O GÜNÜ BİR DƏ XATIRLAYAQ...

O GÜNÜ BİR DƏ XATIRLAYAQ...

      Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi şəhidlər xiyabanıdır.

      Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Ziyarətə gələnlər günahkar və susqun baxışlarla şəhidlərin məzar daşındakı şəkillərinə baxırlar. Şəhidlər Xiyabanında isə sıra ilə düzülmüş məzarlar dil açıb, soyuq, qarlı-qışlı bir gecədən – 20 Yanvar faciəsindən danışırlar:

      “O gün Bakının küçələrində insan qanı axırdı və şəhər əhalisi küçələrə axışıb ağlaya-ağlaya gedəcəyi yeri bilmirdi. Güllə səsləri hər yeri bürümüşdü və yollarda düşmənin heybətli tankları amansızcasına qarşısına keçəni güllələyirdi. Düşmən gülləsinə tuş gəlmək şəhər camaatı üçün gözlənilən bir hadisə idi. Biz şəhidlərdə həmin gün o insanların arasındaydıq və düşmənlə mübarizə aparırdıq. Silahsız, amma vətənpərvər bir insan kimi düşmənin üstünə hücüm çəkirdik. Həmin gün düşmən bizim millətin mərdliyinə şahid oldu.

      Şəhərdə vəziyyət çox çətinləşmişdi, telefon naqillərini qırmışdılar və telestudiya blokunu partlatmışdılar. Qohum-əqrəba bir-biri ilə əlaqə saxlaya bilmirdi, hər kəs öz canını xilas etmək üçün yollar axtarırdı. Artıq bir neçə saat dayanmadan atılan güllələr və tankların altında əzilən insanlar şəhərin küçələrində ayağa dolaşırdılar. Ölənlər tanınmaz hala gəlmişdilər. Artıq bir saat idi ki, ölənlərin sayı dayanmadan çoxalırdı. Həmin gün ailə həyatı quranların içərisində İlhamla Fərizə də var idi. Onlar həmin gün çox sevinmişdilər və həyatdakı arzuları bir-birlərinə qovuşmaq idi. Amma bu qovuşmaq arzusu onlar üçün bir məzarda əbədilik oldu.

      Neçə-neçə yaralı insan xəstəxanalarda can verirdi və şəhərin dəhşətli mənzərəsi ölkədə elə bir rayon, elə bir kənd qalmamışdı ki, onu sarsıtmasın. O gün hər kəs ağlayırdı və səhərin açılmasını səbirsizliklə gözləyirdi. Bu, şəhərin açılan ilk səhəri idi ki, küçələrində şəhid cəsədləri var idi və insanlar qərənfil güllərini onların üstünə qoyurdular. Analar “Ağla, qərənfil, ağla! ” deyirdilər. Şəhid anaları övladlarının ölü cəsədini qucaqlayıb göz yaşlarını axıdırdılar. O gün xiyabana şəhidlər yola salınırdı və ölənlərin içərsində naməlum insanlar da var idi. Bəlkə də, onların indiyədək valideynləri bilmir ki, övladları şəhid olub”...

      Azərbaycan xalqının başına o qədər faciələr gəlib ki, hansını qoyub hansını yazasan. Təqvimin hər ayında Xocalının, Şuşanın, Zəngəzurun, Laçının və s. rayonların işğal olunması və 20 Yanvar faciəsi sevincimizi unutdurub dərdlərimizi təzələyir, yenidən göz yaşları ilə o günləri xatırlayıb ağlayırıq. Bir vaxtlar ən çox sevdiyimiz qərənfilləri də şəhidlərin məzarı üstə qoyub “Ağla, qərənfil, ağla!” deyirik.

      Şəhid verən bir ananın göz yaşına baxmaq çox çətindir. Axı, o ana övladını gələcək üçün böyüdürdü, ümidini də ona bağlamışdı, övladının kölgəsinə sığınacağı günü gözləyirdi, amma indi ona xatirə qalan cəsədi qara torpaqda yatan qara daşlı bir məzardı.

      20 Yanvar faciəsi tarixə qara hərflərlə yazılan bir gün... O günü görənlər danışırlar: -1990-cı ilin 20 yanvarında keçmiş Sovet dövlətinin ölüm maşını tərəfindən Azərbaycan xalqına qarşı törədilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Çünki bu hadisəni tarixdən silmək qeyri-mümkündür.

      1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz