Büreydə Hədisinin Düşündürdükləri
Hədəfə nail olmaq üçün üslub çox önəmlidir. Plansız ve kor-koranə görülən işlərdə istənilən nəticəyə nail olanlar nadirdir. Məhz buna görə də Quran 23 il ərzində tamamlanmış və müəyyən mərhələlərdən sonra İslam dini formalaşmışdır. Bu müddət ərzində kainatın fəxri həzrət Peyğəmbər (s.ə.s) dini səmərəli şəkildə və daha çox insana çatdırmaq üçün bir çox metoddan istifadə etmişdir. Ümumi olaraq bu metodlara nəzər saldıqda tolerantlığın əsas alındığına şahid oluruq. Şübhəsiz ki, əsas olan sözün və ya düşüncənin əslidir. Əlbəttə, bununla yanaşı metodun da əhəmiyyət kəsb etdiyi hallar, yəni zaman, məkan və etidallıq arxa plana atılmamalıdır. Deməli, arzu edilən nəticəni əldə etmək üçün elmi, ədəbi, bir sözlə yerinə görə gərəkli olan metoddan lazimınca istifadə edilməlidir.
Aşağıda qeyd edəcəyimiz Büreydə hədisi Peyğəmbərimizin üslub, zamanlama və hadisələri müsbətə yozması baxımından əhəmiyyət kəsb edir.
Büreyde belə rəvayət edir. “Peyğəmbər (s.ə.s) heç bir şeyi uğursuz görməzdi, əksinə hər şeyin xeyirli tərəfinə baxardı. Allahın Rəsulunu Mədinəyə hicrət edərkən Qüreyş qəbiləsi onu tutub gətirənə yüz dəvə mükafat verəcəyini vəd etmişdi. Qarşılaşmaq ümidi ilə onu axtarmağa çıxan yetmiş süvaridən ibarət Səhm oğullarının dəstəsinə qoşulmuşdum. Gecə vaxtı qarşılaşdıq. Bir-birimizi tanımırdıq. Sözə ilk olaraq Peyğəmbər (s.ə.s) başladı və mənə belə dedi:
“- Sən kimsən?” Buna müqabil olaraq mən:
“- Bureydə”-dedikdə Peyğəmbər (s.ə.s) (adımın mənası sərinlik olduğu üçün) Əbu Bəkrə tərəf dönərək:
“- Ey Əbu Bəkr! İşimiz alındı, sərinləşdi və düzəldi”-dedi. (Bəraə əmrunə və saləha). Sonra yenə mənə:
“- Kimlərdənsən?”-dedi. “Əsləm qəbiləsindənəm” deyə cavab verdim. Bunu eşidəndə Peyğəmbər (s.ə.s) kəlmənin mənasına uyğun olaraq:
“- Səlamətdəyik” (Səlimnə) buyurdu. Sonra Peyğəmbər “Əsləm qəbiləsinin hansı qolundansan?”-deyə soruşdu. Mən:
“- Səhm oğulları qolundan” dedikdə bu dəfə də Peyğəmbər (s.ə.s) kəlmənin mənasına uyğun olaraq Əbu Bəkrə:
“- Sən zəfər əldə etdin. İstəyinə nail oldun mənasında - Oxun çıxdı” (Xaracə səhmukə ya Əba Bəkr) dedi.
Növbə mənə gəlmişdi. Mən də belə soruşdum:
“- Yaxsı, bəs sən kimsən?” O:
“- Mən Abdullahın oğlu Məhəmmədəm. Allahın Elçisiyəm” deyib məni İslama dəvət etdi. Mən Rəsulullahın danışma üslubundan təsirləndim və yanımdakı 70 nəfərlə birlikdə İslamı qəbul etdik.
Yanımızdakı süddən ona da ikram etdik. Peyğəmbər və yanındakılar südü içdikdən sonra bərəkətlənməsi üçün dua etdilər. Yatsı namazını birlikdə qıldıq. O gecə mən hz. Peyğəmbərdən Məryəm surəsinin ilk ayələrini öyrəndim.”
Ertəsi gün Peyğəmbər (s.ə.s)-ə “yanında bayraq olmadan Mədinəyə girmə!”-deyən Büreydə başından sarığını çıxararaq nizəyə bağlamış və onların önündən getmişdi.
Hər dəfə söz düçəndə Büreydə (r.a): “Allaha həmd olsun ki, Səhm oğulları heç bir məcburiyyət olmadan müsəlman oldular”-deyə şükür edərdi. (Hədisin fərqli təriqləri vardır. Hədisi Hakim Tirmizi Nəvadirul-Üsul I, 306. adlı əsərində qeyd edir.)
Büreydə b. Husaybın həzrət Peyğəmbərlə harada və necə qarşılaşdığını anladan bu rəvayət, onun Peyğəmbər (s.ə.s)-in üslubundan təsirlənərək müsəlman olduğunu göstərir. Bu, o deməkdir ki, metod insanlarla qurulan ünsiyyətdə və İslama dəvət əsnasında diqqət ediləcək ən önəmli vasitələrdən biridir.
Hadisələrə və şəxslərə qarşı müsbət düşüncəyə sahib olmaq hz. Peyğəmbərdən ala biləcəyimiz ən mühüm örnəklərdən biridir. Buna “yarımçıq qabın dolu tərəfini görə bilmək” də deyə bilərik..
Hakim Tirmizi “Soruşulan suala gözəl cavab vermək, anlamanın incəliklərindən və idrakı asanlaşdıran nəzakət ölçülərindəndir” deyir. Həqiqətən yumşaq üslub, hüsnü-niyyət, səbəb və nəticələrini düşünərək ifadə edilən fikirlər şifahi və yazılı ünsiyyətdə insanlara təsir edən və onların mənəvi dünyasını hərəkətə kecirən amillərdəndir. Qurandakı “Onunla (Fironla) yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!" (Taha, 44) ayəsi də bu çərçivədə düşünülməlidir. Hədisdə də gördüyümüz kimi Büreydə bin Husayb Peyğəmbərin xitabət üslubundan və davranış qaydalarından təsirlənərək həyat fəlsəfəsini dəyişmişdir. Nəticədə Peyğəmbərin bayraqdarı olmuş və 16 döyüşdə iştirak etmişdir.
Din və iman Allah tərəfindən bizə verilmiş əmanətdir. Onu ehtiyacı olan insanlara çatdırmaq hər birimizin vəzifəsidir. Nəticənin müsbət olması üçün də bu sahənin mütəxəssisi olan Peyğəmbər (s.ə.s)-dən nümunələr götürməliyik. Onun həyatı örnəklərlə doludur. Büreydə hadisəsi bunlardan biridir. Bütün insanlar inanmağa meyilli olaraq yaradılmışdır. Əsas olan iman reseptini bizim onlara təqdim etmə metodumuzdur. Metodsuz nailiyyət əldə etmək olmaz.
Peyğəmbərsiz dini anlamaq nöqsan olduğu kimi, dinsiz həyatı yaşamaq da duzsuz və naqisdir.
ŞƏRHLƏR