Ölümü Gözəlləşdirmək

Ölümü Gözəlləşdirmək

Türk-müsəlman diyarı Azərbaycandan Gürcüstana yola düşdük. Nə hikmətsə, zehnimizdə hz. Peyğəmbərin Muaz (r.a)-ı xristian ölkəsi Yəmənə göndərərkən “Sən Allahın az zikr edildiyi bir yerə gedirsən, oraya çatdıqda zikri artır!” tövsiyəsi canlandı.

Gürcü sürücünün maşınında xaç, hz. İsa və Məryəmin kiçik ikonaları gözə çarpır. Maşını işə salarkən xaç çəkən sürücü Balakən yolunda bir pirə nəzir qoydu. Eynilə bizim Qaxdakı müsəlmanların pasxa kimi bayramlarda kilsəyə gedərək şam yandırdığı kimi. Qloballaşma dedikləri şey, yəni dünyanın kiçik kənd halına gəlməsi və qarşılıqlı təsirlənmə budur hər halda. Artıq dinlərarası sərhədlərdə də boşluqlar gözə çarpır. Hər din mənsubunun digərlərindən etiqad və kültür yönündən təsirləndiyi bu arenada təəssüf ki, ən çox təsir altında qalan İslam ümməti. “Kim bir qövmə bənzəməyə çalışarsa, onlardandır.” hədisi ilə “Kafirləri elə təqlid edəcəksiniz ki, onlar ilan dəliyinə girsə, ardınca siz də girəcəksiniz...”  hədisini bu çərçivədə düşünmək və dəyərləndirmək gərək.

Yol boyu donuzlar... ilk dəfə gördüyümdə mənə qəribə görünən və diksindiyim heyvanlar bu səfər gözümə toppuş balalar kimi dəydi. Donuzlara ənənədən qaynaqlanan nifrətlə baxışımı hesaba çəkdim. Sən demə haqsızammış.

Tiflisin izdihamlı bazarındayıq... Dilimiz, manatımız faydasız. Bu qədər adam necə hidayətə gələr, deyə düşündüm. Çətin məsələ... İslam tarixində bəhs edilən bir-iki əxlaqi hadisə qarşısında hidayətə gələnləri düşünürəm və məsələnin reallığını götür-qoy edirəm. Din dəyişmək corab dəyişmək qədər bəsit bir hadisəmi?

Tiflisdə nə danışdıqlarını anlamıram, amma duyğu dili dünyanın hər yerində eyni olduğu üçün hirsli, kədərli, təbəssüm edən üzündən anlaşılır. Ailəvi getdiyimiz “Samoba” kilsəsində başı xüşu ilə əyilmiş və göz yaşı tökən insanların duyğu dilini anlamaqda heç bir çətinliyimiz yox.

Kilsəni gəzərkən bir otağa girdik. Masada heykələ bənzəyən bir qadın yatırdı. Əvvəlcə hz. Məryəmin və ya bir əzizənin ikonası zənn etdim. Amma heykəl zənn etdiyim insan cəsədi ətrafında çiçək və rəsmləri gördükdə ölü olduğunu anladım. Saçları daranmış, dodaqları boyanmış, yanağına da rəng çəkilmişdi. Beləcə, ölümün soyuqluğu minimuma endirilmiş.

Doğum, evlənmə və ölüm ayinləri çox olan hadisələrdir... Qərbin doğum və evlənmə atributları İslam aləmi tərəfindən təqlid edilsə də hələlik ölüm və cənazə mövzusu bir o qədər də təqlid edilmir.

Yatmış insan təsiri bağışlayan bu qadın sükutu pozaraq danışmağa başladı: Mənə elə qəribə baxma. Atamız Adəm deyilmi? Dünyadakı seçimimin (imanımın) qarşılığını görürəm. Sizdə ölümü unutmamaq əsasdır, Peyğəmbəriniz “zövqləri bıçaq kimi kəsən ölümü xatırlayın” demişdir. Ölünü qaçarcasına, tələsik məzara aparırsınız. Yuma işini ən yaxınlarının həyata keçirməsi məqsədyönlüdür. Dəfndə iştirak etmək, tabuta çiyin vermək fəzilətli işlərdən sayılır. Tabutun keyfiyyətinə fikir verməzsiniz. Ölünü gözəlləşdirmək kimi dərdiniz olmadığından ölənin saç-saqqal və dörnaqlarını kəsməzsiniz. Sizə görə əsas olan ölümü gözəlləşdirməkdir. Bu da son nəfəsdə imanlı şəkildə kəlmeyi-şəhadət gətirməklə mümkündür. “Hüsnəl-xatimə” yəni!  

Bizdə isə sizdən fərqli olaraq ölünü gözəlləşdirmək əsasdır. Ona paltarlar geydirilir, saçları daranır, dodaqları boyanaraq bəzək-düzək vurulur. Ölünü ölü olmaqdan çıxarıb sevimli hala gətiririk. Cənazəni yavaş-yavaş aparırıq. Tabutu, qəbiri və qəbir daşını o qədər mükəmməl hala gətiririk ki, sanki “gəl içimdə yat” deyir. Halbuki, axirətdə faydası olmadıqdan sonra ölünü gözəlləşdirmənin nə faydası var? Yenidən dünyaya gəlsəm sizdəki kimi ölümümü gözəlləşdirməyə çalışardım. Yəqin ki, bunları hardan öyrəndiyimi və sənin dilini necə bildiyimi heyrətlə düşünürsən. Bunu bil ki: “Öldükdən sonra rəngin, irqin və dilin heç bir fərqi qalmaz. Pərdə arxasında hər şey tamamən aşkar olur. Hamı bir dillə danışır və ən böyük həqiqət ayan olur...” Sükut içində, hal diliylə olan bu dialoqu bəzənmiş cəsədə məna verə bilməyən qızımın “ata, bu nədir?”  sualı pozdu. 

Ölümdən ürpərdiyim ilk tarix düşdü yadıma. 6 fevral 1980-ci il. Qonşumuz Süleyman əmi yağışlı gündə dəfn olunmuşdu. Onun məzara yorğansız, yastıqsız uzanması xəyalımdan getmədi. Babam rəhmətə gedəndə də saralmış ayaqlarını gördüm, bir-iki gün süfrəyə yaxın getmədim. Sayılı nəfəs sözünü duyar, nəfəsimi tutaraq sayılı olan nəfəslərimi tükətmədən ömrümü uzatdığımı zənn edərdim. Mənim kimi uşaq yaşlarında ölümün təsirinə düşməsin deyə qızımın sualına “böyük bir oyuncaq” dedim. Kilsədən çıxarkən qızım “ata, böyük oyuncağın yanına gedək” dedi...    

Qərb mədəniyyəti ölünü vitrində sərgilənən əşyaya çevirmişdir. Ölümün acısını və ölünün soyuqluğunu yaşayan insanlara hiss etdirməmək üçün əlindən gələni etmişdir. Çünki ölümün və ölünün ürpərtisini hiss etmək nəfsi hesaba çəkməyi, tövbəni və imanı doğurur. İslamdakı ölüm hadisəsi ilə digər mədəniyyətlər arasındakı ən dərin fərq məhz burda özünü büruzə verir.

Artıq geri qayıdırıq... Fikrimdə “əcəba, cəsəd üçün böyük bir oyuncaq” deməklə yalanmı dedim? Həqiqəti desəydim daha yaxşı olmazdımı, kimi suallar canlandı.

Diqqətimi çəkən bir şey daha vardı. Cəsədin olduğu yerdə hüzünlü və gözüyaşlı heç kimi görmədim. Bizdə isə aglamaq ayin halına gəlmiş. Yas məclislərində işi ağlamaq olan adamlar olur. Ehyayi-ulumiddin əsərində hardasa min il bundan əvvəl Ameş belə nəql edir: “Getdiyimiz cənazələrdə hamını hönkür-hönkür ağlayan gördük. Bu səbəblə də cənazənin əsl sahibini tapıb başsağlığı verməkdə çətinlik çəkərdik.(1) Qazzalıyə görə də cənazə və ölümdən qafil qalmanın səbəbi üsyan və günahlardan doğan qəlb qatılığıdır.(2)”

Maddəpərəstlik və s. səbəblərlə ölümü unutmağa, ölüyə bəzək verərək ölüm qorxusundan ibrət almamağa və beləliklə də vicdanı hesaba çəkməkdən və Yaradana yönəlmə duyğusundan qaçan milyardlarla insana yüzillər bundan əvvəl Ranuna vadisində qılınan ilk cümə namazında oxunan xütbədə belə bir xitab vardı:

“...ey insanlar, axirətinizə hazırlıq görün. Heç şübhəsiz ki, hər biriniz öləcək və sürüsünü çobansız qoyacaq...”

 Mənbə: 1-2 Ehyayi-ulumiddin, c. IV, zikrul-mövt kitabı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz