Şəfqət Və Mərhəmət
Şəfqət və mərhəməti ilk növbədə Allah Rəsulu olan Peyğəmbərimizdə axtarmalıyıq. Çünki Quran onu rəhmət və şəfqət peyğəmbəri olaraq təqdim edir. Ayədə buyurulur:
“Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.” (Ənbiya, 21/107)
İslam alimləri hz. Peyğəmbərin rəhmət xüsusiyyətini iki şəkildə dəyərləndirir:
1. “O aləmlərə rəhmətdir” çünki özünə inanaraq bağlananları dünya və axirət səadətinə doğru aparır.
2. “O aləmlərə rəhmətdir” çünki onun gəlişiylə birlikdə daha əvvəlki dövrlərdə iman etməyənlər üçün göndərilən, fəqət hər kəsə şamil olan bu dünyadakı ilahi cəzalar qaldırılmışdır.
O, cahanşümul mərhəmətin yeganə təmsilçisi olduğu üçün yalnız bir bölgənin, bir irqin deyil, bütün bəşəriyyətin şəfqət və mərhəmət sığınacağıdır. O, özünə bəxş edilən ilahi rəhmət gərəyi bütün bəşəriyyətə qarşı şəfqət və mərhəmətlə doludur. Quran onun bu xüsusiyyətini belə tərif edir: “Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” (Ali-İmran, 3/159)
İslamın ayə və hədislərdən yola çıxaraq verilmiş təriflərində hz. Peyğəmbərin mərhəmət və şəfqəti dinin təməl əsası olaraq yerini almışdır. “İslam Allahın əmrinə təzim, yəni ona qul olmaq, onun yaratdıqlarına şəfqət və mərhəmətdir.” Yunus Əmrə bu xüsusu belə ifadə edir:
Elif okuduk ötürü
Pazar eyledik götürü
Yaradılanı severiz
Yaradandan ötürü
İslamın əsasında olan Məhəmmədi şəfqət və mərhəmət ümumidir. Yəni, yaradılmış hər varlığı, Allahın qüdrət təcəllisinə məzhər olan hər şeyi içinə alır. Çünki Allah Peyğəmbərinin bu həssasiyyətə sahib olmasını istəmişdir. Yalnız öz nəfsi istək və tələblərini düşünən insanlar dünyanı abad etmək yerinə hər zaman bərbad etmişlər.
Məhəmmədi şəfqət və mərhəmətdə şikayətə yer yoxdur. Çünki şikayət etmək acizlik və özünü düşünməyin nəticəsidir. Hər şeyin qədər planında cərəyan etdiyini bilən insan kimdən kimə şikayət edə bilər ki? Şəfqətdə hüzn, göz yaşı vardır, amma əsla şikayət etmək və dərtdənmək yoxdur. Öz qüsurlarını görən bir insana başqalarından şikayətçi olmaq yaraşmaz. Lütfə razı, iztirab və çilələrə narazı olan bir qəlb hüznün kamilləşdirici həzzindən məhrum olar. Hüzndəki həzzi duymayan da dərdli könüllərə dəva olmaz.
Məhəmmədi şəfqət və mərhəmət sayəsində aləmdə baş verənləri Allahın camal və cəlal sifətləri çərçivəsində dəyərləndirmək mümkün olur ki, belə olan təqdirdə də baş verən hadisələr insanı qüssəyə sürükləməz. Şair bu gerçəyi necə də gözəl ifadə edir:
Hoşdur bana senden gelen
Ya qonca gül, yahud diken
Ya hilatu yahud kefen
Lutfun da hoş kahrın da hoş
İslam və təsəvvüf məhz budur. Məhəmmədi rəhmət və şəfqət iqlimində insanları sevməyi öyrədir. Əgər bu gün İslam aləmində bunun əksi müşahidə olunursa qüsur ya müsəlmanlardadır, ya da İslamı terrorist kimi göstərməyə çalışan qüvvələrdədir. İki şeyi bir-birindən ayrı olaraq dəyərləndirmək lazımdır ki, bu da İslam və müsəlman ünsürüdür. Təəssüflər olsun ki, bu gün bəzi müsəlmanlarda görülən yanlış davranışlar İslama şamil edilməkdədir.
İslamın əsasında bütün məxluqata sevgi və mərhəmət vardır. Bu anlayış nəticəsində müsəlmanlar tarixən bütün din və millətlərlə hər zaman uzlaşma şəraitində yaşamışlar. Hamıya eyni gözlə baxmaq, özünü cəmiyyətin fərdlərindən saymaq başqalarıyla əlaqələrdə çox mühüm amildir. Başqalrı ilə səmimi davranmanın yolu insanın daxilindəki ünsürlərdən qaynaqlanır. Bir insanın qəlbi şəfqət və mərhəmətdən məhrum isə bu halı zahirinə də yansıyaraq ətrafdakılarla rəftarına təsir edəcəkdir. Kamil mənada İslam insanı şəfqət və mərhəmətlə yoğrulmuş qəlbə sahib olmalıdır.
ŞƏRHLƏR