İLAHİYYATÇI - MÜTƏXƏSSİS, ARAŞDIRMAÇI

İLAHİYYATÇI - MÜTƏXƏSSİS, ARAŞDIRMAÇI

 Quliyev Fuad Qorxmaz oğlu kimdir?

1978-ci ildə İsmayıllı rayonu Topçu kəndində anadan olub. 1985-1996-ci illərdə Topçu kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra 1997-ci ildə Bakı İslam Universitetinə daxil olub. Daha sonra 1998-ci ildə İstanbul Universiteti İlahiyyat fakültəsinə qəbul olaraq 2003-cü ildə bakalavr təhsilini başa vurmuşdur. 

Həmin il  Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda İslam Hüququ bölməsi üzrə magistratura təhsilinə başlamış və 2006-ci ildə professor Cəlal Erbayın elmi rəhbərliyi altında “İslam Hüququna Görə Qeyri-müsəlmanların Haqlarına Gətirilən Məhdudiyyətlər” adlı elmi işini müdafiə edərək magistr pilləsi üzrə təhsilini başa vurmuşdur. 2007-ci ildə Konya Nəcməddin Erbakan Universiteti Sosial Elmlər İnstitutu İslam Hüququ bölməsi üzrə doktorantura təhsilinə başlamış və hal-hazırda elmi araşdırmasını davam etdirməkdədir. 2002-ci ildən etibarən Bakı İslam Universiteti Zaqatala şöbəsində İslam hüququ müəllimi kimi fəaliyətini davam etdirməklə yanaşı, Gəncliyə Yardım Fondunun bölgə nümayəndəsidir. Evlidir, iki övladı var. Türk, ərəb, ingilis, rus dillərini bilir.

- Salam, Fuad müəllim! Bildiyimiz kimi, İslam mədəniyyətində salamlaşma böyük əhəmiyyət kəsb edir. Salamlaşmanın insanlar arasında yaratdığı müsbət keyfiyyətlərdən, hallardan, zəhmət olmasa, qısaca danışardınız.

- İlk növbədə, məni qonaq kimi dəvət etdiyinizə görə “İrfan” jurnalı kollektivinə təşəkkür edirəm. Mən də sizləri, “İrfan” heyətini və oxucularını səmimi qəlbdən salamlayıram. Haqqında bəhs edəcəyimiz mövzu elə bir mövzudur ki, mənsubu olduğumuz əqidə, inanc və yolun bütün keyfiyyət və təfərrüatını özündə birləşdirmə xüsusiyyətinə malikdir. Belə ki, insanlararası ünsiyyətin açarı mahiyyəti daşıyan “salam” ifadəsi dil baxımından təhlil edildikdə bir-birinə yaxın bir çox mənada istifadə edildiyini görə bilərik. Ərəb dilində sözün kökü “silm”dir və əsas mənası sülh və əmin-amanlıqdır. Bu kökün bir törəməsi olan “salam” kəlməsi dilimizdə “əmin olmaq, sülhdə olmaq, heç kimə bir zərər verməmək” mənalarına gəlir. Qarşılaşdığımız insana sözə başlamadan əvvəl “salam” verməklə, ilk növbədə, ona dua etməklə yanaşı, həmçinin bizdən ona hər hansı bir zərər və ya təhlükənin gəlməyəcəyini və əmin olmasını elan etmiş oluruq. Bu da ikili münasibətlərin təməlinin sağlam atılması baxımından, əlbəttə ki, son dərəcə əhəmiyyətlidir. Dil və tələffüz xüsusiyyətləri baxımından da məsələyə nəzər saldıqda “salam” kəlməsinin müsbət bir aura yaratdığı və psixoloji cəhətdən də insanın özünün rahat hiss etməsinə zəmin hazırladığını görmək mümkündür. Görün məsələ nə qədər əhəmiyyətlidir ki, münasibəti olan insanlar arasında diqqətsizlikdən, yorğunluqdan və ya şəxsi problemlər ucbatından baş qarışıqlığı səbəbiylə salam verilməməsi zamanı qarşı tərəfin istər-istəməz əhval-ruhiyyəsinə mənfi təsir edir. Hansı ki, arada heç bir qərəz və ya məqsəd yoxdur. Ancaq qeyri-ixtiyari olaraq insanın psixikasına, düşüncəsinə necə də təsir edir. Hətta gün boyu öz-özlüyündə “filankəs görəsən, mənə niyə salam vermədi?” deyə daxilən ciddi narahatlıqlar keçirir. Ancaq tam əksini düşündüyümüz zaman isə salam verildikdə necə də müsbət bir ab-hava və müsbət bir enerji yayılacağını təsəvvür edin. Bu baxımdan, həqiqətən, salamı gücümüzün çatdığı qədər yaymamız lazımdır ki, harada olursaq olaq evimizdə, işimizdə, hər hansı bir məclisdə və bir sözlə, hər mühitdə salam öz təsirini göstərsin və nəticədə sülh, əmin-amanlıq bərqərar olsun.

