Bir Müsəlman Portreti

Bir Müsəlman Portreti

Cəmiyyətin xoşbəxt olması fərdlərin xoşbəxtliyinə bağlıdır. İslam dinində fərdlər də cəmiyyət qədər önəm kəsb edir. Kamil fərd kamil cəmiyyət deməkdir. İslamın əsas hədəflərindən biri də müsəlman şəxsiyyəti yetişdirməkdir.

Bu baxımdan bir çox hədisi-şərifdə müsəlmanların xüsusiyyətlərindən bəhs edilir. Çünki sağlam müsəlman sağlam cəmiyyətin təməlidir. Həzrət Məhəmməd (s.ə.s)-in cəhalət və vəhşilik bataqlığında batan cəmiyyəti qaranlıqlardan qurtararaq aydınlıq günlərə çıxarmasında ən güclü səbəb, məhz onun mükəmməl müsəlmanlığı olmuşdur. Onun yaşadığı dövrün “səadət əsri” olması əshabın dini anlayıb, onun göstərdyi şəkildə yaşamalarına görədir.  

İnsanların anlayışları fərqli səviyyələrdə olduğu üçün, dini anlama şəkilləri də müxtəlifdir. Biri namazı əlləri açıq şəkildə qılmağı düzgün qəbul edərkən, digəri əlləri bağlı şəkildə namaz qılmağı düzgün qəbul etmişdir. Bunlar yalnız ictihad fərqliyindən ortaya çıxan ayrılıqdır. Hətta Peyğəmbər (s.ə.s) bunu “rəhmət” olaraq dəyərləndirmişdir.

 Ancaq Peyğəmbər (s.ə.s) öz həyat tərzi ilə bizlərə müsəlman portretini çəkərək gerçək müsəlmanın necə olacağını əyani şəkildə sərgiləmişdir. İslamdakı mükəmməlik Quran və Sünnədən irəli gəlir. Hər bir müsəlmanın kamilliyi onun Quran və Sünnəyə bağlılığı nisbətində ölçülməlidir. Bizim üzərimizə düşən vəzifə, zaman-zaman müsəlman modelimizi (Peyğəmbərimiz (s.ə.s)-in) hədis süzgəcindən keçirərək, Peyğəmbərin qoyduğu əsaslara nə dərəcə uyğun müsəlman olduğumuzu yoxlamaqdır.

 Hədislərdən birində (həqiqi) müsəlmanların tək bir vücud olmasına diqqət çəkilir. Necə ki, vücudun bir yeri narahat olduqda bütün bədən onu hiss edirsə, müsəlmanlar da tək bir vücud kimi olsalar, biri narahat olduqda digərləri onun halından anlayar və ona yardım əllərini uzatmaqda gecikməzlər. Peyğəmbər (s.ə.s) belə deyir: “Möminlər bir-birini sevməki, acımaq və qorumaq baxımından bir vücuda bənzəyər. Bədənin bir üzvü xəstələnərsə digər üzvləri də bu səbəbə görə yuxusuzluğa və qızdırmaya düçar olar.”[1] İslam dini hər zaman birlik və bərabərliyə, sülhə, eləcə də insanların rifahına son dərəcə əhəmiyyət verən bir dindir.

Sevgi, mərhəmət, şəfqət və yardımlaşma mömin olmanın və Allahın bəndə olaraq yaratdığı insana hörmətin önəmli nişanələrindəndir. Bütün insanlara qarşı anlayışlı və bütün məxluqata qarşı mərhəmətli olmaq, İslamın insana qazandırmaq istədiyi mükəmməliyin əsasıdır. Bu, ilk növbədə möminlərin öz aralarında başlayar sonra da bütün bəşəriyyətə şamil olar.

Möminlər fərd və cəmiyyət olaraq acılardan, iztirablardan və xəstəliklərdən qurtulmaq üçün Islamın təqdim etdiyi düsturlara bağlı qalmalıdırlar. Belə olduqda tox müsəlman acın halından anlayar, qonşusu ac ikən özü rahat sabahlamaz, müsəlman qardaşının əlinə tikan batarsa öz əli acıyar və s.

İslam dini müsəlmanlar arasındakı münasibətləri Həqiqətən, mö’minlər (dində) qardaşdırlar…”[2]- deyərək qardaşlıq əsasına bağlamışdır. Mənəvi qardaşlığın fiziki qardaşlıqdan daha üstün olduğu qəbul edilərsə, heç bir müsəlman digər müsəlmanın hər hansı xüsusda narahat olmağını özünə sığışdırmaz. Ona xəyanət etməz, onun haqqında qeybət etməz, əksinə onun daha da xoşbəxt olması uğrunda hər şeyini fəda edər. Bu fədakarlıq rəhmət peyğəmbəri həzrət Məhəmmədin diliylə belə ifadə edilmişdir:

“Müsəlman müsəlmanın qardaşıdır. Ona nə zülm edər, nə də ( onu düşmənə) təslim edər. Kim müsəlman qardaşının ehtiyacını qarşılayarsa, Allah da onun ehtiyacını qarşılayar. Kim də müsəlman qardaşının dərdinə dərman olarsa, Allah da onun sıxıntılarını aradan qaldırar. Kim bu dünyada müsəlman qardaşının eyibini gizlədərsə, Allah da (qiyamət günündə) onun eyib və qüsurlarını gizlədər.”[3]

Müsəlman bütün xüsuslarda insanlardan etimad qazanmalıdır. Cəmiyyətdəki hər kəs ondan hər hansı zərərin gəlməyəcəyindən əmin olmalıdır. Hətta ən dəyərli əşyalarını belə ona əmanət etmə xüsusunda şübhə etməməlidirlər. Çünki Peyğəmbərimiz yaşadığı dövrdə Allaha inanan, inanmayan hər kəsin etimadını qazanmışdı. Mədinəyə hicrət edəcəyi zaman əmanətləri sahiblərinə geri vermək üçün həzrət Əli (ə.s.)-ı Məkkədə qoyub getmişdi. Bir hədisi-şərifdə belə buyurulur:

“Müsəlman, digər müsəlmanların onun əlindən və dilindən zərər görmədiyi kəsdir.”[4]

Müsəlman, “mənə dəyməyən ilan min yaşasın” fikrində olmamalı, gördüyü nöqsanları düzəltmək üçün əlindən gələni etməlidir. Narahatçılığını sözlə ifadə etmək mümkün olduğu kimi, yazıyla və müxtəlif davranışlarla da ifadə etmək mümkündür. Çünki müsəlman cəmiyyətə fəlakət gətirən deyil, əmin-amanlıq gətirəndir.

Rəsulullah (s.ə.s)-in hədislərdə verdiyi mesajları bir daha dərindən təfəkkür edək. Və bir-birimiz üçün narahat olmağı bacaraq! Bir-birimizi sevək, qoruyaq və Allahın bizdən istədiyi şəkildə qardaş olaq! Budur məhz həqiqi İslam!!!

Allah Elçisi bir daha birliyə diqqət çəkir. Onu da siz düşünün! “Möminlər bir-birinə möhkəm bitişmiş binalar kimidir. Həzrət Peyəmbər bunu açıqlamaq üçün iki əlinin barmaqlarını bir-birinə keçirdi.”[5]

Gecikmədən dərin yuxudan oyan ey İslam Dünyası!

Gəlin elə müsəlman olaq ki, Peyğəmbərimiz bizə baxaraq sevinsin, fərəhlənsin…

Həqiqi Müsəlman və qardaş olmaq ümidləriylə…

[1] Buxari, Ədəb 27; Müslim, Birr 66.

[2] Hucurat surəsi, 10.

[3] Buxari, Məzalim 3; Müslim, Birr 58

[4] Buxari, İman 4; Müslim, Iman 64

[5]Buxari, Salat 88. Müslim, Birr 65

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz