"əl- ƏIA" SURƏSİ

"əl- ƏIA" SURƏSİ

    “Əla” surəsi Məkkədə nazil olmuşdur, 19 ayədir.

    Bu surə aşağıdakı mövzulardan bəhs edir:

    1. Uca Allahın zatı və bəzi sifətləri ilə Onun birliyini və qüdrətini göstərən dəlillərdən;

    2. Vəhy və son peyğəmbərə nazil edilmiş Qurandan və Peyğəmbərimiz (s.ə.s) onu rahat əzbərləsin deyə asanlaşdırılmasından;

    3. Qəlbləri diri olanların ondan faydalanacağı, xoşbəxt və imanlı kəslərin istifadə edəcəyi gözəl nəsihətin olmasından.

   Surə Allahı nöqsan sifətlərdən tənzih edərək başlayır. "(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de! O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi. O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi" (1-5).

   Sonra Allah-Təala bu surədə vəhy və Qurandan bəhs edir və bu uca Quranı əsla unutmayacaq şəkildə Peyğəmbərə (s.ə.s) əzbərlədəcəyini və onun əzbərlənməsini Peyğəmbərə (s.ə.s) asanlaşdıracağını müjdələyərək Ona təsəlli verir: "(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan; Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!" (6-7).

   Daha sonra surədə nurundan möminlərin faydalandığı və təqva sahiblərinin, hidayətindən nəsihət aldığı bu Quranla öyüd-nəsihət verməyi əmr edir: "Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik. (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver! (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır. (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir. Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)" (8-13).

   Müfəssir Təbəri deyir ki, ərəblər bir kimsənin həddən artıq çətinliyə düşdüyünü bildirmək üçün "O nə diridir, nə də ölü" deyərlər. Uca Allah da onlara bildikləri təbirlə xitab etmişdir. (Təbəri, 30/99).

    Surə nəfsini günahlardan təmizləyən və yaxşı əməllərlə təmizləyən kəslərin qurtuluşa çatacağını açıqlayaraq sona çatar: "(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar! Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir. Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur- İbrahimin və Musanın kitablarında (səhifələrində)!" (14-19).

    Bəli, axirət dünyadan daha yaxşı və əbədidir. Çünki dünya fani, axirət isə əbədidir. Əbədi olan isə, müvəqqəti olandan daha yaxşıdır. Ağıllı bir kimsə müvəqqəti olanı əbədi olana necə dəyişər? Aldanma yurduna əhəmiyyət verib davamlılıq və əbədilik yurduna necə əhəmiyyət verməz? İbn Məsud (r.a) bu ayəni oxuyaraq yoldaşlarına belə dedi: "Dünya həyatının necə axirətdən üstün etdik bilirsinizmi?" Yoldaşları: "Xeyr ",- dedilər. İbn Məsud (r.a)  dedi: "Çünki dünya; yeməkləri, içkiləri, qadınları, zövqləri və gözəllikləri ilə dərhal təqdim edilib bizə verildi. Axirət isə bizdən uzaq tutularaq bizə göstərilmədi. Beləliklə, biz dərhal veriləni seçdik, daha sonra veriləcək olanı tərk etdik".

   "Musanın səhifələri" Tövratdan əlavə olan səhifələrdir. Hədisdə ifadə edildiyinə görə, Musaya (ə.s.) on "Səhifə" verilmişdir və bunların hamısı ibrət və nəsihətdir. Əbu Zərr (r.a) belə demişdir: "Rəsulullahdan (s.ə.s): "Musanın səhifələri nədir?" - deyə soruşdum. O: "Hamısı da bu şəkildə ibrətdir"- deyə buyurdu: "Öləcəyini qətiyyətlə bilən, necə sevinir, təəccüb edirəm. Cəhənnəmə qəti şəkildə inanan kimsə, necə əldən düşəcək şəkildə işləyir, təəccüb edirəm. Qəti şəkildə hesab verəcəyinə inandığı halda, çalışmayan kimsəyə təəccüb edirəm!"

    Peyğəmbərimiz (s.ə.s) "Əla" surəsini namazlarda çox oxuyardı.

    Cabir bin Səmurədən (r.a) rəvayət edilmişdir:

    "Peyğəmbər (s.ə.s) günorta namazında "Əla" surəsini, səhər namazında ondan daha uzun bir surə oxuyardı" (Əhməd b. Hənbəl, Müsnəd, 5/86, 88; İbn Hüzeymə, Səhih, 510).

  Vitr namazında Hz. Peyğəmbərin (s.ə.s) bu surələri oxuduğu rəvayət edilmişdir: "Səbbih ismə Rabbikəl-Əlâ", "Qul Ya Eyyuhəl-Kafirun" və "Qul Huvallâhu Əhəd" (Tirmizi, 461; Nəsai, 3/236; Səhih).

    Numan b. Bəşirdən (r.a) rəvayət edildiyinə görə, "Rəsulullah (s.ə.s) cümə və bayram namazlarında "Əla" ilə "Ğaşiyə" surələrini oxuyardı".

    Bəzən cümə və bayram eyni gündə birləşəndə, Peyğəmbərimiz də (s.ə.s) yenə bu iki surəni oxuyardı (Müslim, Cümə, 62; Tirmizi, Cümə 33; İbn Macə, İqamə 90, 157; Əhməd b. Hənbəl, IV, 271, 273, 276; V, 7, 14, 19; Darimi, Salat 203; Sünəni Əbu Davud Tərcümə və Şərhi, Şamil Yayınları: 4/237-238).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz