Sizi Ürkütdümü Halim?!

Sizi Ürkütdümü Halim?!

Artıq ayın neçəsi olduğunu unutmuşdu. Əslində yarıqaranlıq, təkadamlıq kamerada nə ayın tarixinin, nə də saatın neçə olduğunun fərqində idi. Fikrində hər şey ikiləşmişdi: gecə-gündüz, ağ-qara, keçmiş-gələcək, işıq-zülmət, həyat-ölüm...

...İstintaqa aparılanların etiraz səsləri, nəzarətçilərin söyüşləri gecənin düşməsindən, işğəncələrdən sonra kameralara sürüdülərək gətirilənlərin iniltisi səhərin açılmasından xəbər verirdi...

...Ağ-qara rənglərə hərdən qırmızı da qarışırdı. Divarlara çilənmiş insan qanı... Əzablara dözməyib üzünə duran, yalan ifadə verməyə məcbur edilərək “Məcburam, məcbur eləyiblər. Bacarmıram” deyən prof. Ubaydulinin qanı... Professoru təpikləyib sürüyə-sürüyə apardılar...

...Həyat keçmişi, ölüm gələcəyi idi. Bu ikiliyin arasında indisi əriyib yox olmuşdu. Zamanı dayanmışdı... Əqrəbləri düşmüş, siferblatı sınmış saata bənzəyirdi... Zaman gedir, saat işləyirdi, fəqət onun üçün yox, başqaları üçün.

Kameradan – bugünündən dünənə və sabaha boylandı. Gələcək zülmət, müdhiş bir qaranlıq, keçmiş isə işıqlı, günəşli idi. Keçmişini işıqlı edən dostları, tanışları idi. M.Ə. Sabir, Mirzə Cəlil, Səhhət, Əbdürrəhim bəy, Cabbarlı... Vaxtında öldünüz, urvatlı getdiniz bu dünyadan. Yoxsa indi siz də qonşu kameralarda aqibətimi yaşayır, “hinger” və “tovariş”lərin qabağında qolubağlı dayanıb yalançı ittihamları dinləyərək haqqınızda çıxarılacaq sürgün, ölüm hökmlərini gözləyirdiniz. Görün məni nədə ittiham edirlər. “Koroğlu”nu nəşrə hazırlamağım xalqı milli-azadlıq hərəkatına səsləyərək SSRİ-dən ayırmaq məqsədi daşıyırmış. Mahmud Kaşğarlının “Divani-lüğətit-türk”ünü nəşr etdirməklə Şura hökumətini yıxmaq istəmişəm...

Dəmir qapıdakı kiçik nəfəsliyin şaqqıltı ilə açılması fikirlərini alt-üst etdi, xatirələri çilik-çilik olub kameranın beton döşəməsinə səpələndi. Xəyali həmsöhbətləri də bu qəfil səsdən diksinərək kameranın qaranlıq küncünə çəkilib bir-bir yox oldular. Onların yerində əvvəlcə başını nəfəslikdən içəri soxan lopabığ, donqaburun erməni nəzarətçi, sonra isə bir günlük yemək payı – bir kruşka su və quru çörək peyda oldu.

İlahi, bu məmləkətdə nə qədər erməni varmış? Yoxsa bu ermənilərin hamısı NKVD-də, QPU-da işləyir? Azərbaycan ədəbiyyatının qaranlıq səhifələrini işıqlandırmaq üçün min bir əziyyətlə əldə etdiyi əlyazmaların birində rast gəldiyi şeirin misralarını qırıq-qırıq da olsa yadına salmağa çalışdı:

Çıxmadı qurtulaq dərdi bəladan

Gündə bir zakonu görən canımız!..

...Gahi Avanesi, gahi Sərkizi,

Gahi də Semyonu görən canımız!

Olmazmı mükəddər, sahibixtiyar

Əvəki, Ərtünü görən canımız!..

 

Allah sənə rəhmət eləsin, Qasım bəy! Bəlkə də bu misralar idi müstəntiq Qalustyanın bütün səylərini puç edən, onu Qalustyanın qabağında əyilməyə qoymayan...

Nəzarətçi gedəndən sonra pərən-pərən olmuş xatirələrini bir yerə toplayıb ötən xoş günlərə qayıtmağa çalışsa da bacarmadı. (Bu məmləkətdə təkcə əlləri, ayaqları buxovlamırdılar, dili, düşüncəni, arzu və xəyalları da buxovlayırdılar. Ancaq “onlar” kimi düşünməli, “Daloy çadra”, “Daloy papaq”, “Daloy tar”, “daloy...daloy” bağıraraq namusu, qeyrəti, kişiliyi, mənliyi ayaqlar altına atmalı, “daloyları” “dalay-dalay”lara çevirərək qabaqlarında oynamalı, alçalmağı bacarmalısan. Əks təqdirdə...) Qalustyanın iyrənc sifəti, gözünün önündən, cırıltılı səsi isə qulaqlarından çəkilmirdi:

...Əsgərov Salman Mümtaz, deməli, 1883-cü ildə Şəkidə anadan olmusan. Uşaqlığın da Aşqabadda keçib. Deyirlər atan Məhəmmədəminin 12 karvansarası, bir neçə dükanı, böyük bir mülkü də olub Aşqabadda. Kstati, atandan qalan qızılları harda gizlətmisən? Evində kağız-kuğuzdan başqa bir şey tapmadıq... İnteresno, heç bir institut bitirməsən də AzFAN-ın dil və ədəbiyyat institutunda I-dərəcəli əməkdaş olmusan... “Molla Nəsrəddin”, “Tuti”, “Zənbur”, “Şeypur”, “Maarif və Mədəniyyət” jurnallarında “Səda”, “Günəş”, “Açıq söz”, “Kommunist” qəzetlərində əməkdaşlıq edib şeir, felyeton və məqalələr yazmısan. Azərbaycan ədəbiyyatının tarixinə dair 15, şifahi xalq ədəbiyyatına aid 2 kitabın müəllifi olmusan...

Qalustyanın səsi get-gedə uzaqlaşır, uğultuya çevrilirdi. Uğultu tamam kəsiləndə “könüllər sultanı” adlandırdığı Füzulinin 3 cildliyini, Xətainin divanını, “250 şeir toplusu”nu, “Seyid Əhməd Bakuvi” kitablarını nəşrə hazırladığını xatırladı. Nə qədər görüləsi işləri vardı. Min bir əziyyətlə şəhər-şəhər, qapı-qapı gəzib əldə etdiyi əlyazmaların çoxunu tam oxuyub nizama salmamışdı. Hər şey alt-üst oldu, arzuları, planları yarımçıq qaldı. Elə ömrü də...

Xalqın mədəni sərvəti olan inciləri - əlyazmalarını itib-batmaqdan, məhv olmaqdan qorumağı vətəndaş borcu bilən böyük bibliofil (kitabsevər) Salman Mümtazın xəyali kamera düşüncələrini yarımçıq qoyub “Xalq düşməni”nin qızı olduğu üçün ADU-dakı təhsili yarımçıq qalan Şəhla xanımın xatirələri ilə yarımçıq da olsa tanış olaq:

“1937-ci ilin oktyabrın 8-də gecə saat 12-də qapı döyüldü. Qapını atam açdı...

Səhərə qədər evi ələk-vələk etdilər. Qədim əlyazmaları sürüyüb aparanda vərəqlərin biri cırıldı. Evinin talanmasına sakitliklə baxan atam dözmədi. İrəli atılıb xahiş etdi ki, belə etməsinlər. Burada neçə alimin, şairin yazıları var, xalqın sərvətidir bunlar... Evdən 2 maşın kitab, əlyazma apardılar.”