- İslam sülh dinidir. Əmin-amanlıq və asayişin təminedicisidir. İslam, salam və sülhün vəhdətindən bəhs edərdinizmi?

- İslam məfhumunun məğzi məhz “təslim olmaq, səlamətə qovuşmaq” və ən əsası da qurtulmaqdır. İslamı din və yaşam tərzi kimi mənimsəyən insan Allaha təslim olmuş, onun əmr və qadağalarına riayət etməklə şəxsiyyətini formalaşdırar və artıq insanlara Xaliqin nəzəri ilə baxar. Yunus Əmrənin dediyi kimi, “yaradılanı Yaradandan ötrü sevər”. Möminin ən təməl xarakteristik xüsusiyyəti olmalıdır bu xüsusiyyət. Artıq cəmadata, heyvanata və nəbatata daim sevgi və mərhəmətlə yanaşar. İman dəryasından bir qətrə nəsibini alan kəsdən canlı və ya cansız heç bir məxluq zərər görməməlidir. Çünki Peyğəmbərimiz (s.ə.s) İslamla şərəflənən insanı bu şəkildə tərif edir: “əl-müslimu mən səliməl-müslimunə min lisanihi və yədihi” yəni, “müsəlman digər müsəlmanların onun əlindən və dilindən zərər görməyən kimsədir”. Müsəlman daim sülh tərəfdarıdır. Əleyhinə haqsız bir hərəkət, şiddət və təzyiq göstərilmədiyi müddətcə aqressiyaya yol verməmlidir. Əks halda sülh, salam və İslamın bir vəhdət oluşu, birinin digərindən ayrılmaz bir parça olduğu həqiqəti göz ardı edilmiş sayılar. Odur ki, insan “salamı” sadəcə bir “kəlam” məqamında, yəni görüş və ayrılıqda istifadə olunan bir “kəlam” vasitəsi kimi görməməli, onun tələb və şərtlərini əskiksiz əda etməlidir ki, o zaman İslamdan məqsəd hasil olmuş sayılar.

- Bu gün, xüsusilə, böyük şəhərlərdə eyni binalarda yaşayan insanların bir-birini tanımadıqları üçün salam verməkdə çətinlik çəkdiyini görürük. İnsanların bir-birini tamımamaq kimi halları salam verməyə manedirmi?

