İslami Anlaya Bilmək
İslami təhsilin bünövrəsini kainatın ən şərəfli müəllimi həzrət Peyğəmbər (s.ə.s.) qoymuşdur. O, həm könlüylə həm diliylə həm də bütün davranışıyla öz müəllimlik vəzifəsini ən mükəmməl şəkildə həyata keçirdi.
Bu günün özündə də Rəsuli-Əkrəm (s.ə.s) öz mübarək hədisləri ilə biz ümmətinə yol göstərməkdədir.
Bünövrəsi on dörd əsr əvvəl Rəsulullah tərəfindən qoyulan “Suffə Mədrəsəsi” özündən sonra gələcək olan İslam mədrəsələrinə nümunə oldu. Məhz bu mədrəsələrdə yetişən İslam alimləri öz əsərləri ilə dünyada iz qoyub getmişlər. İslamın ilk illərində bu müqəddəs dini qəbul edən Azərbaycan xalqı da İslamın insanlara çatdırılmasında böyük rol oynayan alimləriləriylə tanınmışdır...
Lakin keçən əsrin əvvəllərində Qafqaz və Orta Asiyada İslam düşmənlərı dinimizin zəifəyib unudulması üçün bir çox edam, sürgün və fitnələrə əl atdılar. Kənardan qismən müvəffəq olduqları görünsə də qəlblərdə kök salmış bu dini oradan söküb çıxarmaq o qədər də asan olmadı. Hər yola əl atan mənfur düşmən xalq arasına saxta din adamları yerləşdirərək hər cür aşağılayıcı hərəkətləri İslama aidmiş kimi göstərməyə çalışdılar. Bununla da kifayətlənməyib mədrəsə, məscid və kitabxanaları yandırıb viranə qoydular. Oralardakı lazımi və müqəddəs əsərləri talan edərək öz muzeylərinə daşıdılar. Məscidlərimiz yandırıldı, kinoteatr, muzey və anbarlara çevrildi. Viranə qoyulan məscidlərdən biri də bünövrəsi hələ m.729-cu ildə qoyulmuş və Zaqafqaziyanın ilk məscidi sayılan Şamaxı Cümə Məscididir. 1918-ci ildə ermənilərin törətdiyi qətliamlar ərəfəsində Allah evinə pənah aparan qadın və uşaqların son sığınacağı olan bu müqəddəs məkan içindəki diri insanlarla birlikdə yandırılmışdır. Bu, dağıdılan, viran qoyulan məscidlərdən sadəcə biridir. Buna bənzər bir çox misal vermək mümkündür. O dövrdə məscid və mədrəsələrdə dərs verən müəllimləri və imamları da Sibirə sürgün edərək əhalini dini təhsildən məhrum edirdilər. İbtidai sinifdən ali məktəblərin ən üst təbəqələrinə qədər ateizm dərsləri keçilərək Allahsızlıq ideyaları xalqa təlqin edilirdi. Bir yaxınımın elmi ateizm dərsindən imtahan verərkən başına gələn bir hadisəni nəql etmək istəyirəm. Deyirdi ki:
Elmi ateizmdən imtahandaykən müəllim bir çox sual soruşdu, cavab verdim və nəhayət:
- Bir sual verəcəm cavabın məni qane etsə “5” yazacağam sənə, - dedi
- De görüm Allah varmı?
- Çaşıb qalmışdım, bir anda atamın namazları gözümün qabağından kino lenti kimi keçdi. Amma imtahandan da keçmək məcburiyyətində idim. Kəsilməmək üçün dilucu da olsa “yox” dedim.
- Sübut et! dedi.
- Heç özüm də bilmədən, qeyri-ixtiyari olaraq “Allah haqqı, Allah yoxdur” dedim.
- Müəllim gülümsəyərək məni qucaqladı. Gözləri dolmuşdu.
- Oğul bilirəm hər şeyi yaradan o uca yaradıcını inkar etmək ağılsızlıqdır, amma nə etmək olar? İşimdən və canımdan olmaq qorxusu ilə məcburam buna.
- Sonra məndən bu hadisəni heç kimə danışmayacağıma dair söz aldı və qiymətimi yazdı.
Zalım rejimin yıxılışından sonra nəhayət, İslamın önündə yenidən qapılar açıldı. Yetmiş il dindən uzaq qalan insanlara İslamı sevdirərək və nifrət etdirmədən çatdırmaq lazımdır. Bunun üçün nəbəvi metod hər birimiz üçün nümunə olmalıdır. Təəssüflər olsun ki, məscidlərin, dini təhsil ocaqlarının açıldığı bu dövrdə mövcud boşluqdan faydalanaraq bəzi mənfur niyyətli qruplar da fəaliyyətə keçmişdir. Bütün bunların qarşısını almaqsa hər birimizin dinə, vətənə və millətə olan müqəddəs borcumuzdur. Bununşün əlimizdən gələn hər şeyi etməliyik.
Həmişə nümunə götürdüyümüz Avropa ölkələrində məktəblərdə dini dərslər tədris olunur ki, bu da ölkə vətəndaşının dini sahədə sağlam düşüncəyə sahib olmasına xidmət edir. Bundan nəticə çıxararaq biz də öz ölkəmizdə bu sahədə addımlr atmalı və gənc nəsli dini yöndən savadlı yetişdirməliyik ki, başqa qüvvələrin təsirinə düşməsinlər. Qeyd olunmalıdır ki, artıq ölkəmizdə dini təhsil üçün dini ədəbiyyat kifayət qədər vardır.
İslamı olduğu kimi öyrənmək və qərəzli şəkildə dini parçalamağa cəhd edən qrupların təsirinə düşməmək üçün dövlət qeydiyyatından keçmiş dini təhsil ocaqlarında və məscidlərdə fəaliyyət göstərən müəllimlərə müraciət etmək daha məqsədyönlüdür.
ŞƏRHLƏR