1938-ci ilin yanvarın 9-da keçirilən 30 dəqiqəlik qapalı məhkəmə iclasında S. Mümtazı bütün ittihamları rədd etməsinə baxmayaraq əmlakı müsadirə edilməklə və 5 il müddətində siyasi hüquqları alınmaqla 10 il həbs cəzasına məhkum etdilər.

Şəhla xanımın dediklərindən: “Atamı həbs düşərgəsinə göndərməzdən əvvəl 15 dəqiqəlik görüş verdilər bizə. Hamımız həyəcanlı idik. Nə edəcəyimizi, nə deyəcəyimizi bilmirdik. Gərginliyi azaltmaq üçün yeməyinin necə olduğunu soruşduq. Cavab daha ağır, daha dəhşətli oldu: “Taxta kimi çörək verirlər, onu da yeməyə diş qoymayıblar... Amma heç nəyi boynuma almadım. Özüm-özümə şər atmayacağam ki?!””

Bu iki cümlədə günahsız bir insana verlən mənəvi əzab və cismani işgəncələrin nəticəsi və sınmayan kişi xarakteri öz əksini tapır.

...1941-ci ilin dekabr ayının 21-də (zamanın daha bir ironiyası, Stalinin ad günü idi həmin gün) S. Mümtaz Sol-İletsk həbs düşərgəsində vəfat edir. 1956-cı ildə digər “xalq düşmənləri” kimi S. Mümtaza da bəraət verildi. Hətta alimin evindən aparılan 238 nadir əlyazmaya görə qızı Şəhla xanıma 6010 manat 60 qəpik (Sovet manatı) pul da ödədilər.

20 il bundan əvvəl televiziyada seyr etdiyim bir kadr canlandı xəyalımda. Şəhla xanım evində saxladığı bir sandığı göstərərək babasından bu sandıq dolusu qızıl qaldığını, həmin qızılları atasının əlyazmaları əldə etmək üçün xərclədiyini söyləyirdi...

...Lakin müsadirə edilən 238 əlyazmanın sonrakı taleyi haqqında heç bir kəlmə də deyilmədi. Kimlərsə alimin əməyini oğurladı, onun hazırladığı əsərləri utanıb-qızarmadan öz imzası ilə nəşr etdirdi, alim oldu. Yada Hüseyn Arifin bu misraları düşür:

Alim tanıyıram Qoca Qafqazın

Çeşmətək durulub dibindən çıxır.

Alim var, sağ əli Salman Mümtazın,

Sol əli Hümmətin cibindən çıxır.

1937-ci ilin o müdhiş oktyabr gecəsində yazılı müsadirə aktında 238 əlyazma götürüldüyü qeyd edilsə də S. Mümtazın evindən əslində 239 əlyazması aparılmışdı. Heç bir aktda qeyd edilməyən, yeri naməlum qalan 238 əlyazması kimi harada olduğu bilinməyən 239-cu əlyazması S. Mümtazın özü idi. Ömrünü-gününü əlyazmalar içərisində keçirə-keçirə özü də bilmədən nadidə bir əlyazmasına çevrilmişdi. Güvələr, mirgənələr ağızlarından çıxmış və əsrlərin yağışı nəticəsində min məşəqqətlə oxuduğu əlyazmalar kimi böyük bir məsuliyyət altına girərək o nadidə əlyazmanın salamat qalan səhifələrindən oxumağa çalışdım. Bu əlyazmasından qan çilənmiş səhifələrini ürək ağrısı ilə vərəqlədikcə rus çölünün şaxtasından donmuş səhifələr məni də dondurdu. Bu yarımçıq əlyazma isə bizə çox şeydən xəbər verir. Bu gün böyük bir əlyazmalar institutunun gördüyü işi 100 il bundan əvvəl təkbaşına görən S. Mümtaza qarşı ögey münasibət və laqeydlik nəticəsində hələ də gənc nəsil onu layiqincə tanımır. Yazımı H. Cavidin misraları ilə başladım və elə onun misrası ilə də bitirmək istəyirəm:

Anlamaz dərd əhlini biganələr... 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz