirəlmöminin, o, bizim valimiz Səiddir!”- cavabını verdi.
Xəlifə heyrətlər içərisində “Valiniz necə fəqir ola bilər ki?” dedikdə onu ağladan bu cavabı verdilər. “Ey Ömər, valimiz əlinə keçən hər şeyi fəqir-füqəraya paylayır.”
Vəziyyətdən xəbərdar olan hz. Ömər Səidə elçi vasitəsilə min dinar göndərdi. Ancaq hz. Səid kisənin içindəki qızılları görən kimi: “Dünya mənə gəlir, fitnə üzərimə gəlir” deyərək əlindəki dinarları bir kənara qoyaraq səhərə kimi ibadətlə məşğul oldu. Səhər tezdən dinarların hamısını ehtiyac içində olan insanlara payladı.
…Həyat yalnız insanlar üçün yaşandığı zaman bəşəriyyət qurtuluşa nail olacaqdır. Məhz o zaman insanlar bir-birinin dərdi ilə həmhal olar.
ŞƏRHLƏR