RƏBBİNƏ DÖN!
Dərtli Yunus nə gözəl söyləyir:
“Ana rəhmindən gəldik bazara,
Bir kəfən aldıq, döndük məzara”.
İnsan oğlunun dünya səyahəti bundan ibarətdir. Doğular, bir müddət yaşayar, sonra sevdikləri ilə sağollaşmağa belə imkan tapmadan yolçu olar bu dünyadan. Dünya hər bir insanın müvəqqəti yeri, insansa bir müddət ağac altında kölgələndikdən sonra yoluna davam edən yolçudur burada. Amma nədənsə unuduruq çox vaxt gəldiyimiz yeri və gedəcəyimiz son mənzili. Kimin qulu olduğumuzu unudaraq başqa qapılarda qulluq sevdasına düşürük. Rəbbimizi unutduğumuz üçün Onun bizə göstərdiyi sirati-müstəqimdən uzaqlaşırıq. Yolumuzu itiririk günah labirintində, dalana dirənirik. Artıq gedəcək yerimiz olmur.
Hər bir insan zaman-zaman yolunu aza bilər. Çünki nəfs və şeytan durmadan buna çalışır, insansa Qurani-Kərimdə bildirildiyi kimi duyğuları baxımından zəifdir, günaha meyillidir. Əslində günaha düşməsi deyil, günahda israr etməsidir insanı məhv edən, həlaka sürükləyən. Hər şeyi bağışlayan Rəəbbimiz daima şəfqət və mərhəmət əlini uzadar insana. Günah quyusuna düşən insana əfv kəndiri uzadar. Zaman-zaman “Rəbbinə dön!”,- deyə xatırladar yoldan çıxdığını. Allah Rəsulu belə buyurur:
“Əziz və Cəlil olan Allah gündüz günah işləyənlərin tövbəsini qəbul etmək üçün gecə əlini açar. Gecə günah işləyənlərin tövbəsini qəbul etmək üçünsə gündüz əlini açar. Bu hal günəşin batdığı yerdən doğacağı günə (qiyamətə) qədər davam edər” (Müslim).
O, bəndələrini hər zaman çağırır. Ölüm anımıza qədər fürsətlər verir. Ona görə zamanlar içində mübarək qıldığı gün və gecələr yaratmış, digər vaxtlardan üstün qılmış və “Yoxdurmu, Mənə əl açan?”,- buyurmuşdur. Üç aylar bir fürsətdir Rəqaib, Merac, Bərat gecələri bir fürsətdir. Ramazan ayı başdan-ayağa bir fürsətdir. Hansı ki, bircə Qədr gecəsi min aydan daha xeyirlidir.
Ömür təqvimində bir Ramazan sevinci daha yaşayırıq. Elə isə fürsəti dəyərləndirməli, günahlardan paklanmalı və bu ayın əbədi qurtuluşumuza vəsilə olmasına zəmin hazırlamalıyıq. Unutmayaq ki, Fəcr surəsində buyurulan “Ey xatircəm olan kəs! Rəbbinə dön! Sən Ondan razı, O da səndən!” əmri yalnız bu dünyada Rəbbinə dönənlərə olacaqdır.
ŞƏRHLƏR