- Təəssüf hissi ilə qeyd etmək istərdim ki, həqiqətən də, günümüzdə belə bir təmayül var. Cəmiyyətdə inkişaf və tərəqqi anlayışı elə bir xüsusiyyətə malikdir ki, bir çox məqamlar insan mərkəzli deyil, maddiyyat ön plana çəkilərək şəkillənir. Bu da öz növbəsində insanların birinin digərindən uzaqlaşmasına, münasibətlərin soyumasına və qeyd etdiyiniz kimi, bir binada yaşayan insanların belə bir-birlərini tanımamasına, ünsiyyət qurmamasına gətirib çıxarır. Buradakı ən əsas amilin insanlar arasındakı inamsızlıq və etimadın əskikliyi şəklində görürəm. Hansı ki, bir “salam” belə bu əskikliyi və münasibətlərdəki soyuqluğu aradan qaldıra bilər. Bu məqamda Peyğəmbərimizin (s.ə.s) son dərəcə əhəmiyyətli bir hədisini qeyd etmək yerinə düşərdi. Allah Rəsulu buyurur: “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə iman etmiş sayılmazsınız, sizə elə bir yol göstərimmi, onu etdiyiniz təqdirdə bir-birinizi sevəsiniz? Aranızdakı salamı yayın, genişləndirin, çoxaldın!” Budur düstür, budur yol, budur aradakı soyuqluğu dəf edən, sevgi və ehtiramı təsis edən və artıran vasitə. Sualda qeyd etdiyiniz kimi, insanların bir-birini tanımaması, sosial mövqeyi, vəzifəsi salam verib-almalarına mane olmamalıdır, əlbəttə. Peyğəmbərimizin yaşam fəlsəfəsində yer tutan və həmçinin hər fürsətdə səhabəsinə də təlqin etdiyi məsələlərdən biri də məhz salam vermək məsələsi olmuşdur ki, bir dəfə səhabədən İbnul-As (r.a) Allah Rəsulundan (s.ə.s) hansı əməlin daha xeyirli olduğunu soruşduqda, Peyğəmbərimiz ona: “Yemək ikram etmən və tanıdığın-tanımadığın hər kəsə salam verməndir” şəklində cavab vermişdir. Həqiqətən də, məsələni bu cəhətdən təhlil etdiyimiz zaman görərik ki, insanlarla yaxşı rəftar edən, daim pozitiv duyğu və düşüncə saçan insan həm etibar qazanmış olur, həm də ən əsası, ətrafdakı insanların nəzdində mənsub oluğu dini inanc və onun tələblərini yerinə yetirməklə düzgün bir şəkildə onun təmsilçisi olduğu düşüncəsini formalaşdırır. Bu da bir möminin üzərinə düşən ən böyük vəzifələrdən biridir.

- Salam verməmək, salam almamaq inciklik və küsülülük əlamətidir. Salamın incikliyi və küskünlüyü aradan götürən və insanlar arasında barışdırıcı funksiyaları barəsində nə deyərdiniz?

- İlk olaraq onu qeyd edim ki, müsəlmanın müsəlman qardaşı ilə üç gündən çox küsülü qalması caiz deyildir. İki insan arasında bir məsələyə görə münasibətlər gərginləşə bilər. Ancaq bu vəziyyət heç bir zaman birinin digərindən küsməsinə, danışmamasına və salamı belə əsirgəməsinə səbəb olmamalıdır. Hədisdə “İnsanların ən acizi dua etməyən, ən xəsisi də salam verməyəndir”- deyə buyrulur. Xəsislik, paxıllıq, kin-küdurət, həsəd və s. kimi mənfi xüsusiyyətlər mömin adı ilə yan-yana gəlməyəcək məfhumlardır. Münasibətlərdəki küskünlük və ya anlaşmazlığın da aradan qaldırılması üçün digər müsəlmanlar da vasitəçi olaraq onların barışması üçün köməklik göstərməlidir. Qısaca deyə bilərəm ki, salam verməmək və ya almamaq özü ilə birlikdə mənəvi bir məsuliyyətin ortaya çıxmasına gətirib çıxardır.

- Salamlaşma yerinə işlədilən bəzi ifadələr, sözlər nə dərəcədə əsl salamlaşmanın yerini tutur?

