Səbir Və Şükür

Səbir Və Şükür

Səbir azğın nəfsə vurulan cilovdur. İmtahanlarla dolu həyat dolaylarında səbir əyləcinə çox möhtacıq. Çünki həyat, murad qapılarını səbr edib işin nəticəsini gözləyənlər üçün açmaqdadır.

Əslində səbr etməyənlər də gözləmək məcburiyyətindədir. Çünki səbirsizliklər heç nəyi dəyişməz. Hamı naçar şəkildə tükənməkdə olan ömür nəfəslərini sayar.

Digər tərəfdən həyatın axışında dövr edən ömür möhləti bir intizardan ibarətdir. Ömür nədir? Bir qayəyə həsr edilmiş intizar müddəti...

İnsan ömrü boyu istər-istəməz gözləmək, səbr etmək məcburiyyətindədir. Səbirsiz olub nə edəcək ki? İnsan oğlu ömrü boyu qədər tunelində hərəkət edər. İnsanın əlində olan iradə çox cüzidir, hətta yox dərəcəsində. Buna görə də insan ömrü boyu daima gözləmək məcburiyyətindədir. İstənilən nəticələr çəkilən iztirab və kədərlərə səbr etdikdən sonra hasil olur. İnsanın taleyinə daima nə isə gözləmək yazılmışdır. Ana bətnindəki körpə dünyaya gəlməyi gözləyər, doğulanlar böyüməyi, böyüyənlər arzularının çin olmasını... Beləliklə uzanıb gedər gözləmələr...

Əgər insan həyatın arzu və həqiqət dayanacaqlarından birində dayanmasa, başqa birində mütləq dayanacaqdır. İnsan oğlu nə qədər çırpınsa, hara qaçsa əsla gözləmək dediyimiz bu illətdən yaxa qurtara bilməz. Ən nəhayət, aqibət mənzilində dayanacaq və orada sonsuzadək gözləyəcəkdir.İnsan iradəsinə kilid vurulan o məkanda hər kəs vaxt, bədən, var-dövlət və iradəsi əlindən alınmış halda naçar gözləyəcəkdir.

Əgər bu dünyada səbr etməmiş, daima tələsmiş, gəncliyinə güvənmiş və nəfsani istəklərin ardınca düşmüşsə, o zaman vay insanın halına.

Sabahkı gününə səbrin səmərəli meyvəsini yetişdirə bilməmişsə, yazıqlar olsun  insanın halına... Artıq orada bambaşqa bir acı və iztirab ilə gözləmə həyatı başlayacaqdır. Elə bir intizar ki, ordan heç bir yerə qaçış imkanı da yoxdur...

Necə də xoşbəxtdir o kəslər ki, həyatda ikən səbr etməyi bacarmışlar... Vaxt, bədən, iradə əllərində olduğu zaman nəfsin mırıltılarına və azğın istəklərinə boyun əymədən itaətə davam edənlər...

Orada mələklər onlara:

“Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” deyəcək.

Arzu etdiyi şeylərə nail olmağı istəyən insan ömrü boyu gözləmək məcburiyyətindədir. Hər insan axşam olduqda səhərin gəlişini, səhər işlərin bitməsini və axşam evə qayıtmağı gözləyər. ömrümüz boyu gözləmənin, intizarın acı iztirabını çəkmək məcburiyyətindəyik. Parlaq gələcəyin yolu nəfsin azğın arzularını cilovlayaraq təqvaya yönəlməkdən, gözləmənin şüur və idrakına varmaqdan keçir.

Bu səbəblə Allah təala insan övladına “haqqı və səbri” tövsiyə edir. İman bərabərliyinin “haqqı və səbri” tövsiyə əsası üzərində qurulmasını istəyir. Haqqı tövsiyə əbədi, daimi və doğru olanı tövsiyə etməkdir. Buna görə də ən gözəl nəsihət haqqı tövsiyədir. Bu nəsihət olmadıqda insan övladı keçici və gerçək olmayan şeylərə meyl edərək qayəsindən uzaqlaşa bilər. Səbir Allaha doğru yol almaq, haqq naminə səbat, qarşıya çıxan məşəqqətlərə isə dözüm göstərməkdir.

Səbir xeyirlərə nail olmaq; şeytanın addımlarına uymamaq, nəfsin istərk və arzularından uzaqlaşmaq və ömür sərmayəsini əbədi qayəyə sərf etmək üçündür vacib ünsürdür. Bu şüura sahib olan möminlər bir növ sürgün diyarı olan bu fani dünya həyatında sonsuzluğa doğru yola çıxmış bir həcc qafiləsi kimidir. Bir-birinin əlindən tutar, bir-birini qoruyar, haqqı və səbri tövsiyə edərlər.

Çünki nəfsin azğınlığı, şeytanın hiylələri və günaha çağıranlar qarşısında yeğanə silah səbirdir.

Səbir əbədiyyət yolçusunun ən gərəkli azuqəsi və vəfalı yol yoldaşıdır. Səbirlə yola çıxan yolda qalmaz, məqsədinə çatar. İntizarın atəşdən daha şiddətli acısı qarşısında köməyə çatan yeganə vasitə yenə səbirdir.

Hadisələri meydana gətirən səbəblər bəhanə və pərdədir. Pərdələrin arxasında isə Allahın hökmü vardır. O hökm ki, vaxtı və saatı gəldikdə təcəlli edər. O hökmü xeyirlə gözləmək, iztirab içində səbr etmək “təbiətində tələsmək olan” biz qullara nə hikmətdirsə ən ağır gələn şeydir. Amma böyük xeyirlər də ifadə etdiyimiz kimi, yalnız səbirli intizarların ardınca gəlməkdədir.

Səbr edə bilən insan məkanların daraldığı, qəlblərin sıxıldığı, imkanların məhdudlaşdığı yerdə nemət və ilahi lütfün fərqinə daha çox vararaq şükrü dərk etməyə başlar. Şükür olmadan səbrin nə mənası var ki?! Səbirdən məqsəd şükür deyilmi?!

Hər şeyə şükr edə bilən insan eyni zamanda ən gözəl şəkildə səbr edən deməkdir. Səbir imtahanını qazanan qullar şükr edən bəxtiyarlardır. Onlar daima rüşd pillələrinin zirvəsindədir.

Xülasə, həyatın müxtəlif yönlərinə dair oyrəndiklərimiz bir yana dursun, sadəcə “səbir və şükür” həqiqətini qəlbimizə yerləşdirə bilmişsək xoşbəxt insanıq. Çünki “Allah səbr edənlərlə bərabərdir” düsturunu “Şükr edən qullarım nə qədər də azdır” bəyanını qavramaq bəlkə də həyatın enişli-yoxuşlu yollarında öyrənəcəyimiz ən mühüm dərslərdən biridir.

Bəzi daşlar var ki, çəki və həcmcə çox xəfifdir, amma qiymət etibarı ilə nadir tapılan inci sayılır. Bəzən qiymət verməkdə çətinlik çəkər və bir kəlməylə “misilsiz” deyərik. Məhz bu cür misilsiz incilərdən ikisi, bəlkə də ən əhəmiyyətlisi səbir və şükürdür. Kəlmə olaraq qısa, həcmcə az, amma məna baxımında çox geniş!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz