BİR AYƏ
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم
وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ حَسِيبًا
“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.” Nisa surəsi, 86
İslam mədəniyyətində “salam” insanlararası ünsiyyət vasitələrinin ən təməl ünsürlərindən biridir. Bir insanın başqa bir insana salam verməsi ona qarşı heç bir pis niyyətinin olmadığını, ona bir zərərinin toxunmayacağı mənasına gəlir ki, bununla da qarşılıqlı münasibətlər sağlam başlayaraq davam edər. “Sülh, barışıq olmaq, əmin-amanlıq içərisində olmaq” kimi mənalara gələn “salam” kəlməsi əvəzinə Qurani-Kərimdə eyni mənaya gələn “təhiyyat” kəlməsi də istifadə olunmuşdur. Yuxarıda qeyd olunan ayeyi-kərimə məna və fiqhi mahiyyət baxımından incələndikdə salam vermənin və bu salama qarşılıq olaraq cavab qaytarmanın nə qədər də əhəmiyyətli bir əməl olduğunu görmək mümkündür. Belə ki, bir kəsə salam verən şəxs salam verdiyi şəxsin boynuna bəzi məsuliyyət və öhdəliklər yükləmiş hesab edilir ki, ya verdiği salam keyfiyyətində ona salam qaytarılmalı və yaxud da ondan daha üstün, daha gözəl bir tərzdə salamına cavab verilməlidir. Bu da onu göstərir ki, salam vermək mükəlləfiyyət baxımından müstəhəb və ya sünnə olmaqla birlikdə, salamın alınması və cavab mahiyyətindən qarşılıq göstərilməsi isə fərzdir. Belə olan halda hər bir müsəlman “salam” vermək və almaq məsələsində həddindən artıq diqqətli və etinalı olmalıdır ki, bu cür həssas davranışda müsəlman qardaşının qəlbinin qırılmasına səbəb olmasın.
İnsanlararası sevginin bünövrəsini təşkil edən salam imanın kamilliyə doğru yüksəlişinin də önəmli bir parçasıdır. Həzrət Peyğəmbərin (s.ə.s) mübarək hədisində buyurduğu bu məqam sözün əsl mənasında bir iman, sevgi və qurtuluşun təzahürüdür. Odur ki, imanı haqqı ilə mənimsəyən, onu dərk edərək mənfi xislətlərdən uzaq durmaqla həqiq bir mömin salamı yayaraq həm özünün qurtuluşuna, həm də parçası olduğu cəmiyyətin xilasına müyəssər olmalıdır. Sadəcə özünü düşünmək, özünün xilas olması məqsədi güdən düşüncə tərzi əskik olmaqla yanaşı həmçinin gerçək iman və təqva prinsiplərinin gözardı edilməsi mənasına gəlməkdədir. Gülər üz və təbəssüm, salam vermək sədəqədir eyni zamanda. Odur ki, sədəqə vermək üçün mütləq mal-dövlət sahibi olmaq, zəngin həyat tərzi sürmək şərt deyil. Əksinə, insan sahib olduğu mənəvi keyfiyyətlərini təbəssüm və salam şəklinə bürüyərək hər hansı bir problem səbəbiylə əziyyət çəkən insanın könlünü xoş etmə və qəlbini qazanma fürsətinə nail olar. Bunun da müqabili əlbəttə, duadır ki, istisnasız olaraq hər kəsin buna ehtiyacı var... Məhz elə bu salamdır həmin dua...
Salamlarımız, dualarımız -istər maddi və istər mənəvi olsun- ehtiyac içərisində çırpınaraq əziyyət çəkən hər bir bacı və qardaşımız üçün...
“Təhiyyətən ləkum vəs-səlamu aleykum...”
ŞƏRHLƏR