- Bir insana salam vermək ən gözəl dua şəkillərindən biridir. Xüsusilə, “əs-səlamu aleykum” və ya “səlamun aleykum” şəklində salam vermək və buna müqabil formada cavab vermək əsasdır. Digər ifadələr, əlbəttə ki, iki insanın bir araya gəlməsi və ya telefonla görüşmə əsnasında sözə giriş mahiyyətində istifadə edilə bilər. Ancaq bunu xüsusilə qeyd etmək lazımdır ki, hansı ifadə olursa olsun, heç bir zaman mahiyyəti etibarilə “salam”ın yerini tuta bilməz. Günümzdə qloballaşma adı altında bir çox müsbət inkişaf tendensiyaları müşahidə etsək də, milli-mənəvi dəyərlərimiz çərçivəsində özümüzə aid olmayan ünsiyyət və danışıq vasitələri həyatımıza daxil olmuşdur ki, mədəniyyətimizin, mənəviyyatımızın, irsimizin bir sözlə hər bir dəyərimizin qorunub saxlanılması və gələcək nəsillərə əskiksiz çatdırılması üçün çalışmalıyıq. Əcnəbi dillərdə istifadə olunan, sonradan uydurularaq dilimizə və adətimizə uyğun olmayan ünsürləri şüurlu və ya şüursuz şəkildə yerləşdirməyə çalışanlara bu fürsəti verməməliyik.

- Bu gün müsəlmanlar qarşılaşanda salam vermək xüsusunda çox diqqətli davranırlar. Ancaq bəzən ayrılarkən salam verilmir. Zəhmət olmasa, qarşılaşanda salam verildiyi kimi, ayrılarkən də salam verməyin əhəmiyyətindən qısaca bəhs edərdiniz.

- Salam dua və təvəqqe mahiyyətini daşıdığına görə həm görüşmə, həm də ayrılma əsnasında verilməsi lazımdır. Salam vermək sünnə, onu almaq isə fərzdir. Bu o mənaya gəlir ki, bir insan qarşı tərəfə salam verməklə, əslində onun üzərinə ciddi bir məsuliyyət yükləmiş olur və ona etdiyi bu duaya dua ilə cavab verilməsini istəyir. Bu həqiqəti “Nisa” surəsinin 86-cı ayəsində Uca Allah bizə belə çatdırır: “Sizə bir salam verildikdə, bu salama daha gözəli ilə cavab verin və ya ona misli ilə salamını qaytarın”  buyuraraq məsələnin əhəmiyyətini ən gözəl şəkildə xülasə etmişdir. Peyğəmbərimiz (s.ə.s) buyurur: “Bir yerə və bir məclisə girdikdə oradakılara salam verin. Ordan qalxıb getdiyiniz zaman da yenə salam verin”. Başqa bir hədisdə: “Vidalaşdığınız, bir-birinizdən ayrıldığınız zaman “səni əmanətləri hifz edən Allaha əmanət edirəm” deyin-deyə buyurulmuşdur. Bu və bənzəri hədislər hər iki halda da müsəlmanların “salam” məsuliyyətini doğru bir şəkildə yerinə yetirmələri istənmişdir. Məlumunuz, salamlaşma bizim də adət-ənənəmizdə şəkil və üsul olaraq gözəl bir yer tutur. Ayrılarkən belə insanların əl verib qarşıdakının əlini sıxması çox gözəl incəliyin və diqqətin təzahürüdür ki, buna İslam mədəniyyətində müsafihə deyilir. Bu salamlaşma tərzi əbəs yerə və təsadüfən ortaya çıxan bir hal deyildir. Belə ki, Peyğəmbərimiz (s.ə.s): “İki mömin qarşılaşıb müsafihə edincə bir-birindən ayrılmadan ağacdan yarpaqların töküldüyü kimi, günahları da tökülər”. Bəli, bu baxımdam günahımızın bağışlanması üçün salamlaşma ən gözəl bir fürsətdir. Nəinki salam verməyərək daha da günah qazanmaq...

- Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.

- Mən təşəkkür edirəm. Allah-Təala ölkəmizə, millətimizə, cümlə İslam aləminə sülh və əmin-amanlıq bəxş etsin. Salamımız əskik olmasın!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz