Sevgiylə Yoğrulmaq

Sevgiylə Yoğrulmaq

Başqalarının halına acımaq, əsirgəmək, qorumaq, sevgi ğöstərmək və yardım etmək... İnsanı başqalarına xeyirxahlıq və yardım etməyə sövq edən acıma duyğusudur.

 Mərhəmət bütün məxluqata sevgi ilə yanaşmaq, onları pisliklərdən qorumaq və xilas etmək, yardıma möhtac olanlara kömək etmək, bağışlamaq və əfv etmək kimi müsbət davranışların əsas səbəbidir. Qaynağı isə Allahdır.

Allahın ən əhəmiyyətli sifətlərindən biri mərhəmətdir. Bunu ifadə edən Rəhman və Rəhim adlarının Quranda Allah və Rəb adlarından sonra ən çox zikr edilən adlar olması Allahın mərhəmətinin önəmini və sonsuzluğunu göstərir. (əl-Əraf, 7/156), (əl-Əraf, 7/151), (əl-Mumin, 23/109).

Hz. Peyğəmbər (s.ə.s) mərhəmətin qaynağının Allah olduğunu ifadə edərək bir hədisi-şərifində belə buyurur: “Allah mərhəmətini yüz hissəyə ayırdı. Doxsan doqquz hissəsini dərgahında saxladı, bir hissəsini isə yer üzünə endiridi. Məhz bu bir parça rəhmət səbəbilə məxluqat bir-birinə mərhəmət edər. Hətta balası olan bir heyvan onu incitməkdən qorxaraq ehtiyatla davranar.” (Buxari, Ədəb, 19; Müslim, Tövbə, 17)

Mərhəmət duyğusu insanın təbiətində olan instinkdir. İnsan özünü mərhəməti ilə əhatə edən Yaradanın bu sonsuz sifətinin dərinliklərindən güc alaraq ətrafındakı varlıqlara, müşəxxəs və mücərrəd olan hər şeyə mərhəmət duyğuları ilə dolub daşmalıdır.

Bu haqda bəzi suallar vermək yerinə düşər:

Nəyə mərhəmət?

Kimə mərhəmət?

Necə mərhəmət?

Mərhəmət bir nizamdır. Bu baxımdan mərhəmətin ölçüsüz olması və ya həddən artıq olması da əslində mərhəmətsizlikdir. Doğru olan şəfqəti möhtac olana lazımi qədər və ölçülü şəkildə göstərməkdir. Yaradılanların ən üstünü olan insan Allah qarşısındakı məsuliyyətinə görə digər məxluqatdan seçilən yeganə varlıqdır. İnsan hər halından və işindən məsuldur. Yaradanının sahib olduğu sifətlərin bir cüzü də insanda əks olunur. Buna görə deyə bilərik ki, mərhəmət hər insanda olan və insanı insan edən xüsusiyyətdir. İlk növbədə insan özünə qarşı mərhəmətli olmalıdır. Çünki özünə şəfqətdən məhrum olan insan başqalarına qarşı mərhəmətli ola bilməz.

“Sayğı” adlandırdığımız hal da əslində bir mərhəmətdir. Qarşımızdakılara qarşı ölçülü davranmaq, sevgi ilə yanaşmaq da bir mərhəmətdir.

İnsan yaşadığı dünyada hər şeyə bu duyğularla yanaşmalıdır. İnsanın zamana, məkana, əşyaya daima şəfqət və mərhəmətlə yanaşması lazımdır. Zamanı israf etmədən, məkanı gərəksiz şeylər üçün işğal etmədən və əşyanı lazımi istiqamətdə işlədərək ona mərhəmətini ortaya qoymaq insanın qulluq vəzifəsidir.

Mərhəmətin hüdudları Quranda qoyulmuşdur. Təbəqələrə bölmədən, yaradılan hər varlığa mərhəmətli olmaq da Yaradanın bizdən istədiyi xüsusdur. Kainatda var olan hər şeyə bu ölçü çərçivəsində mərhəmət içində olmaq insanın edəcəyi bir davranışdır.

Mərhəmət eyni zamanda möminlərin də əsas xüsusiyyətlərindəndir. Bu səbəblə də Quran möminlərin bir-birilərinə qarşı mərhəmətli olduqlarını bildirir. (əl-Fəth, 48/29) Quranın bu düsturuna uyğun hz. Peyğəmbər (s.ə.s) də mərhəmət mövzusu üzərində əhəmiyyətlə durmuş, mərhəmətə təşviq etmiş, bəzən qatı və acımasız davranan insanları tənbeh etmişdir. Bir hədisində: “Mərhəmət etməyənə mərhəmət edilməz.” (Buxari, Ədəb, 18) buyurmuşdur. Başqa hədislərdə də insanın mərhəmətinin Allahın ona göstərəcəyi mərhəmətə vəsilə olacağını belə ifadə edir: “İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.” (Müslim, Fəzail, 66) “Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər (Allah və mələklər) də sizə mərhəmət etsin.” (Əbu Davud, Ədəb, 58; Tirmizi, Birr, 16)

 İslamın istədiyi mərhəmət bütün məxluqatı içinə alacaq qədər geniş əhatəlidir. Uşaqlar, qadınlar, yaşlılar, yetimlər, kimsəsizlər, xəstə və yoxsullar başda olmaq üzrə bütün insanlara mərhəmətli davranmaq hər bir möminin vəzifəsidir. Üzünə damğa vurulmuş bir eşşəyi gördükdə “Bu heyvanı dağlayana Allah lənət etsin!” (Müslim, Libas, 107) buyuran hz. Peyğəmbər (s.ə.s) bir hədisində pis yola düşmüş qadının susuzluqdan ölmək üzrə olan köpəyə su verdiyi üçün Allah tərəfindən bağışlandığını (Buxari, Şurb, 9, Ədəb, 27) digər hədisində də pişiyini aclıqdan ölməsi üçün həbs edən mərhəmətsiz bir qadının bu hərəkətinə görə cəhənnəmlik olduğunu (Buxari, Ədəb, 18, 27; Müslim, Fəzail, 65) bildirərək mərhəmətin sadəcə insanlarla həmsərhəd olmadığını dilə gətirir.

Xülasə, nə bəxtəvərik ki, bizi sevən və bizə mərhəmət edən Rəbbə iman edirik. Nə bəxtəvərik ki, mərhəmət duyğusu müsəlmanlığımızdan qaynaqlanan, bizi biz edən müstəsna keyfiyyətdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz