“SALAM”I FƏRQLİ SEVMƏK

“SALAM”I FƏRQLİ SEVMƏK

     İnsan və ünsiyyət... Bir-birinə möhtac iki məfhum və həqiqət. Ruh və bədən, ət və dırnaq kimi. Bəşəri münasibətlərin qurulması və sağlamlığı bu qavramlar (insan-ünsiyyət) arasındakı münasibətlərə bağlıdır. Biri topal olarsa, münasibətlər də topallaşar. İslam dini hər zaman insanların bir-biri ilə halal müstəvidə münasibətlər qurmasını tövsiyə edir və buna istiqamətləndirir. 

    Məhz buna görə də müsəlmanları daşları bir-birinə hörülmüş binaya bənzədir, bir-birinə qardaş elan edir, bir-birindən məsul tutur, yekvücud olaraq görür. Qurani-Kərimdə də “Hamılıqla Allahın ipindən möhkəm yapışın, ayrılmayın” (Ali İmran 103) buyurularaq birlikdə yaşamağın, ictimailəşmənin əhəmiyyətini gözlər önünə sərir. Odur ki, ictimaiyyət və sosial bütünləşmə İslam dininin ən önəm verdiyi əsaslardır. İslam dininin özəyi məhz bu bütünlükdədir.

    Günümüzdə insanlar arasındakı məhəbbəti, sevgini, münasibətləri zədələyən ən əsas amillərdən biri də qohum-əqrəba, dost-tanış ziyarətlərinə önəm verməmək, və yaxud da əlaqələri mənfəətlər üzərinə qurmaqdıır. Bütün bunlar sekulyarlaşma mərəzinin nəticələridir. Fərdi insan maddən hüzurlu görünsə də, mənən əzab içində yaşayar. İnsan fitrətən mənəvi dosta, mənəvi birliyə, mənəvi sirdaşa ehtiyac duymaqdadır. Evliliklər də mənəvi bərabərlik üzərinə qurularsa, xoşbəxt ailə yuvası olar. Bu münasibətləri (mənəvi bütünləşmə) canlı tutmaq baxımından, bəşəri münasibətləri yenidən tənzimləmə baxımından “salam”ın çox böyük əhəmiyyəti olduğunu düşünürük. Çünki cəmiyyətdəki salamlar ruhsuz və soyuqdur. Bu salamlara dini istilik və ruh qatmaq hər bir müsəlmanın borcudur.  Heç bir elm əhli və ya heç bir mömin salamın sadəcə bir dini ritual və ya söz birləşmələrindən ibarət məfhum olduğunu düşünməməlidir. Salam sülhü, əmin-amanlığı, sevgi-məhəbbəti, bəşəri münasibətləri tənzimləyən, hətta dünyəviləşmə mərəzinin qarşısını alan peyvənddir.

     Eyni məsciddə namaz qılaraq, eyni qibləyə yönələrək əllərini açıb dua edən müsəlman qardaşlarımızın bir-birindən salamı əsirgəməsini anlamaq mümkün deyil. Çox əfsuslar olsun ki, istəməsək də bunlarla üzləşir və xəcalət çəkirik. Salamın məzhəbi, təriqəti yoxdur. “Salam Allahın salamıdır” deyib atalarımız.

    İman etmənin nəticəsi kimi cənnəti uman heç bir müsəlmanın nəinki namaz qardaşından, hətta tanımadığı insanlardan da salamı əsirgəməyə haqqı yoxdur. Çünki Allahın Rəsulu bunu bizə ən gözəl əməl kimi tövsiyə edir: “...tanıdığın, tanımadığın hər kəsə salam ver.” (Buxari). Bilmək lazımdır ki, salam biz müsəlmanları birləşdirici ünsürdür. Bizi cənnətə götürən vasitədir. Şanlı Peyğəmbərimiz (s.ə.s) bu həqiqəti necə də gözəl ifadə edir: “Canım qüdrət əlində olan Allaha and içirəm ki, sizlər iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız. Əməl edəcəyiniz zaman bir-birinizi sevəcəyiniz bir şey deyimmi? Aranızda salamı yayın!” (Müslim). Bu hədis bizə göstərir ki, nəinki bir-birimizdən salamı kəsməli, hətta verdiyimiz salama sevgi, məhəbbət, qardaşlıq ruhu qatmalıyıq.

    Günümüzdə salam vermək üçün qarşılaşmaq və ya üz-üzə görüşməni gözləmək əbəsdir. Peyğəmbər əleyhissalamın “aranızda salamı yayın” tövsiyəsinə görə əməl etmək üçün texnologiya və kommunikasiya vasitələrindən də istifadə etmək lazımdır. Madam ki, bir-birimizi sevmə və cənnətə girmə vasitələrindən biri də salamdır, elə isə mobil telefonlardan, elektron poçtlardan, skype`lardan, facebook`lardan və digər əlaqə vasitələrini bu amal üçün istifadə edək. Yanında ola bilmədiyimiz, görüşə bilmədiyimiz, böyüklərimizi, dost-tanışlarımızı bu vasitələrlə ziyarət edək, salamlayaq. Dünya müsəlmanları ilə bu vasitələrlə salamlaşaq. Ancaq bu vasitələr bizim yuxarıda sadaladığımız əzizləri şəxsən ziyarət etmə arzu və həvəsimizi qırmamalı, əlimizdən almamalıdır.

    Gəlin, hamılıqla Allahın salamını sevək və sevdirək. Əsli rəhmət olan salamı bütün dünyaya yayaq ki, salamla sülh, əmin-amanlıq bərqərar olsun, salamla qardaşlıqlar güclənsin, salamla yoxsullar sevinsin, salamla aclar doysun, salamlar qətliamlara son versin, salamla dünya müsəlmanları oyansın...

    Təmmanna edirəm ki, 2014-cü il salamı anlamaq və yaymaq üçün yenidən diriliş olsun.

    Allahın salamı hamımızın üzərinə olsun!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz