Evlərimizdə Quran İqlimi
Əsri-səadət dövründə “Müsəlman evi” deyildikdə ilk növbədə ağla Quran sədasının arı vızıltısı kimi yayıldığı evlər gəlirdi. Bu evlər Mədinədə idi.
Məkkədə də evlər yeni müsəlman olmuş ailələr üçün Quranın müzakirə olunduğu məkanlardı. Orada bir Darul-Ərkam vardı; tərbiyə ocağı, sevgi məktəbi və şəfa mərkəzi... O evdə Quranın nurunu saçan, Rəsulullahın qəlbindən qidalanan bir qəndil yanardı... İnsanlar müsəlman olduqca Darul-Ərkamdakı nuru evlərinə daşıyar və bir qəndil də orada yandırardılar.
Darul-Ərkamda Quran təlim edilir və müsəlman şəxsiyyəti formalaşdırılırdı. Qarşılıqlı sevgi əsasına dayanan İslam qardaşlığı qurulurdu. Sürpriz və işgəncələrlə dolu Məkkə mühitində bədəni və ürəyi yara alanlara şəfa verilirdi.
O gündən bu yana müsəlmanların bir yerə toplaşdığı bütün evlərə Darul-Ərkam atmosferi hakim oldu. Rəsulullah (s.ə.s) “Evlərinizi qəbirlərə çevirməyin!” (Müslim, Müsafirin, 212) buyurmuşdur.
Müsəlman evləri diri qəlblərin qovuşduğu evlərdi. Quran dirilik gətirirdi o evlərə. Rəsulullahın öndərliyi dirilik gətirirdi.
Allahu təala Qurani-Kərimdə “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin...” (Ənfal, 24) buyurmuşdur.
Allahın və Rəsulunun dəvəti “həyatverici – dirilik mənbəyi” idi. Qurandan və Rəsulullahın öndərliyindən məhrum qalmaq bir mənada diriliyin əldən getməsi idi. Evlər bu həyat iksirindən məhrum isə demək ki, məzarlığa dönmüşdür. “İman edənlər” bu dirilik çağrısını eşidən və ona “Ləbbeyk” deyərək cavab verənlər idi.
Rəsulullah (s.ə.s) “Qəlbində Qurandan bir ayə olmayan kəs xaraba evə bənzəyir.” (Tirmizi, Fəzailul-Quran, 18) buyurmuşdur.
Ürəklər xarabaya çevrilmiş bir ev kimi olarsa xarab ürəklərin olduğu evlər də qəbiristanlığa çevrilərdi. Ürəklərdə Qurandan bir miqdar daşımaq Qurana bir tərəfindən sarılmaq deməkdi. Qəlbində Qurandan həyat daşımaq ömrünü Quranın həyat damarı ilə qovuşdurmaq deməkdi.
Allah Rəsulu (s.ə.s) “Bir toplum Allahın evlərindən bir evdə toplaşar, Allahın kitabını oxuyar və aralarında müzakirə edərlərsə, onların üzərinə sükunət enər, onları rəhmət bürüyər və mələklər onları çevrəyə alar. Allah təala da onları öz yanında olanların arasında zikr edər.” (Müslim, Zikr, 38) buyurmuşdur.
Məscidlər Allahın evi idi, amma Kitabullahın oxunduğu bütün evlər də Allahın evi olmağa namizəd idi. Əslində yer üzünü məscid halına gətirən Allah, ismi-cəlalının zikr edildiyi hər evi zatına aid edə bilərdi. O ev sükunətə məzhər olar, oranın sakinlərini rəhmət bürüyərdi. Mələklər onların başına toplanardı.
Bütün bunlar Rəsulullahın xitab etdiyi nəsil üçün dərin məna ifadə edirdi.
Ona görə də Quran bütün “Müsəlman evləri”nin hakim səsi idi.
Çünki onda;
Hidayət vardı.
Öyüd vardı.
Rəhmət vardı.
Tənbeh vardı.
Şəfa vardı.
Doğru xəbər vardı.
Haqq ilə batili bir-birindən ayıran (furqan) ölçülər vardı.
Və o dirilik qaynağı idi...
Onlar Quranı şəfa və rəhmət qaynağı kimi oxudular.
Oxudular, anladılar və anladıqlarını həyata əks etdirdilər. Ömürləri boyunca “Canlı Quran” olmaq kimi bir hədəfə can atdılar.
Onun hər ayəsi üzərində təfəkkür etdilər. Üzərində ətraflı düşünərək onu dərindən anlamağa çalışdılar.
Ondan möhkəm yapışdılar.
Həyatlarını tez-tez Quran tərəzisində ölçdülər. Ona uyğun olmayanları kəsib atdılar.
Qurandan əsla şübhə etmədilər.
Allahın ayələrinə qarşı əsla təkəbbürlə yanaşmadılar.
Allahın ayələrini kiçicik mənfəət uğrunda satmadılar. Heç nəyə dəyişmədilər.
Quranda açıq-aydın hökmlər varkən öz nəflərinin və başqa şeylərin ardınca düşmədilər.
Quranın hökmlərini bölməyə, parçalamağa cəhd etmədilər.
Ayələrini anlamağa çalışdılar, amma münaqişə etmədilər.
Ayələrini gizləmədilər, Quranın təhqir olunduğu yerdə dayanmadılar.
Qurandan qopmadılar. Heç bir ayəni rədd və inkar etmədilər.
Onlara bu düsturları Quran öyrətmişdi və onlar Rəsulullahın tərbiyəsilə bu düsturlara ən mükəmməl bağlılığı göstərdilər.
Hər müsəlman evi bir Quran məktəbi idi sanki.
“Müsəlman evləri” şeytanın nüfuzuna qarşı qorunan, həyatın Quran iqlimində yaşandığı evlərdi. Quranın olduğu evlərdə atalar, analar və uşaqlar əllərində Quran İslam toplumunun nüvəsini meydana gətirdi.
Bu gün hər bir müsəlman öz-özündən soruşmalıdır:
Görəsən evlərimiz Darul-Ərkama nə qədər bənzəyir?
Evlərimizdən arı vızıltısına bənzər Quran sədaları yüksəlirmi?
Evlərimizdə sükunət və rəhmət varmı?
Övladlarımız şeytanın hiylələrinə qarşı Quranla zirehlənmişmi?
Qurana görə bizim yerimiz haradır?
ŞƏRHLƏR