BİR HƏDİS

BİR HƏDİS

 عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ»

   Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İman gətirmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız. Sizə edəcəyiniz təqdirdə bir-birinizə qarşı sevginizi artıracaq bir əməl öyrədimmi?! Aranızda salamı yayın” (Müslim, İman, 22; İbn Macə, Ədəb, 11).

    Rəsulullah (s.ə.s) bu hədisi-şərifində iman ilə sevgi arasındakı əlaqəni ən gözəl şəkildə dilə gətirmişdir. İmansız cənnəti qazanmağın mümkün olmayacağını bildirən Allah Rəsulu (s.ə.s) cənnəti qazanmağın ən önəmli şərti olan imanı əldə etmək üçün möminlərin bir-birlərini sevməsinin labüdlüyünü qəti bir dillə ifadə etmişdir. “Bir-birinizi sevmədikcə iman gətirmiş olmazsınız”. Buradan belə nəticəyə gəlmək mümkündür: iman axirət səadətini əldə etməyin ən önəmli şərti olduğu kimi, möminləri sevmək də tam və kamil bir imana sahib ola bimək üçün önəmli bir şərtdir. Möminəm deyən şəxs onun kimi eyni imanı daşıyan hər kəsi irqinə, rənginə, yurduna və dilinə fərq qoymadan sevəcək və onlara məhəbbət və məsuliyyət duyğusuyla yanaşacaqdır.

     Möminlər arasındakı sevgini, qardaşlığı, birliyi, bərabərliyi qüvvətləndirən ən önəmli amillərdən biri salamdır. Allah-Təalanın adlarından biri olan “əs-Salam” kəlməsinin sülh, əmin-amanlıq, salamat olan, əmin-amanlığı bəxş edən kimi mənaları vardır. Qurani-Kərimdə müxtəlif yerlərdə otuz üç dəfə “salam” kəlməsi işlədilmiş, bunlardan sadəcə “Həşr” surəsində Allahın adı olaraq qeyd olunmuşdur. İslam və müsəlman kəlmələri də salam kəlməsi ilə eyni kökdən törəmişdir. Buradan da İslam dininin və müsəlmanların əmin və etibarlı bir mənbə olduqlarına işarə vardır. Salam deyərək qarşısındakına müraciət edən bir müsəlman eyni zamanda, məndən sənə zərər gəlməz düşüncəsini izhar etməkdədir. Rəsulullah (s.ə.s) də bu həqiqəti belə ifadə etmişdir: “Müsəlman digər müsəlmanların onun əlindən və dilindən əmin olduqları kimsədir” (Buxari, İman, 3; Müslim, İman, 14).

     Salam müsəlmanlar arasında yaranacaq isti münasibətin müqəddiməsidir. Müsəlmanlar salam verərək bir-birlərilə tanış olar və bir-birlərini sevərlər. Onları eyni inanc nöqtəsində birləşdirən, bir anda dərin duyğularla bir-birlərinə bağlı olduqlarını hiss etdirən ən önəmli kəlmə salamdır. Rəsulullah (s.ə.s) bu hədisi-şərifində müsəlmanlar arasındakı əlaqələrin sevgi səviyyəsinə çıxa bilməsi üçün nədən başlamaq lazım gəldiyini “Sizə edəcəyiniz təqdirdə bir-birinizə qarşı sevginizi artıracaq bir əməl öyrədimmi!? Aranızda salamı yayın” sözləri ilə ortaya qoymuşdur. Beləliklə də, axirət səadətini qazanmaq üçün imana, imanı qazanmaq üçün sevgiyə, sevgini qazanmaq üçün də salama ehtiyacın olduğunu anlamış oluruq. Yəni Cənnətə gedən yolun ilk addımı salam, zirvə nöqtəsi iman, nəticəsi Cənnəti-Rahman olmuş olur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz